|
Nyu Yorkun məşhur Müasir İncəsənət Muzeyində (MoMA) ənənəvi “Summergarden” Musiqi Festivalında “Ansoniya” kvarteti Azərbaycanın xalq artisti Firəngiz Əlizadənin “Oazis” simli kvartetini ifa edib.
Bəstəkarlar İttifaqından Kult.az-a verilən məlumata görə, əsər konsert iştirakçılarının böyük rəğbətini qazanıb və alqışlarla qarşılanıb.
Festivalın bukletində xalq artisti Firəngiz Əlizadənin həyat və yaradıcılığı, o cümlədən “Oazis” əsəri haqqında geniş məlumat verilib. Həmçinin “Nyu-York-MoMA” qəzetində F.Əlizadənin “Oazis” simli-kvarteti barədə böyük məqalə dərc edilib. Məqalədə bildirilib ki, Firəngiz Əlizadə kimi görkəmli bəstəkarın yaradıcılığı Hillari Hahn, Yo-Yo Ma kimi meqa-ulduzlar, “Berliner Philharmoniker” kimi dünyanın məşhur musiqi kollektivlərinin repertuarlarında öz əksini tapıb.
Qeyd edək ki, 1998-ci ildə bəstələnən və ilk dəfə Qlazqo şəhərində səsləndirilmiş “Oazis” əsəri San-Fransiskonun “Kronos” kvartetinin (ABŞ) sifarişi ilə yazılıb və dünyanın müxtəlif mötəbər salonlarında uğurla ifa olunub.