|
Goranboy rayonunda baş vermiş güllələnmə hadisəsi ilə bağlı bəzi təfərrüatlar bəlli olub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu gecə rayonun Goran qəsəbəsində kənd sakini, 1986-cı il təvəllüdlü Zamanov Qərib Əfqan oğlu Goran qəsəbə sakini, 1983-cü il təvəllüdlü İmanova Gülbuta Gürzalı qızını güllələyərək öldürüb. Q.Zamanov onu atasından miras qalan 32 kalibrlı “IJ” markalı tüfənglə vurub.
Q.Zamanov qadının yaşadığı kəndə gələrək onu orada qətlə yetirib. İlkin məlumata görə, G.İmanova Q.Zamanov ilə sevgi münasibətində olub. Qətl də qısqanclıq zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Murad Əhməd
***
Goranboy rayon Prokurorluğu qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Bildirilir ki, avqustun 5-də saat 23 radələrində Goranboy rayonu, Goran qəsəbə sakini, 1983-cü il təvəllüdlü Gülbuta İmanovanın odlu silahdan atəş açılması nəticəsində öldürülməsinə dair məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Araşdırmalarla cinayətin 1986-cı il təvəllüdlü Qərib Zamanov tərəfindən zərərçəkmiş şəxslə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açılaraq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Qərib Zamanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.