|
Bu gün korifey bəstəkar, musiqişünas-alim, publisist və ictimai xadim Üzeyir bəy Hacıbəyovun doğum günüdür.
Dahi bəstəkarın doğum tarixi ölkədə Milli Musiqi Günü kimi qeyd edilir.
Kult.az bildirir ki, böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını Maestro Niyazi qoyub. Deyilənə görə, Niyazi müəllim Üzeyir bəyin vəfatından sonra hər il onun doğum gününü qeyd edirmiş.
1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
Şuşalı ailənin oğlu Üzeyir necə ağcabədili olub?
Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulub. Üzeyirin anası Şirinbəyim xanım Qarabağda məşhur Əliverdibəyovlar nəslindən idi. Üzeyir Hacıbəyovgil ailədə üç qardaş, iki bacı olublar.
Üzeyirdən başqa ailənin bütün uşaqları Şuşada anadan olub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyin görkəmli şairimiz Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarına baş çəkmək üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Azərbaycan musiqisinin beşiyi olan Şuşaya gətirirlər.
Qoridəki tanışlığın səbəb olduğu qohumluq
İlk təhsilini Şuşadakı ikisinifli rus-türk məktəbində alan Üzeyir Hacıbəyov 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynayıb. Qori seminariyasında Üzeyir Hacıbəyov gələcəkdə Azərbaycan opera musiqisində öz sözünü deyəcək Müslüm Maqomayev ilə tanış olub. Seminariya illərindən başlanan dostluq sonralar qohumluğa çevrilib. Üzeyir Hacıbəyov və Müslüm Maqomayev Terequlovlar ailəsi ilə qohum olublar. Belə ki, Üzeyir Hacıbəyov Məleykə xanım Terequlova, Müslüm Maqomayev isə Badigülcamal Terequlova ilə evlənib.
“Bızbıza”, “Behmənkəs”, “Qatilov” Üzeyir
Üzeyir Hacıbəyov bədii yaradıcılığa publisistika ilə başlayıb. O, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni iqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirib.
"Molla Nəsrəddin" jurnalında Üzeyir bəy Hacıbəyov məzəli imzalardan çox istifadə edib: "Adı bəy, özü Filankəs", "Anaş Qurbağa", "Tısbağa", "Qatilov", "Behmankəs", "Cin", "Xoca Lələ", "Bızbıza", "Çoban", "Əqrəb" (ehtimal olunur), "Qaf", "Beş", "İdarədən", "Lal uşaq", "Bala uşaq", "Gendən baxan", "Gendən qulaq asan", "Yalançı". Gülüş, yumor onun həm insan kimi təbiətinin, həm də ədəbi yaradıcılığının, o cümlədən publisistikasının başlıca keyfiyyətlərindən idi.
Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşidbanu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazıb.
1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında "Koroğlu" operası ilk dəfə tamaşaya qoyuldu. Xalq qəhrəmanlıq dastanının motivlərinə əsaslanan "Koroğlu" operası Azərbaycanda ilk klassik opera hesab olunur.
Leyli və Məcnun
Üzeyir Hacıbəyov xalqda musiqili səhnə əsərlərinə maraq oyatmaq məqsədilə Azərbaycan dilində milli opera yaratmaq qərarına gəlir. Bu işdə qardaşları Zülfüqar və Ceyhun, seminariya dostları, dövrün maarifçi ziyalıları, azərbaycanlı artistlər Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Əbdürrəhimbəy Haqverdiyev, Hənəfi Terequlov və başqaları ona yaxından kömək edirlər. Onun səhnələşdirdiyi ilk opera isə “Leyli və Məcnun” olur. Bununla Üzeyir bəy müsəlman Şərqində ilk operanın əsasını qoyur.
Ermənilərin haqsızlığı üzündən xəstəlik tapan bəstəkar
1939-cu ildə Üzeyir Hacıbəyov şəkər xəstəliyinə tutulur. Uzun illər onun şəxsi katibi işləmiş yaxın qohumu Ramazan Xəlilovun dediyinə görə, bəstəkar bu xəstəliyi bədnam qonşularımızın ucbatından tapıb. Belə ki, 1939-cu ildə Moskvada ittifaq miqyasında milli musiqi alətləri ifaçılarının müsabiqəsi keçirilir. Stalinin göstərişi ilə münsiflər heyətinə Üzeyir Hacıbəyov başçılıq edirdi. Azərbaycanı təmsil edən ifaçılar arasında ermənilərin olmasına baxmayaraq, Bakı erməniləri Moskvaya məktub yazırlar və bildirirlər ki, Üzeyir Hacıbəyov millətçilik edərək, qeyri-millətlərin müsabiqədə iştirakına əngəllər törədir.
30-cu illər üçün bu, ən ağır ittiham idi. Molotov ona ünvanlanan ərizəyə dərkənar qoyaraq, bəstəkara göndərir: “Özünüz həll edin”. Başdan-ayağa böhtan olan bu ərizə bəstəkarın əsəblərinə ciddi təsir göstərir və o, şəkər xəstəliyinə tutulur. Müalicə alsa da, bu, heç bir nəticə vermir və Üzeyir Hacıbəyov 1948-ci il noyabrın 22-də Bakıda vəfat edir.