|
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Novruz bayramını təbrik edən şəxsi bıçaqlamaqda təqsirləndirilən Həsənağa Abiyevə hökm oxunub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə onun ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan) maddəsinə tövsif edilib və H.Abıyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
O, istintaq dövründə azadlıqda olduğu üçün məhkəmə zalında qandallanıb.
İttihama görə, 2018-ci il martın 22-də Binəqədi rayonunda yaşayan 2000-ci il təvəllüdlü Həsənağa Abıyev tanışı, 1994-cü il təvəllüdlü Səmrah Süleymanovu bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən Səmrahın həyatını xilas etmək mümkün olub.
Hadisədən əvvəl S.Süleymanov H.Abıyevi Novruz Bayramı ilə bağlı təbrik edib. H.Abıyev isə yaxınlarından birinin vəfat etdiyini deyib və bayramı qeyd etmədiyini bildirib. S.Süleymanov isə onu bir daha təbrik edib. Buna əsəbləşən H.Abıyev tanışını bıçaqlayıb.