Poeziyaya ekzistensial fəlsəfi baxış

 

Postmodernist şair Elçin Mirzəbəylinin “nanopoeziya”sı haqqında esse

Proloq:

Yaradan insandan başqa bütün varlıqları təbiəti və təyinatı ilə birgə yaratdı. İnsana isə öz əlaməti olan yaradıcılıq istedadı verdi ki, şüurlu, azad insan təbiətini və təyinatını özü yaratsın.

Özünü yaradan adam

Düşüncə tərzimə uyğun olmasa da, yazıya ənənəvi üslubda başlayacağam. Çünki Elçin haqqında yazmaq mənim üçün həm asandır, həm də çətin. Ümumiyyətlə, hər hansı şəxs – alim, mütəfəkkir, şair haqqında yazmaq istəyəndə yaşadığı dövrü, ictimai-siyasi şəraiti öyrənmədən və problemləri bilmədən obyektiv fikir yürütmək mümkün deyil. Elçinin körpəlikdən bu günədək həm fiziki, həm də sosial-ruhi təkamülü gözümün qabağında baş verdiyi üçün mənə çox yaxındır. Möhtəşəmliyi isə çox yaxından tam, hərtərəfli və aydın görmək çətindir. Gərək uzaqlaşıb gendən baxasan. Bu səbəbdən Elçin haqqında fikir söyləməyə bir qədər çətinlik çəkirəm. Ona görə də məntiqin induksiya metodu ilə həyatı və yaradıcılığını dövrlərə bölüb, abstraksiya etməklə ümumi nəticəyə gəlmək fikrindəyəm.

Vaqif – ailə ədəbi məktəbi

Onun həyat və yaradıcılıq yolu ilk növbədə dayısı, görkəmli şair, publisist, redaktor Vaqif Hüseynovun ədəbi məktəbindən keçir: “Kiçik yaşlarımdan şeir yazırdım və bunu kimsədən gizlətmirdim. Amma dayım icazə vermirdi çap etdirməyə. “Hələ tezdir, zamanı gələndə mən çap etdirəcəyəm” deyirdi. Mən sözə məsuliyyətlə yanaşmağı, sözün dəyərini bilməyi ondan öyrənmişəm. Dəqiq xatırlamıram, 7-ci, ya da 8-ci sinifdə oxuyurdum. Dayımın “Dəniz çağırır” adlı şeirlər kitabı çıxmışdı. Birdən-birə dayımın həmin kitabda yer alan zarafatyana bir şeirinə cavab yazmaq qərarına gəldim. Həmin şeirin 2-cə misrasını xatırlayıram indi. Dayım yazırdı:

“Necə qocalmışam…Gözəllər indi.
Bənzədir əmiyə, dayıya məni”.

Mənim cavabım isə belə idi:

Gizli-gizli qapı döyən payızın
Xəbərdarlıq yağışından incimə.
Ötən günün alnında yurd saldığı
Neçə-neçə qırışından incimə.

Baharında bitirmişdin min çiçək,
Payızında tapammırsan bir ləçək…
Gözəllərin indi sənə qoca tək
İstehzalı baxışından incimə…

Dərc olunmuş ilk şeirlər

Dayımın bir neçə günlüyə Bakıya getdiyini bildiyim üçün ona yazdığım şeiri və daha bir neçə şeirimi götürüb getdim o zaman Lənkəranda çıxan “Leninçi” qəzetinin redaksiyasına. Ruhu şad olsun, qəzetin redaktoru şair Şəkər Aslan da deyəsən, vəziyyəti başa düşmüşdü. Dostuna sürpriz eləmək üçün şeirlərimi dərhal çapa verdi… Əlində “Leninçi” qəzetinin şeirlərim dərc olunmuş nüsxəsini tutmuş dayımın həyət qapısından içəri girdiyini görüb qaçıb çarpayının altında gizləndim. Çarpayının yanında dayanıb gülə-gülə “sənə demişdim axı, tələsmə” dedi. Yumşaldığını hiss elədim. Bir neçə dəqiqədən sonra anam atamın və dayımın məni çağırdığını dedi. Sakitcə, çox böyük suç üstə yaxalanmış biri kimi başımı aşağı salıb onların oturduğu qonaq otağına gəldim. Dayım mənə “qorxma, o biri şeirlərini də özün oxu” dedi. Fasiləsiz bir neçə şeir oxudum…

…Gözündə dəfn edib ilk sevgisini
Neçə məhəbbəti geyib don kimi.
Metal parçasına bənzər qəlbini
Asıb sinəsindən medalyon kimi..

İndi yalnız 4 misrasını xatırladığım bu şeirimi oxuyanda təəccüblə “dayan” dedi:

- Sən bunu harda müşahidə eləmisən?

Ona həyətimizə gələn, baxışlarıyla məni ovsunlamağa çalışan 18-20 yaşlı qaraçı qız və onun xanımın yarıçılpaq (təbii ki, yarıçılpaq sözünü demədim) sinəsindən asılmış ürəyəbənzər qızıl medalyon haqqında danışdım. Anamın onu qapıdan necə və hansı sözlərlə qovduğunu da dedim…”

Böyük ədəbiyyata gedən cığır

Elçini böyük ədəbiyyata gətirən cığır 1980-83-cü illərdə Lənkəranda keçirilən, sonradan bütün respublikaya yayılan, Sovet İttifaqında geniş əks-səda doğuran, dəstək qazanan “Kitab bayramı”ndan keçir. Bu adicə kitab yox, maarifçilik bayramı idi... Məscidlər bərpa olunub kitabxanaya çevrilir, kəndlərdə məktəb ləvazimatı və kitab mağazaları tikilir, dövlət, məktəb, həmkarlar ittifaqı kitabxanaları yarışır, şəxsi kitabxanaların müsabiqəsi, sərgisi keçirilir və mükafarlandırılırdı.

Elçin Mirzəbəyli o yerləri, o illəri belə xatırlayır:

“Azərbaycanımızın ən gözəl, səfalı guşələrindən biri olan Lənkəranda doğulmuşam. Şəhərin mərkəzi hissəsində yerləşən, yerli camaatın “Qala” adlandırdığı ərazi ilə “Böyük bazar”ın kəsişdiyi “sərhəddə” yerləşirdi evimiz. O zamanlar küçəmiz Nəriman Nərimanovun adını daşıyırdı. Sonradan dəyişdirib Mirzə Məhəmmədhüseyn Axund qoydular... Əslində bu ad dəyişikliyi mənim doğulduğum Lənkəranla bu günkü Lənkəranın müqayisəsi baxımından unikal nümunədir.

***

...Nə zamansa Lənkəran Azərbaycanın elm, mədəniyyət ocaqlarından biri sayılırdı. Həmin dövrdə burada müxtəlif vəzifələrdə çalışan, məhdudiyyətlərə, qadağalara baxmayaraq, xalqının gələcəyini düşünən maarifçi insanların səyi nəticəsində SSRİ miqyasında hadisəyə çevrilən kitablar paytaxt Bakı ilə eyni zamanda Lənkərana da göndərilirdi. Hər yeni kitab gələndə kitab mağazalarının qarşısında növbə olurdu desəm, bəlkə də çoxları inanmayacaq... Amma həqiqət belədi. Çünki o zaman fərqlənməyin yeganə yolu mütaliəli, elmli, savadlı olmaqdan keçirdi. Biz kitabxanalardan götürdüyümüz, yaxud böyüklərimizin verdiyi kitabları daha tez oxumağa və yenisini əldə etməyə çalışırdıq. Hər şeyə vaxt tapırdıq – oxumağa, idmanla məşğul olmağa, ev işlərində böyüklərə yardım etməyə, əylənməyə, qohumlarla görüşməyə, dostlarla ünsiyyətdə olmağa... Hər şeyə...

O zaman mənim doğulduğum Lənkəranda – Sovet İttifaqının kiçik bir əyalət şəhərində tamam başqa mühit vardı. Sözüm çox mübaliğəli görünsə də, Lənkəran özünün intibahını yaşayırdı...

***

Lənkəranda hər il “Kitab bayramı” keçirilirdi. Şəhər başdan-başa kitab sərgisini xatırladırdı və kitab ən gözəl hədiyyə sayılırdı. Mən heç yerdə o zaman Lənkəranda olan maarifçilik mühitinə rast gəlməmişəm.

Orta məktəb illərində Azərbaycan və dünya ədəbiyyatının ən gözəl nümunələrini oxumaq imkanı əldə etdiyim üçün özümü xoşbəxt sayıram. Məhz bu səbəbdən, ali məktəbin birinci kursunda oxuyanda xarici ədəbiyyat müəllimim onun səhvlərini düzəltdiyim üçün məni tez-tez auditoriyadan kənarlaşdırardı. Amma imtahanda heç bir sorğu-sual etmədən “əla” qiymət yazardı...

Təsəvvür edin, hələ 10-cu sinifdə oxuyanda böyüklərimizin dəstəyi ilə Fridrix Nitşenin “Antixrist. Xristanlığı lənətləmə”, “Zərdüşt belə demişdi”, Ziqmund Freydin “Bir illüziyanın gələcəyi”, Erix Fromun “Psixoanaliz və din”, Alber Kamyunun “Sizif haqqında əfsanə. Absurd haqqında esse”, Jan Pol Sartrın “Ekzisensializm – bu humanizmdir” əsərləri ilə (rus dilində) tanış idim. Həmin əsərlərin Bakıda populyarlıq qazandığı vaxt isə 1990-cı ilə təsadüf edirdi. Bakıya bu əsərlərin yer aldığı “Tanrıların qürubu” kitabı 1990-cı ilin sonlarında, təkrar nəşrdən sonra göndərilmişdi...

O zaman Lənkəranda ən azı mənim qədər mütaliəli olan onlarla uşaq, gənc vardı.

İndi isə...

...Gör fələk nə sayır?!

Elçinin poeziyasında nə görürəm: həqiqət subyektivdir, məxsusidir, onu obyektivləşdirib, universallaşdırıb hamının malı etmək olmaz. “İki dəfə iki dörd edir” – bu formula həqiqətdir, obyektivdir. O hamıya lazım, heç kimə gərək deyil. Çünki orada şəxsi motiv, subyektiv təəssürat, hiss və həyəcan yoxdur. Ağıla təsir göstərir. Obyektiv həqiqət dərk olunmaq üçün kəşf edildiyi halda Elçinin ekzistensial həqiqəti onu yaşamağı tələb edir. Bu həqiqətən hər bir subyektin şəxsi yaşamında özünü tapır, reallaşdırır. Birincisi müdrikliyi axtarırsa, ikincisi həyatın mənasını tapmağa can atır. Elçinin poeziyası fəlsəfi, fəlsəfəsi poetikdir.

İçimə yıxıldım hər vurduğunda...

Dedilər...

Fələyin silləsi çatmır.

Ya Rəbb, sən saydığın pilləkənlərin

Nədənsə

Sonuncu pilləsi çatmır.

 

Verdiyin dünyadı...

Evdi, eşikdi...

Bu nə dar qəbirdi, nə dar beşikdi?

Ürəyim onsuz da dəlik-deşikdi

Qorxma, at, alnımın gülləsi çatmır...

 

Və yaxud

 

Nə su saxlar, nə mey tutar...

Yoxuşdu, cam yeri deyil.

Dörd yanından külək tutar -

Bu məbəd şam yeri deyil.

 

Ya ev qurdun, ya alaçıq,

Ya qala tik, ya qalacıq...

Bu dünya bir üstüaçıq

Məzardı, dam yeri deyil.

 

Milyon kərə baxıb gedək,

Söküb gedək, yıxıb gedək…

Ver əlini…

çıxıb gedək

Bura adam yeri deyil...

Düşünmək yaratmaqdır

Elçin Mirzəbəyli poeziyada həqiqəti sistemləşdirib elmə çevirmir, insanların hiss və duyğularına poetik təsir göstərir. Oxucunu “izmə” yönəltmir, sərbəst düşünməyə, özünü yaratmağa qida verir. Onun poeziyasında total pafos, potetika yoxdur. Elçinin poeziyası işarə edir, ənənəvi yolla ötürülməsi mümkün olmayanı poeziyanın sehrli dili ilə ötürür, subyektiv təfəkkürün alt qatlarına zühur edir. İnsan şüurunun alt qatına, zirzəmisinə təsir göstərir, onun qapılarını döyür, diksindirməyə, oyatmağa çağırır.

Elçinin şeirlərində amiranəlik, insanı hər hansı yeni ideya, forma və məzmuna, imperativ, ortodoksal dünyagörüşünə yönəldən bitkin, konseptual bütövlük, sistemlilik, tamlıq yoxdur. Simvollar, məcazlar, işarələr, fraqmentlər, aforizmlər, paradokslar vasitəsilə oxucunun nəinki şüurunda, şüuraltında qığılcımlar, partlayışlar yaradır, onu diksindirib oyadır və düşünməyə vadar edir. Düşünmək çox yaxşı əlamətdir. Rene Dekartın təbirincə desək, düşünmək, mövcud olmaq, yaşamaq – yaratmaqdır:

İlahi, dualarım qara sevda kimidi
Göy üzündən asılsa
Ciyəsi də tapılmaz.
Sənin hər sualına minlərlə cavab çıxar,
Mənim min cavabımın yiyəsi də tapılmaz.

Nə vermisən - yoxuşdu,
Nə almısan - enişdi...
Endiyim pillələrdən geriyə sayım da yox..
Sənin boşluq içində bir kainat payın var,
Mənim boşluq içində bir Tanrı payım yox.

Yerin cazibəsi kor, göyün cazibəsi lal,
Ömür sükut meydanı -
Sükutu duman kimi.
Bir ömür ömrümüzdən,
bircə yol qəbrimizdən
Süzülür vaxtın qanı -
Qapqara, qətran kimi...

Qaç vaxtın dərgahından, qurtul əsarətindən
Kibrit əqrəbləriylə yandırıb saatları!
Xilas ol tanrıların muzdlu ədalətindən -
Atıb ayaq altına...
Sındırıb saatları...

Bir nəfəs ver, İlahi, bir nəfəs al mənim tək...
Bircə udum hava da bu canda əzab çəkir.
İlahi, göy üzündə mələk də qəribsəyir,
İlahi, Yer üzündə şeytan da əzab çəkir...

Və yaxud

Gecənin birində köçüb gedəsən...
Yox olub gedəsən, uçub gedəsən...
İtəsən gecənin qaranlığında,
İtəsən şəhərin burulğanında
Dünyanın dərdini içib gedəsən,
Nə varsa,
nə varsa geridə qalan
Bir göz qırpımında biçib gedəsən.

Bir qaya üstündən, bir dağ başından
Tutub göz yaşını çırpasan yerə.
Sıxasan ömrünü bir qurşun kimi...
Yorğun yaddaşını çırpasan yerə.

Sonra yandırasan bütün ömrünü,
Yana...
Közü keçə, külü keçməyə.
Bircə sətrin də, bircə sözün də,
Bircə xatirən də ələ keçməyə...

...Pəncərə-pəncərə tükənə ömrün,
Sonra qapı-qapı çıxıb gedəsən.
Durub uçurasan bütün yolları,
Bütün körpüləri yıxıb gedəsən...

Səs, rəng, duyğu

Motsart üçün səs, Van Qoq üçün rəng nədirsə, Elçin üçün hiss, emosiya, onun fəlsəfəsi və duyğu odur. Onun duyğu qalereyası zəngindir, əlvandır, orijinaldır, yenidir. İnsanda gözlənilməz ovqat, həyata təkrarolunmaz, inanılmaz, yeni, inanılmaz baxış yaradır. O sehrli hiss və həyəcanları yaşamaq üçün onun poeziyasına müraciət edək:

Yenə əriyir gecə pəncərəmin önündə,
Damla-damla süzülür saatlar şüşələrdən.
Vaxtın zərrəcikləri...
Bir də solğun fənərlər...
Yalnızlıq addımlayır boş qalmış küçələrdən...

Küçənin ayrıcından...
Gecənin ayrıcından
Qaranquşlar köksünə sıxıb gedir səsini.
...Səssiz gəlib elə bil bu yaz, duya bilmirəm
Çiçəklərin ətrini - baharın nəfəsini.

Xatirə kitabımdan tökülür son ləçəklər,
Nə vaxt ağrısı qalır, nə də zaman qorxusu.
İndi yaman qırmızı gülümsəyir çiçəklər...
İlahi, yaman olur güllərin qan qoxusu...

Və yaxud

 

Bir gün

Gözlərini açıb görəsən

Göy üzü yaxından yaxındı sənə.

Bir ilıq meh əsib

Son nəfəs kimi

Son dəfə...

Son dəfə toxundu sənə.

 

Bir gün

əllərini açıb görəsən...

dualar ovcunda işığa dönüb.

Bütün arzuların körpədi hələ,

Bütün ümidlərin uşağa dönüb.

 

…Bir gün yaşayasan…

Elə bir gün ki,

Üstünə yüz ilin savabı gələ.

Sonra da…

ölümə məktub yazasan

“Səni gözləyirəm” cavabı gələ.

***

Başımın üstündə göydü deyirlər...

Ayağım altında yorğun şəhərim.

İndi güllələnmiş məbəd kimiyəm -

İçimə yıxılıb minarələrim...

 

Yuyur, yağış yuyur kirpiyimizi -

Yenə qismətimiz göz yaşı olur

Dərdini Tanrıya söyləyənlərin...

Xatirə dəftəri başdaşı olur.

 

Donur qulağımda azan sədası,

Gözüm...

Pıçıltıyla açır səhəri.

Mən səni göylərə verib gedirəm -

Göyü göydələnlər olan şəhərim.

***

Qəfildən qar ələnir bahar çiçəklərinə...

Ovulur ləçəkləri paramparça, buz kimi...

Ağaclar əsir düşür Bakı küləklərinə,

Günəşi gözləyirlər...

Ömürlük məhbus kimi...

“Hə” və “Yox”

Orta səviyyəli insanların fikrinə görə “hə” “yox”dan pozitivdir. Ona görə də Elçin çox vaxt pessimist şair adlandırılır...

“Hə” təsdiqdir, razılıqdır. O mövcud olanı, ənənəni ehkama çevirir. Bu fikrin təsdiqi üçün Elçinin poeziyasında nümunə tapmağa çətinlik çəkirəm. O daim narahatdır, “yox”, “yox”, “yox” deyir. Ənənəni əbədiləşdirməyi yeniliyə xəyanət hesab edir. Ona əbədi uçuşlar üçün müvəqqəti platforma, zirvəyə qalxmaq üçün pillələr kimi baxır:

...Bu mənəm ey, mənəm, Vətən,

Haqqına tamarzı adam.

Ürəyini parçalayan

Güllədən də razı adam.

***

Öldü…

Qərib arzuların

köçündə öldü bu adam.

Bir ümiddən o birinə

Keçəndə öldü bu adam…

 

Qıymadılar yurd yerini,

Yurd yerində Qurd yerini…

Dərd əkdi hey…

Dərd yerini

Biçəndə öldü bu adam.

***

Bir hasar hörəsən xatirələrdən

Ömrünü qoyasan daş əvəzinə.

Əlindən daş düşə ömür yoluna,

Gözündən dağ düşə yaş əvəzinə.

Sonra...

Ümidləri səpəsən yola

Üstünün tozunu silib yeyəsən.

Allahın altında bir dərdin ola -

Onu da yarıya bölüb yeyəsən.

***

Qurtulub bu qul köçündən

Nəyin var alıb gedəsən.

Milyonlarla yol içindən

Yolunu bulub gedəsən.

 

İlhamın yorulan yerdən,

Bulanıb durulan yerdən,

Son dəfə qırılan yerdən

Qələmi yonub gedəsən.

 

Yol bitsə də dönməyəsən,

Dünya qopsun...

Dinməyəsən...

Təkcə...

Dizə enməyəsən...

Çatlayıb, sınıb gedəsən.

 

Tapdalayıb tabuları,

Bu qondarma yapıları...

Çırpıb bütün qapıları

Cəhənnəm olub gedəsən!

***

“Yaradıcılıq” sözündə bütün dillərdə “yaratmaq” anlayışı olduğu halda nə üçün dayanıb, durasan. Yaradıcılıq hərəkətdir, ciddi cəhddir, dinamikadır, proqresdir, gələcək, yüksəliş uğrunda kompromissiz mübarizədir. Ənənəvilik keçmişdə dayanıb onu bütləşdirməkdir, statikadır. Ənənəviliyin antoniumu novatorluq, inkişaf, yenilik, gələcəkdir. Yaradıcılıqda durğunluq, ehkam, keçmişə sitayişdir; hərbdə yerində saymaqdır. Heç bir ordu yerində saymaqla irəli gedib zəfərə yetişə bilməz. “Hər şey axır, hər şey dəyişir”.

Burda...

Hər yağan qarla

Üşüyür

Yetim sevdaların

Yalın ayaqları...

Burda hər açılan səhər

Yenidən doğur sonsuz qaranlıqları...

Əbədi ayrılıqları...

Burda...

Analar döşləriylə

Ölümü əmizdirir...

Layla oxuyurlar

Övladlarının son nəfəsinə...

Burda...

nəhəng başdaşları ucalır

Qətlə yetirilmiş arzuların

Xatirəsinə...

Burda...

anaların çiyində gedir

Oğul tabutları...

Burda ünvanına yetişmir

Kirlənməmiş

Sevgi məktubları...

***

“Yox” inkarçı, bəzi oxucuların dünyagörüşündə pessimistlikdir. “Yox” inkar edir, ənənəvilik “hə” deyir. Mövcud olan ehkamları illərlə, əsrlərlə dönə-dönə təsdiq edir. Elçinin nihilizmi, inkarçılığı ştamp, matrisa, stereotip, təsdiq edilmiş ənənə ilə yenilik zamanı aralıq, müvəqqəti durğunluq görüşür. Köhnəliyi, ənənəni öldürməklə iş bitmir, onu dəfn etmək, yeniliyi ərsəyə çatdırmaq lazımdır. Bu boşluğun yaratdığı nihilizmi yaşamaq və ondan çıxmaq hər adamın, cəmiyyətin işi deyil.

Premoderndən modernə, ondan da postmodernə keçid epoxasının durğunluğu buna misaldır. Köhnə ölür, təzə isə təsdiqini tapmayıb.

Pessimizmə bədbinlik deyirlər. Elçinin pessimizmində “bəd” heç nə yoxdur. Cəmiyyətin inkişafının, tərəqqinin hərəkətverici qüvvəsi olan inkarın inkarından başqa...

Sən…

heç üşüdünmü

İsti yay günündə?

Alovu saçlarını qarsan soba dibində

Barmaqların soyuqdan

titrədimi?

Sahibsiz köpəklərlə bölüşdünmü

Əllərinin hərarətini?

Rühün süzüldümü

Nəhəng ticarət mərkəzlərinin

Basırıq dəhlizlərindən?

Reklam lövhələrində

Alın yazını oxudunmu heç,

Qızcığaz?…

Sən hardan bilirsən tənhalıq nədir?…

***

...Nə səsim duyulur...

Nə dualarım

Yetişmir kimsənin qulaqlarına...

İlahi, de, hardan atılım indi

Gəlib düşə bilim ayaqlarına?

***

...Göydələnlər arxasında

Boynubükük minarələrindən,

Axşamlar bayquşlar qonan

Gecəqonlularından,

Ünvanını itirən bəndələrindən,

Ümidini itirən dualarından

Xəbərin varmı sənin!

İtirirsən bu dünyanı

Saatbasaat, anbaan.

Yatanlar

ayılmaq istəmir yuxudan,

dünyaya sənsizlik dini gəlir,

Tanrım!

Ruhların intihar günü gəlir,

Tanrım,

Xəbərin varmı sənin?!

Bu dünyanın sabahları tükənir,

Tükənir, Tanrım,

bu dünyanın duaları...

xəbərin varmı sənin?!

***

Bir divar qurursan xatirələrdən...

Dağılır, uçulur, çökür içində.

Hərə öz yükünü yığıb aparır,

Hərə öz evini tikir içində.

 

Bəzən yaxınlar da uzağa dönür,

Ruhun öz cismində qonağa dönür...

Bütün ümidlərin yumağa dönür -

Dərd tutub ipini çəkir içindən...

 

Gözünə çəkirsən gördüklərini -

Qəlbinə, ruhuna hördüklərini...

Fələk kərpic-kərpic verdiklərini

Ev-ev, koma-koma sökür içindən...

 

Kimi sön gününə göz yaşı yığır,

Ümidlə, sevgiylə yanaşı yığır...

Günlər ətəyinə başdaşı yığıb

Bir ömrün daşını tökür içindən...

 

Ömür bir atımlıq -

Qurşun kimidi.

Tez ötür,

Tez bitir -

Ovsun kimidi...

Hər kəs öz içində qoşun kimidi,

Hər kəs bir azacıq təkdi içində...

Həyatın mənası

Yeni dövr fəlsəfəsində klassik, ənənəvi fəlsəfədən fərqli olaraq ümumi qanunauyğunluqlar yox, insan həyatının mənası dominantlıq edir. XIX əsrdə ilk dəfə olaraq, Maks Ştirner dedi: məndən yüksəkdə heç nə yoxdur, Şopenhauer isə “həyat iradə və ağıldır” söylədi. Qərbi Avropa minillərlə sığınıb yaşadığı fövqəlmistik, müqəddəs inancların, ehkamların hamiliyindən məhrum oldu. Osvald Şpenqlerin təbirincə desək, süqut edib, nihilizmə yuvarlanmazdı: Köhnə öldü, təzə hələ bərqərar olmayıb. Nə etməli?! Cavabını Fridrix Nitşe verdi: Vəziyyəti məcrasına salmaq üçün “fövqəlbəşər”lər lazımdır. O, bunun nümunəsini Zərdüştün simasında gördü. Zərdüşt ilk modernist bəşər timsalına çevrildi.

Bu istiqamət bədii ədəbiyyatda da öz əksini tapıb. Elçin daha irəli gedərək subyekt və obyektdən imtina edir. O, insana, onun hiss və duyğularına, daxili psixologiyasına baş çəkir. Oxucunun qəlbinə, ruhuna, iradəsinə nüfuz edərək orada möhkəm məskunlaşan şübhəsizliklərin içinə şübhə toxumu səpir. O, insan psixologiyasının ən dərin, toxunulmaz qatlarına toxunur. Bunun üçün hər şeyi əhatə edən böyük, mürəkkəb sistem yaratmır. Şəxsiyyət və həyat sistemləşə bilməz. Ənənəvi məntiqdən fərqli olaraq duyğulara, onların obrazı vasitəsilə təsir edir. Nəticədən səbəbə yox, səbəbdən nəticəyə, dərinliyə, duyğudan təfəkkürə doğru gedir.

Nanotexnika fizikada tədqiqatları, kəşfləri atom və molekul səviyyəsində apardığı kimi “nanopoeziya” da bunu insan idrakının, emosiyasının mənbəyindən, ilk başlanğıcından – hiss, duyğu, qavrayışdan abstrakt təfəkkürə gətirib çıxarır. Duyğu musiqi alətlərindəki simlər kimi intəhasız səs çalarları potensialına malikdir. Ona görə el arasında “sarı sim” anlayışı və təfəkkür prosesinin, “şah notları” poeziyada “şah misra”lar hesab olunur.

…Hər gün baxışımla açılsın səhər

Ensin gözlərinə şüa yerinə…

Mən...

sənə Tanrının əmanətiyəm

Al...

Oxu hər gecə dua yerinə...

***

Alışdım yuvamda dərd böyütməyə,

Sonra dən-dən ovub...

dərd üyütməyə...

Bir ocaq çatmışam dərdi ütməyə,

Götür ürəyini gəl bizə sarı...

***

İçimə toxum tək ələsin külək...

Bir ovuc göz yaşı...

Bir ovuc çiçək...

Dəli ürəyimə nə əkirsən, ək...

Ya sevda bitəcək, ya daş bitəcək...

***

Özünü yaratmaq

Deyirlər ki, yaradan hər şeyin təbiətini yaradıb, ona uyğun təyinat verib. Ağac, inək, canavar, ilan və s. insanı isə sadəcə yaradıb, ona təbiət və təyinat verməyib, azad, sərbəst buraxıb. Əvəzində isə insana şüur və yaradıcılıq potensialı verib ki, özünü özü yaratsın. Ona mələkdən iblisədək uzanan şkalanın istədiyi yerində yerləşmək imkanı verib.

***

Azadlıq və məsuliyyət. Onları bir-birindən ayırmaq olmaz. Məsuliyyətin altına girmək isə hər adamın işi deyil. Kölə olmağa nə var ki?

Ona görə də antik yunan filosofları “hər kəs öz taleyinin dəmirçisidir” deyiblər.

Elçin Mirzəbəylinin yaradıcılığı, şair Elçinin yaradıcılıq potensialı, şəxsi müstəqillik, azadlıq, yenilik uğrunda mübarizəyə yönəmlidir.

Bilirsən necə ağırdı

Öz Vətənində yad olmaq?

Bir cüt yaşlı gözdən düşən

Bir cüt qırıq qanad olmaq?...

 

Bilirsən necə ağırdı

Kölgə olmaq?

Kölgə-adam...

Öz yurdunda qərib olmaq,

Özgə olmaq...

Özgə - adam...

 

Bilirsən necə ağırdı?...

Yandırır-yaxır adamı...

Bəs mən kimin adamıyam?

Dərənin, dağın adamı...

Böyük torpağın adamı?

Kiçik torpağın adamı?

 

Bilirsən necə ağırdı?...

Elə bil ki, öz evində

Götürüblər əsir səni...

Öz dişlərin parçalayır,

Öz əllərin kəsir səni...

 

Bilirsən necə ağırdı?...

Cırtdanların arasında...

Böyüyəsən, Div olasan.

Ev-ev bölünə ətrafın,

Sən yenə bütöv olasan...

 

Bilirsən necə ağırdı?...

***

...Bu mənəm ey, mənəm, Vətən,

Haqqına tamarzı adam.

Ürəyini parçalayan

Güllədən də razı adam.

 

Sığmır bu saxsı torpağa

Külüm, yerimi dəyişim...

Doğum yerimi dəyişim?

Ölüm yerimi dəyişim?

***

Ana, mənə layla demə...

Daşımır bu bədən məni...

Məni Allah öldürmədi,

Öldürdü ey...

Vətən məni...

Azadlıq

Qərbi Avropada XVI əsrdə Rene Dekart tərəfindən özülü qoyulan subyektin azad, müstəqil düşüncəsi, hər şeyi şübhə altına alan fəlsəfəsi ənənəvi, arxeik primodern dövrünün sokral, dini, ortodoksal yaşam və düşüncə doktrinasına şübhə toxumu səpdi, yeni, müasir, sekulyar, modern epoxasının təşəkkülünə start verdi. Qalileyo Qalileyin kosmosun quruluşunun yeni elmi nəzəriyyəsindən, İsaak Nyutonun fizikasının qanunlarından, Frensis Bekonun materialist məntiqi fəlsəfəsindən, İmmanuel Kantın “şey özündələr”indən, bir sözlə fizika və metafizikada baş verən böyük inqilabi kəşflərdən keçə bilməyən premodern dünyası, Frikdrix Nitşenin həyat fəlsəfəsində çökdü, onun öz diliylə desək “öldü”: “Onu biz öldürdük, mən və sən”.

Yeni, müasir dövrün sekulyar – modern, daha sonra postmodern erasının dominantlığı tarixə süvar oldu. Modernist üçün bunları anlamaq azdır, həyatında yaşamaq gərəkdir. Modernist kimdir? O, fövqəlbəşər, zəmanəsinin dizayneri, konstruktorudur.

Elçin Mirzəbəylinin poetik düşüncələri, bu baxımdan postmodernist poeziyasının dizaynerinin, konstruktorunun xüsusiyyətlərini xatırladır.

***

Hazırda dünya əhalisinin çox böyük əksəriyyətini mistikaya – sirli fövqəltəbii qüvvənin varlığına inanır, ona qovuşmaq üçün səcdə edir, daxili təbii iradə və ağlının qüdrətinə inanmır, narahat yaradıcı həyatdan imtina edir, “rahat” premodern həyatını yaşayır.

Tarix boyu xurafatın, qəyyumluğunda “xoşbəxt və rahat” yaşayan insan müasir dövrdə azad, müstəqil, şəxsi həyatını yaşamağa çətinlik çəkir. O, həvəslə özgəninləşir, zora biət edir, azadlığın məsuliyyətini üzərinə götürməkdən, sonsuz, intəhasız, soyuq, hiss və duyğusuz kainatda tənhalıqdan qorxur, qəyyum, bizim regional leksikonla desək “dayı” axtarır. Özünü azad hiss edənlər belə çox vaxt qandallarının qırılmış zəncirlərinin qalıqlarını uzun müddət özləri ilə daşımaq məcburiyyətində qalırlar.

Qalx ayağa millət,

Boğmasınlar səsimizi.

Bir bayraq altında

Birləşdir bizi!

***

Burax dərdlərini…

Çəkəni bəlli -

Qoy gəlsin üstümə

sel kimi, Vətən…

Bir faişə qədər dəyəri yoxsa

Neynirsən sən mənim sevgimi, Vətən...

***

Beş arşın kəfəndi bizə yurd yeri,

Kəsir ruhumuzu...

Qurd yeyir, Allah!

Kimi Vətən yeyir, kimi yurd yeyir...

qurd yeyir...

yurd yeyir...

dərd yeyir, Allah!

 

Törəmi unutduq,

yolmu unutduq?

Bir ovuc, bir parça yurda tapındıq.

Bizi fatehlərin qarğışı tutdu -

Qurd ola bilmədik, qurda tapındıq.

Epiloq:

Yaradıcılıq müəyyən mənada müxalifət anlayışının sinonimidir. Daim yeniləşmək, modernləşmək, müasirləşmək üçün hər gün köhnə, keçmiş zamanla müxaliflik yaradıcılığın, yaradıcı insanın həyatının, təbiətinin və təyinatının zəruri atributudur.

Bunu dərk etmədən Elçin Mirzəbəylinin poeziyası ilə danışmaq, diskussiya etmək, onu anlamaq, sevmək, ondan bəhrələnmək mümkün deyil.

Elçin həyatının mənasını özünün yaratdığı poeziyasında tapdı. Ona hansı trayektoriyadan, hansı bucaq altından baxmaq isə oxucunun işidir.

...1967-ci ildə dünyaya bir uşaq atıldı. Tanrının yaratdığı bu tifil ötən əlli ildə yalnız özünə güvənərək, özgəninləşməkdən uzaq, məcburiyyətə, zora meydan oxuyan müstəqil, liberal dəyərlərlə silahlanmış azad bir subyekti – özünü və “nanopoeziya”sını yaratdı. Bu modernist, postmodernist şair Elçin Mirzəbəyli idi...

23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
30 Oktyabr 2024 Ermənilər hələ də mahnılarımızı oğurlayır - musiqi irsimizə necə sahib çıxırıq?
28 Oktyabr 2024 Azərbaycanda "Halloven" bayramını qeyd edənlərin sayı artıb - Psixoloq nə deyir?
17 Oktyabr 2024 Şirniyyat düşkünlərinə bəd xəbər – Risk çoxdur
16 Oktyabr 2024 Alimlər Marsda sirli strukturlar tapdı
16 Oktyabr 2024 Görücü Vanqa ili açıqlayıbmış - Bu tarixdə qiyamət qopacaq
15 Oktyabr 2024 Alimlərindən xəbərdarlıq: Süni intellekt öldürə bilir
14 Oktyabr 2024 Yadplanetlilərlə bağlı ŞOK XƏBƏR: Onların varlığı tezliklə AÇIQLANACAQ
14 Oktyabr 2024 1325-ci ilin xəritəsində Azərbaycan adı - FOTO
14 Oktyabr 2024 Bakıda hər kəsi heyran edən maşının sahibi görün kim imiş? - FOTO
10 Oktyabr 2024 Quyruq yağını bol-bol yeyin, çünki...
07 Oktyabr 2024 Azərbaycanın neçə kəndində internet yoxdur? - Rəsmi açıqlama
03 Oktyabr 2024 Məktəblilərin qida rasionu necə olmalıdır? - Mütəxəssisdən valideynlərə MƏSLƏHƏT

Xəbər lenti