|
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin məhkəməsi keçirilib.
hakim Rahib Salmanovun icraatında olan prosesdə şahidlər dindirilib.
Asif Cavadov deyib ki, 2011-ci ildə Lerik rayonunda su kanallarının çəkilməsi ilə bağlı Türkiyədən gətirilən plastik borularla yüklü 40 ədəd "TIR" tipli maşınlar gömrükdən buraxılmayıb: "İxtiyar məni və Türkiyə şirkətinin rəhbərini Əziz müəllimin ofisinə apardı. O, bizim yanımızda 300 min pulu Əziz müəllimə verdi. Mən şəxsən bu söhbətin içində olmuşam. Əziz Əbdüləziz "TIR"ların ölkəyə keçirilməsinə söz verdi. Həmin pul da Türkiyə şirkətinin rəhbərinin idi. Sonra Əziz müəllim işi həll edə bilmədi, İxtiyar da şirkət rəhbərinin pulunu geri qaytardı".
Ə. Əbdüləziz deyib ki, zərərçəkmiş İxtiyar Hüseynov ona şər atır: "Mənim İxtiyarla heç bir danışığım olmayıb. Asif Cavadovu da tanımıram, ilk dəfə istintaqda görmüşəm".
İttiham aktına əsasən, Ə.Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, "ALFA LTD" şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib.
Belə ki, o, İ.Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb, qalan hissəsini isə dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, Ə.Əziz Türkiyədən gətirilmiş plastik borularla yüklü 40 ədəd "TIR" tipli avtomaşını gömrük rüsumundan müəyyən qədər azad edəcəyini və tez bir zamanda sərhəddən buraxdıracağını vəd edərək, İ.Həsənovdan 300 min manat məbləğində pul alıb. Lakin o, vədinə əməl etməyərək, zərərçəkmişi növbəti dəfə aldadıb.
O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.
Xatırladaq ki, cinayət işi üzrə Muğam Teatrının keçmiş direktoru, tanınmış rejissor Arif Qazıyev in də adı şahid qismində keçir.