|
Gürcüstanın azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunda qətl hadisəsi baş verib.
Report xəbər verir ki, rayonun Kveşi kəndində 70 yaşlı azərbaycanlı kişi amansızlıqla qətlə yetirilib.
İlkin ehtimala görə, hadisə 2 gün öncə törədilib. Onun meyiti yarı çılpaq vəziyyətdə meşədə tapılıb. Qətlə yetirilən şəxsin boğazında ip olub. Ahıl kişinin evində öldürüldüyü və meyitinin iplə sürütlənərək meşəyə aparıldığı bildirilir.
Meyitin gözlərinin çıxarıldığı barədə də məlumat yayılıb. Lakin bu fakt rəsmən təsdiq olunmayıb.
Ahıl yaşlı kişi tək yaşayırmış. Onun qətlə yetirilməsinin səbəbi hələlik məlum deyil.
Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır. Qətl törədən şəxsi 7 ildən 15 ilədək həbs cəzası gözləyir.