|
Ssenari filmdə, serialda vulqar və ya tabuların işlənməsini tələb etsə belə, bu ifadələr “bip”lənməli, yəni siqnal ilə gizlədilməlidir.
Bu sözləri Kult.az-a açıqlamasında tanınmış yazıçı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səda” Tədris Teatrının ədəbi hissə müdiri Qan Turalı (Tural Cəfərov) ATV telekanalında yayımlanan “Təhminə və Zaur” serialında tabudan istifadə olunmasına münasibət bildirərkən deyib. O, seriallarda bu tip ifadələrin işlədilməsinin bəzi qaydaları olduğunu söyləyib:
“Serial televiziya üçün istehsal olunan məhsuldur. Bunda yaş həddi yoxdur, televizor qarşısında dayanan hər kəs seriala baxır. Kino olsaydı, başqa məsələ. Bu sözləri əvəz etmək üçün ya sinonimlər, ya da o ifadəni loyal forması tapılmalıdır. Bütün dünyada belə praktika var. Nə vaxta qədər ki, bizdə “Netfliks” kimi üzvlük tələb edən platformalar olmayacaq, o zamana qədər efirdə vulqar sözlər yolverilməzdir. Təəssüf ki, serialların bəlkə də ən ədəbli tərəfi elə bu vulqar sözlərdir. Çünki az qala, hamısı estetik mənada acınacaqlıdır”.
Qan Turalı Azərbaycan seriallarının incəsənətə zərrə qədər də aid olmamasını ən böyük vulqarlıq adlandırıb.
Tanınmış kinorejissor, Əməkdar mədəniyyət xadimi Ayaz Salayev isə küçə sözlərinin ədəbi dilə yol tapdığını bildirib:
“Bir neçə ilə bundan əvvəl Türkiyənin Antalya şəhərində teatrda oldum. Aktyorlar zalda azyaşlılar ola-ola ədəbsiz sözlər, söyüşlər işlədirdilər. Hazırda yavaş-yavaş küçə söhbətlərinin ədəbi dillə birləşməsi prosesi gedir. Yəqin, artıq get-gedə bunun qarşısını almaq olmayacaq”.
Qeyd edək ki, ATV-də yayımlanan "Təhminə və Zaur" serialında tabu sözdən istifadə olunub. Milli Televiziya və Radio Yayım Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib ki, bu cür halların efirə yol açmaması üçün yayımçılar diqqətli olmalıdır.