Jurnalistin jurnalistdən başqa “dostu” yoxdur

Həmin gün cümə axşamı, sentyabr ayının 7-si idi. İndi dumanlı xatırlayıram, təxminən saat 5 olardı. Mən qəzetin axırıncı səhifəsinə qol çəkdim və mətbəəyə göndərdim. Ağır iş həftəsinin sona çatdığını ləzzətlə xatırlayıb (bizim qəzet həftəlik olsa da, kollektiv kiçik idi, hərəmiz iki nəfərin yerinə işləyirdik), iştahla məlum saytların birini açdım. Mənim işim belə idi, mətbuat katibi, qəzet redaktoru idim, hər saatdan bir saytları açırdım, varaqlayırdım, bizdən, ölkədən yazılanlara baxırdım, son xəbərləri arayırdım. İşimin çəmini tapmışdım, onlarla sayta baxmağa vaxtım olmasa da, 3-4 “xəbər oğrusu” var, onlara baxırdım. Bunlar da işin səmtini tapmışdılar, uzağı-yaxını gəzib, xəbər axtarmırdılar, eləcə Azərbaycanın internet məkanında “qarğa-quzğun” kimi dövrə vururdular, harda nə tapsalar, istər sensasiya olsun, istər skandal, istərsə də seks, istər ölü olsun, istər diri - fərqi yoxdur, yoxlamamış, dəqiqləşdirməmiş dərhal üstünə “qonur”, hətta öz adlarından sayta qoyurdular. Bunlar peşəkarlıqdan, jurnalistikadan nə qədər uzaq olsa da, mənim işimi bir o qədər asanlaşdırırdılar. Vaxt itirmirdim, 5-10 dəqiqədə şəhərdə, ölkədə nə baş verdiyini bilirdim.

Nə isə, həmin gün saat 5-də “quzğun” saytlardan birini, bəlkə də birincisini açdım. Diqqətimi cəlb edən ilk xəbər “Salyan şosesində ağır yol qəzası” oldu. Əvvəla, mən özüm Salyan şosesində, Azərbaycan Prezidentinin jurnalistlərə hədiyyə etdiyi binada yaşayıram. Sonra, bu, mənim işimlə birbaşa bağlı xəbər idi, dərhal tıkladım. Xəbərin mahiyyəti təxminən belə idi: “Salyan şosesində bir neçə maşının iştirakı ilə ağır yol qəzası baş verib. “Subaru” markalı avtomobil qabaqda qəfil saxlayan “Prado”markalı avtomobilə çırpılıb, qarşı yola çıxıb və qarşıdan sürətlə gələn “Opel” markalı avtomobillə toqquşub. Nəticədə 2 nəfər ölüb, 2 nəfər yaralanıb. İlkin məlumatlara görə, ölənlərdən biri jurnalist Qalib Arifin oğlu Arifdir”...

Burdan oyana oxuya bilmirəm, kövrəlirəm, bu Qalib Arif kimdirsə, özümü onun yerində hiss edirəm, onun dərdini çəkirəm. Bilənlər bilir (bilməyənlər də bilənlərdən soruşsun), mən 25 ildən çoxdur ki, peşəkar jurnalistəm, çörəyim qələmdən çıxır. Odur ki, hər bir qələmdaşımın sevincini sevincim, dərdini dərdim bilirəm. Qərəz, birinci dəqiqədə mən Allahın qəzəbinə gəlmiş, oğlunu itirmiş qələmdaşıma acıyıram, ağlayıram. İkinci dəqiqədə hiss edirəm ki, mən bu bədbəxt insanı tanıyıram. Yalnız 3-cü dəqiqədə mənə çatır ki, bu Qalib Arif, oğlunu itirən bədbəxt mən özüməm. Bununla da hər şey bitir – gözlərim qaralır, başım fırlanır, yıxılmamaq ücün (oturan yerdə bu, sadəcə olaraq mümkün deyil) kreslonun dəstəklərindən bərk-bərk yapışıram. Ayaqlarım, sonra əllərim boşalır, ürəyim hardasa qulaqlarımın dibində vurmağa başlayır. Ayağa durmaq, qışqırmaq, bağırmaq, bütün dünyanı köməyə çağırmaq istəyirəm. Dura bilmirəm, ağzımı aça bilmirəm, hətta səs tellərim mənə xidmətdən imtina edir. Beləcə, yarı diri, yarı ölü, uzun müddət ölümlə həyat arasında - bitərəf zonada qalıram. Bu uzun müddət 10 dəqiqə də ola bilər, 10 il də. Bilmirəm. Bəlkə mən də ölmüşəm, onu da bilmirəm... Amma bu müddətdə ağ saçlarım daha da ağarır, başımda bir qara tük qalmır...

Yox, yox, deyəsən ölməmişəm – Allah, mən nə üzübərk adamam, hələ sağam. Ürəyim qulaqlarımda baraban çalır, arada hətta sinəmdən çıxmağa çalışır, sinəmə sıxdığım əlimə dəyib yerinə qayıdır. Elə bu zaman əl telefonum zəng çalır. İşin tərsliyindən səsi də ucadandır, hətta ürəyimin səsini batırır. Telefon sol tərəfdədir, istəyirəm əlimi uzadım, telefonu alıb divara çırpım. Sol əlim sinəmdədir, qaldıra bilmirəm, sağ əlimi qaldırmağa, sola fırlanmağa isə heyim çatmır. Zəng sahibi isə israrlıdır, bir də, bir də zəng çalır. “Adamı adam kimi ölməyə də qoymurlar” fikirləşirəm. “Bəlkə evdəndir, bizimkilərdir (anamın 80 yaşı var)?!” – dəhşətə gəlirəm. “Bəlkə jurnalistlərdir, xəbəri dəqiqləşdirmək istəyirlər?!” – vəhşətə gəlirəm, göz yaşlarımı saxlaya bilmirəm. “Bəlkə dostlardır, həmkarlardır, dərdimə şərik olmaq istəyirlər?!”

Bu fikir məni bir az sakitləşdirir, bir az özümə gəlirəm. “Möhkəm ol, kişi, kişinin başına iş gələr, hamımız Allahın altında gəzirik. Sənin oğlun Qarabağda ölən oğlanlardan artıq deyildi ki...” Cətinliklə olsa da, sol tərəfə çevrilirəm (sol əlim qalxmır), sağ əlimlə telefonu götürürəm, cavab verirəm. Allahu Əkbər... Telefondan oğlumun səsi gəlir: “Ata, xəbərin var, mən “avariya” eləmişəm... Maşının yarısı yoxdur...”

Mən təbiətcə inanclı insanam, amma mövhumatçılıqdan uzağam, Allahdan başqa heç kimə və heç nəyə inanmıram. Amma birdən-birə qatı bir mövhumatçıya çevrilirəm, “yəqin səsi o dünyadan gəlir” fikirləşirəm. Elə bu düşüncə ilə də cavab verirəm: “Bilirəm, can oğul, bilirəm, bütün mətbuat yazır...” Yenidən göz yaşlarıma hakim kəsilə bilmirəm...

Oğlum gərginliyi barometr kimi hiss edir və dərhal cavab verir: “Ata, bilmirəm mətbuat nə yazır, amma mən bir az əzilsəm də, salamatam, evimizin yanındayam, Salyan yolundayam. Yaralıları maşından çıxarmağa kömək edirəm, bütün qanın içindəyəm...” Mən dərhal ayağa qalxıb otaqdan çıxıram, həyətə yüyürürəm. Maşına necə mindiyimi, hadisə yerinə necə gəldiyimi bilmirəm... Yolda oğlum bir də zəng edir: “Ata, FHN, polis - hamısı burdadır. Deyəsən, bir nəfər ölən də var, özüm nəbzini tutmuşam”. Burda oğlumun səsi qırılır, hıçqırır...

Başılovlu hadisə yerinə çatıram, evimizdən yüzcə metr aralıdır. Təcili yardım maşınları artıq gedib, polis maşınları gözləyir. Oğlum məni görən kimi üstümə gəlir, kövrəlir. Əyilir (hündürdür), boynumu qucaqlayır, “ata, bağışla məni, bağışla” deyir. Bir müddət belə qalırıq, bir-birimizin iyini alırıq, sonra aralanırıq. Gözlərimi üzündən ayıra bilmirəm,“İlahi, sağdır, balam sağdır” deyirəm, Allahın böyüklüyınə, mərhəmətinə şükür edirəm. Oğlumun əlləri dirsəyə kimi qandır. Diqqətlə baxıram, köynəyi, şalvarı qara olduğundan qan görünmür. Günahkar kimi danışır: “Atilla (dostudur – Q.A) yaralı idi, onu çıxarmışam, “təcili yardıma” mindirmişəm. O biri maşındakı öləni, yaralıları çıxarmağa kömək etmişəm. Tamam qanın içindəyəm...” Yenidən məni qucaqlayır, ağlayır. “İlahi, onun 19 yaşı var, tələbədir” fikirləşirəm, “haran ağrıyır, bala, özünü necə hiss edirsən?” soruşuram. “Hər yerim ağrıyır, ata, ürəyim də bulanır” cavabını eşidirəm. Göz yaşlarımı saxlaya bilmirəm, oğlum görməsin deyə üzümü o yana çevirirəm. Bizim qəzada “həlak olmuş” maşınımız da gedir, artıq evakuatorun üstündədir. Mənə və ailəmizə 10 ildən artıq sədaqətlə qulluq edən köhnə maşınımız bu gün bizə ən böyük xidmətini göstərib – oğlumun və dostunun həyatını xilas edib. Oğlum mənimlə, azadlıqla xudafizləşir, polis maşınına minir. Onun arxasınca həsrətlə baxıram - ömürlük vidalaşırammış kimi... Yenidən gözlərim yaşarır...

Sonrakı günlər ağır və əzablı keçir. Yaxınların uzaqlığı, uzaqların yaxınlığı, inandıqlarımın alçaqlığı... Mən bu bir həftədə kimin kim olduğunu öyrənirəm, mənə, ailəmizə dəstək olan doğmalarımızın, dostlarımızın qədrini bilirəm. Bu günlərdə mən, demək olar ki, heç nə yemirəm, ancaq araq içirəm və çəki itirirəm. Mənə ən böyük zərbəni isə ən çox sevdiyim, bütün həyatımı həsr etdiyim mətbuat vurur. Oğlumun ölüm xəbərini yaydıqları, mənə, bütün ailəmizə sağalmaz yara vurduqları bəs deyilmiş kimi, indi də “məmur oğlu ağır qəza törətdi”, “daha bir yüksək səviyyəli məmurun oğlu insan ölümünə bais oldu” kimi yalanlar yayırlar. Oğlum dostu ilə 20-ci Sahə dairəsinə çörək almağa gedib, bunlar isə “dostları ilə əyləncə mərkəzindən gəlir” yazırlar. Siyasi şantajla məşğul olan məlum rusdilli sayt isə “yüksək səviyyəli məmurun oğlu insan ölümünə səbəb oldu” xəbərini düz bir həftə manşetdə saxlayır. (Yeri gəlmişkən, qəzada zərərçəkmişlər bu xəbərləri eşitdilər və əsl rus reketi kimi hərəsi məndən 100 min pul istədilər... Mən verə bilməyəndə isə... nə isə...) Daha dözə bilmirəm, cavab vermək istəyirəm: “Axı, mən nəinki yüksək, heç aşağı səviyyəli məmur da deyiləm, adi jurnalistəm. Həftədə bir dəfə çıxan kiçik bir sahə qəzetinin redaktoruyam. Aylıq 500 manatlıq maaşa baxan, tələbə övladlarıma gündəlik 2-3 manat verməyə ancaq gücü çatan sadə bir insanam. Mənim oğlum BDU-nun Jurnalistika fakültəsinin tələbəsidir (idi...) və əyləncə mərkəzlərini yalnız televizorda görüb. Ailəliklə 10 illik kreditlə, qəpiyi qəpiyə calayıb aldığımız köhnə bir maşınımız vardı, o da belə getdi”.

Ailəmizdə və küçəmizdə baş verən, mənim bütün həyatımı tamamilə alt-üst edən (hələ bunlar nədir ki, hələ mən işdən çıxacam və bir tikə çörəyə möhtac qalacam) dəhşətli qəzadan sonra ilk dəfə özümü ələ alıram və “qarğa-quzğun” saytların hərəsinə bir məktub yazıram. Məktubların məzmunu təxminən eynidir: “Mən artıq əllini keçmişəm, ömrümün yarıdan çoxunu mətbuata həsr etmişəm. Minlərlə ictimai-siyasi, yüzlərlə bədii yazının müəllifiyəm. Sözümün canı odur ki, mən də sizin kimi jurnalistəm, çörəyim qələmdən çıxır. Axı, mən sizə nə pislik etmişəm ki, mənim oğlumun ölüm xəbərini yoxlamamış, dəqiqləşdirməmiş, belə bəh-bəhlə verirsiz?! Düşünmürsüz ki, mənim oğlumun atası, anası var, üç bacısı var, onlar bu xəbəri oxuyanda nə günə düşəcəkər? Mənim anamın 80 yaşı var, 50 ildən çox Axundov kitabxanasında işləyib, bütün ömrünü sizin kimi jurnalistlərin, müəllimlərin, həkimlərin yetişdirilməsinə həsr edib. Bu qoca nənə sizə nə pislik edib ki, yalandan nəvəsinin ölüm xəbərini yayırsız?! Axı, o, bu xəbəri eşitsəydi, dərhal ölə bilərdi... Axı, biz sizinlə yoldaşıq, qələmdaşıq, bir-birimizə arxa olmalıyıq... Axı, jurnalistin jurnalistdən başqa dostu yoxdur...”

23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
30 Oktyabr 2024 Ermənilər hələ də mahnılarımızı oğurlayır - musiqi irsimizə necə sahib çıxırıq?
28 Oktyabr 2024 Azərbaycanda "Halloven" bayramını qeyd edənlərin sayı artıb - Psixoloq nə deyir?
17 Oktyabr 2024 Şirniyyat düşkünlərinə bəd xəbər – Risk çoxdur
16 Oktyabr 2024 Alimlər Marsda sirli strukturlar tapdı
16 Oktyabr 2024 Görücü Vanqa ili açıqlayıbmış - Bu tarixdə qiyamət qopacaq
15 Oktyabr 2024 Alimlərindən xəbərdarlıq: Süni intellekt öldürə bilir
14 Oktyabr 2024 Yadplanetlilərlə bağlı ŞOK XƏBƏR: Onların varlığı tezliklə AÇIQLANACAQ
14 Oktyabr 2024 1325-ci ilin xəritəsində Azərbaycan adı - FOTO
14 Oktyabr 2024 Bakıda hər kəsi heyran edən maşının sahibi görün kim imiş? - FOTO
10 Oktyabr 2024 Quyruq yağını bol-bol yeyin, çünki...
07 Oktyabr 2024 Azərbaycanın neçə kəndində internet yoxdur? - Rəsmi açıqlama
03 Oktyabr 2024 Məktəblilərin qida rasionu necə olmalıdır? - Mütəxəssisdən valideynlərə MƏSLƏHƏT

Xəbər lenti