|
Rusiyalı sülhməramlıların nəzarət etdiyi, daha doğrusu, edə bilmədiyi əraziyə buraxılmış 14 İran vətəndaşı ətrafında vəziyyət getdikcə aydınlaşmaqdansa, əksinə, daha da dolaşır.
İranlıları daşıyan avtomobilin şəklini yayıldı, ardınca 14 iranlıdan 3-nün fotosunu nümayiş etdirdi, hətta bu şəxslərin ad-soyadlarını da açıqladı. Amma İran tərəfi hələ də “təmkinini” pozmadan susur. Özü də İran yalnız mətbuatın sorğularına deyil, rəsmi Bakının müvafiq müraciətlərinə də reaksiya vermir. Belə ki, əldə etdiyimiz məlumata görə, Azərbaycan tərəfi diplomatik xətlə də İrandan məsələyə aydınlıq gətirilməsini istəyib, amma görünür, Tehranda hələ də nə cavab verəcəklərini bilmirlər.
Bəlkə, heç olmasa indi İranın Azərbaycandakı səfirliyi məsələyə aydınlıq gətirməyə çalışa. Amma ümid edək ki, bu cəhd hadisənin digər “qəhrəmanı” – iranlı dəstəni Xankəndinə buraxmış Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkovun cavabları kimi olmayacaq. Çünki Volkovun azərbaycanlı jurnalistlərə verdiyi açıqlamalar suallara aydınlıq gətirmək əvəzinə, məsələni bir az da dolaşdırıb.
Rusiyalı general deyir ki, “biz bu məsələ ilə bağlı təhqiqat aparırıq, araşdırırıq ki bu nə vətəndaşlar idi, hansı yolla, hansı sənədlərlə keçiblər”. Daha sonra o deyir ki, “bu şəxslər diversant-zad deyillər, inşaatçıdırlar”. Nəhayət, general əlavə edir ki, bu adamlar “iki gündən sonra buradan çıxarılıblar”.
Razılaşın ki, çox absurd situasiya yaranır və artıq dediyimiz kimi, general Volkovun cavabları yeni suallar yaradır:
1. Gələnlərin kimliyini arasdırdıqlarını deyən Volkov və onun əsgərləri bu şəxslərin kim olduğu və hansı sənədlərlə gəldiyini onları Azərbaycan ərazilərinə buraxmazdan əvvəl araşdırmalı deyilmi?
2. Əgər bu şəxslərin kimliyi haqda araşdırma gedirsə və hələ bu, aydınlaşmayıbsa, general Volkovda onlarin diversant yox, inşaatçı olması haqda bilgi haradan qaynaqlanır?
3. Söhbət adi “qastarbaytorlar”dan gedirsə, sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə hansı miqyaslı “tikinti” işləri gedir ki, İrandan dəstə-dəstə işçilər gəlir? Burada yaşayan erməni əhalisinin özü işsiz-gücsüz qaldığı halda, xaricdən “qastarbayterlər” burada nə işlə məşğul olurlar?
4. Söhbət adi inşaatçılardan gedirsə, İran artıq 5 gündür niyə susur?
5. Nəhayət, bu adamlar “adi mülki şəxslər”dirsə, onların gəlişi haqda faktlar üzə çıxandan dərhal sonra iranlılar ərazindən niyə çıxarılıb? Bizdə olan məlumata görə, noyabrın 24-də Xankəndinə buraxılan 14 nəfər İran vətəndaşı dekabrın 13-nə qədər burada qalmalı idilər. “Arsax” adlı qondarma “dövlətin” İran vətəndaşlarının pasportuna vurduğu “viza”larda (!) məhz bu tarix göstərilib (bax fotoya). “Adi inşaatçı” qrupun ifşası niyə sülhməramlıları belə təşvişə salıb ki, onlar tələsik buradan çıxarılıb?
Göründüyü kimi, nə bu suallara cavab var, nə də verilən “cavablar”da məntiq var. Və İran da, Rusiya sülhməramlıları da gec-tez məsələyə aydınlıq gətirməlidirlər. Hələliksə gəldiyimiz əsas nəticə birdir – rusiyalı sülhməramlılar ya öz missiyasını anlamır, ya da bunun öhdəsindən gələ bilmir. Bu faktın özü Azərbaycanın Rusiya sülhməramlıları ilə birgə onların müvəqqəti yerləşdikləri ərazilərdə nəzarət xidməti həyata keçirməsi məsələsini qaldırmaq üçün tam əsas verir.
“Qafqazinfo”