|
Başlığa aldanıb elə bilməyin ki, bu yazım polislər üçün tövsiyə, yaxud da normativlər kitabı haqqındadır. Əslində kitabın adı “Xatirən var” adlanır. Gənc dostumun oxuculara növbəti ərmağanıdır. Bəs onda yazımın adını niyə belə qoydum? Kitabın polis polkovnik-leytenantı, DİN Mətbuat xidmətinin əməkdaşı Hafiz Təmirova aid olduğu üçünmü? Yox. Bəs onda niyə? Ona görə ki, kitab bütövlükdə polis həyatının gizlinlərinə həsr olunub. Yox, elə bilməyin ki, Hafiz nəşrdə toplanan publisistikasında polis həyatını tam əks etdirib. Bu, mümkün də deyil. Buna heç yaradıcı insan ömrü də yetməz. Amma onu dəqiq deyə bilərəm ki, Hafiz Hacxalıl bu kitabda sarı simə toxuna bilib.
Rusiyada bu kitab çıxsaydı və kino prodüsserləri təkcə – “Həmin hadisələrin birbaşa iştirakçısı olan milis zabiti Əhməd Şirinov orada məxfi əməkdaş kimi cinayətin açılmasına kömək edir, cinayətkarlarla sıx təmasda olub özünü onların ən inanılmış adamı kimi təsdiqləyir. Hətta dəstə üzvləri onu sınamaq üçün kənd Yasamalda üç gün ac-susuz saxlayırlar. Cinayətkar dəstənin 81 nəfərindən 26-sı Qazaxıstana göndərilsə də qalanlarının məhkəməsi Bakıda olur. Dəstə üzvlərindən Məhərrəm Qafarov məhkəmədə üzünü ona tutub: “Bilsəydim ki, milissən, gecə yatağında tikə-tikə doğrayardım”,-deyir...” abzasını oxusaydılar o dəqiqə Hafizə dedektiv serial ssenarisi sifariş verərdilər. Qonararını da əvvəlcədən ödəyərdilər ki, bəs “canım-gözüm, 78 yaşlı şahid – istefada olan polis polkovniki nə qədər sağdırsa, yanından çəkilmə. Bütün təfərrüatları qələmə al. Necə olsa yazıçı Cəmşid Əmirovun məşhur “Qara volqa” detektivinin kadr arxasında qalan qəhrəmanlarındandır – məxfilik qrifi artıq götürülüb. Bu milis zabiti cinayətkarların inamını qazanıb, gecə-gündüz onlarla birlikdə olub. Onda açılmayan sirlər var”.
“O susur, xatirələr danışırdı...” yazısını oxuyanda ağlıma gələn birinci fikir elə bu oldu. Məqalənin sonunda “P.S. Polis veteranı Əhməd Şirinov ötən il haqqa qovuşdu. Və nə yaxşı ki, yurd həsrətli veteranımızla görüşüb, həmsöhbət olduq” sözardını oxuyanda...
Hafiz Təmirovu polis mayoru – zabit-jurnalist kimi tanımışam. Ara-sıra Modern.az saytında yazılarını oxuyurdum. Zarafatla ona öz iradlarımı bildirən vaxtlarım da olub. Özümü daha çox publisist saydığım üçün çox həssasam publisistik, köşə yazılarına. Kitab oxumağa isə çox da həvəsim yoxdur. Daha doğrusu, nuru azaldığından gözlərim ancaq mənim yazıçılıq, publisistik, tərcüməçilik və jurnalistik yükümü çəkə bilirlər. Amma “Xatirən var” kitabı istisna oldu. Daha çox adındakı “xatirə” sözü diqqətimi çəkdi. Axı özümün də özüməməxsus “sandıq ədəbiyyatı”m var.
Amma Hafiz Təmirovun kitabını açanda və ilk olaraq Hafiz Hacxalılın yazdığı şeirləri görəndə həvəsim öldü. Düzdür, şair oğluyam, amma şeir oxumağa həvəsim yoxdur. Nəsə yeni bir şey gözləmirəm gənc şairlərdən. Atam sağ olsaydı kitabın şeir hissəsini ona təqdim edərdim. Axı mənim bu sahədə etalonum o idi. O desəydi ki, yaxşıdır, deməli Hafizə şair deyə bilərdim. Desəydi ki, pisdir... Onda mənə ehtiyac qalmayacaqdı. Eləcə, Mikayıl Müşfiqdən iki misra dilə gələcəkdi.
Şairəm söyləyir yerindən duran,
Adamın üzündə həya gərəkdir.
Amma ki, maraq çəkdi. Şeirləri geridə qoyub, publisistika hissəsinə adlamadım. Axı necə olsa şair çörəyiylə böyümüşəm. Bir şeirini oxudum. Elə Mikayıl Müşfiqin iki misrasının ruhunda idi:
Bir “dostum” var, deyir ki,
Nə yazsa zəif çıxır.
Sanki hər söz içindən,
Qəddini əyib çıxır.
Od qalanmır döşündə,
Pərgardı öz işində.
Bir yığnağa düşəndə,
Gözünü döyüb çıxır.
Yaxşı yazmaqdı dərdi,
Lap “Moşu”dan betərdi.
Yazıq neçə illərdi,
Qələmdən heyif çıxır.
İki misradan ibarət olan, atam Xalq şairi Qabilin yaradıcılığında adı “Qoşayarpaqlar” olan ikimisralıqlarını da oxudum...
Saçların dar ağacıdı,
Gör, nə qədər göz asılıb...
***
Eh, mənim ürəyim xalı kimidi,
Nə rəngdə dərd desən, taparsan orda...
... və qərara gəldim ki, təəssürat yazımı elə şeirlərdən sitat gətirməklə başlayım. Çünki şair Hafiz Hacxalılı ilk dəfəydi ki, şair kimi tanıyırdım. Tanışlıq isə uğurlu alınmışdı. Xüsusilə də sonuncu qoşayarpaq. “Qız ağacı, qoz ağacı. Hər gələn bir daş atar” atalar misalına “Saçların dar ağacıdı, Gör, nə qədər göz asılıb...” kimi orijinal bədii yanaşma kəşf etmişdim – Hafiz Hacxalıl yanaşması.
Müəllif ustad publisistlərin üslubuna hörmətlə yanaşır. Xüsusilə də portret yazılarında. Qəhrəmanına yanaşmada bu üsluba öz yeni rənglərini də qatıb zənginləşdirir.
SİTAT:
“- Alo, salam.
- Salam. Buyurun, eşidirəm, kimdi danışan?
- Hafiz.
- Kim???
Xəttin o başında səs qırıldı. Qəfil başlayan doludan qorxub hara pənah aparacağını bilməyən və ucsuz-bucaqsız səhrada yalqız qalan, əli yerdən-göydən üzülən, saman çöpünə də ümid kimi baxan bir Allah bəndəsinin keçirdiyi şaşqınlığı, təəssüflər olsun ki, qələmə almaq gücündə deyiləm.
Bilirdim ki, adımın çəkilməyi, üzünü görmədiyim insanın hələ qaysaq tutmayan yarasına duz basıb onu ürəyi ilə əlbəyaxa edəcək. Ancaq adımı deməyə məcbur idim. Çünki adaşımın ömür-gün yoldaşından şəhid Azərbaycan Polisinin – Hafiz Abdullayevin ömür yolu haqqında bəzi mətləbləri öyrənmək istəyirdim. (SON)
Hafizin əsas qəhrəmanları veteran, şəhid zabitlərdir. Öz içlərində qovrularaq gördükləri işləri “Tam məxfi” qrifi ucbatından heç evdə də açıqlaya bilməyən, döşü qəhrəman nişansız polis qəhrəmanlarıdır. Heç kim onların cəsarətindən, igidliyindən, şücaətindən xəbər tutmayıb. Çünki danışa bilməyiblər. Zaman keçdikcə isə unudulublar. Hafiz Təmirov kimi jurnalistlərə ehtiyac duyublar. 78 yaşlı polis polkovnik-leytenantı Əhməd Şirinov haqqında yazdığı portret-yazıda Hafiz bunu gözəl təsvir edir: “Xatirələrlə gah əlbəyaxa, gah da qol-boyun olan Əhməd Şirinov”. Bu unudulmaq təkcə göstərdikləri fədakarlıqların sirri ilə bağlı olmur. Çoxlarına yaxşılıq ediblər, amma indi unudulublar. Rüşvətə yox deyib, haqqın tərəfində olublar. Əgər bu pullara yox deməsəydilər qapıları pətəyə dönərdi. Axı arı bala gəlir. Heç olmasa yada salanları olacaqdı. Amma indi unudulublar.
HAŞİYƏ: Bir haşiyə çıxım. Sovet dövründə Bakı şəhər Baş Polis İdarəsinin rəisi vardı – polkovnik Azad Quliyev. Şair ruhlu adam idi. “Azad Talışoğlu” təxəllüsü ilə şeirlər də yazırdı. Şairlərə, yazıçılara böyük hörməti vardı. Azad müəllim istefaya çıxdıqdan sonra doğulduğu Masallı rayonunda yaşayırdı. Günlərin bir günü atam dedi ki, “dayın Rafiqlə gedirik Masallıya. Azad Talışoğlunun 80 yaşıdır. Köhnə dostumuzu təbrik etmək lazımdır". 100 dollar da zərfə qoydu ki, xətri nə istəsə özü alar.
Səhəri gün qayıtdılar. Atamın təəssüratı isə bir vaxtlar yüksək qulluq sahibi olan insanlara qiymət vermək baxımdan mənimçün bir etalona çevrildi: “Azad müəllim çox kövrəldi. Pulu almadı. Dedi ki, “sənin gəlişin mənimçün milyondur. Vəzifədə olduğum 30-40 il ərzində çox insana yaxşılıq etmişəm, türmədən qurtarmışam, düz yola qaytarmışam, çörək vermişəm, vəzifəyə qoymuşam... Onlardan heç biri bu gün məni yada salıb, təbrikimə gəlməyib. Bircə, Qabil, sən gəlmisən. Heç bir yaxşılığım keçməyən, təmənnasız, səmimi dost, şair Qabil”. (SON)
Dediyim kimi yüksək vəzifəli insanların heç nəyə ehtiyacları yoxdur. İynə ucu boyda səmimiyyətə möhtacdırlar. Xüsusilə də vəzifədən çıxandan sonra. Daha dəqiq desək – təmənnasız ünsiyyətə və qiymətə. Hafizin də qəhrəmanları məhz belə insanlardır. Bəs ailələri belə insanlar haqqında nə düşünür? “O susur, xatirələr danışırdı...”yazısından sitat: “Beş övlad atasıdır Əhməd Şirinov. Babadır. “Yolunuzu davam etdirən varmı” sualıma cavab verməkdə çətinlik çəksə də köməyinə ömür-gün yoldaşı çatır: “Bu kişi köhnə adamlardandır. Oğlumuza dedi ki, bala, bilirəm ki, səndən polis olmayacaq. Sən çətinliyə, sıxıntıya elə də dözümlü deyilsən. Vallah, başqası olsaydı, indi tanıdığı dosta, tanışa deyib övladını işə qoyardı. Bu belədir də, nə etmək olar. Amma yaxşı ki, belədir...”
Hafiz Hacxalılın “Xatirən var” kitabına “Vətənə məhəbbət, yaddaşa sədaqət” adlı Ön sözü filologiya üzrə fəlsəfə doktoru Aynurə Paşayeva yazıb. Hafizin vətənpərvərliyini önə çəkib. Bu ali xüsusiyyətin onun yaradıcılığının qayəsi olduğunu misallarla təsdiq edib. Bu haqda mən də yazmaq istədim. Amma 50 yaşına saxladım. Qoy bir az da müşahidə edim. Həm özünü, həm də yaradıcılığını. Beynimdə süzülsün-süzülsün və ortaya portret bir yazı çıxsın. Çeçəməyindən, ikimərtəbli bir otaqlı evindən, bu evdə üç övlad, üç düşmən çəpəri böyütməyindən, 7-8 yaşından Vətən həsrəti çəkməyindən, Azərtacın binasının qabağında oturan məktəb yaşlıların üstünə mülki paltarda şığımağından... on bir il sonra yazsam lap yerinə düşər. Axı onu yeni-yeni tanıyıram. Və uğurlarına sevinirəm. Yazdığı xatirələrin, qısa publisistik yazıların isə Azərbaycan polisi haqqında dedektiv seriallara çevrilməsini arzulayıram.
Aprel, 2020