|
Bu gün xalq artisti Mirzə Babayevin doğum günüdür.
O, 1913-cü il iyulun 16-da Bakıda anadan olub. Müğənnilik fəaliyyətinə görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrinin tərkibində başlayıb. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub.
Azərbaycan estrada musiqisinin banilərindən hesab olunan Mirzə Babayev həm də peşəkar aktyor idi. O, 30-dan çox filmdə rol alıb. Təkcə "Bəyin oğurlanması", "Dəli kür", "Dərviş Parisi partladır" filmlərinin adını çəkmək Mirzə Babayevin film karyerasını qiymətləndirmək üçün kifayət edir.
Onun “Kəpənək”, “Saçlarına gül düzüm”,“Pəncərəmə qondu çiçək”, “Düşürsən yadıma” başqa mahnılar bu gün də dillər əzbəridir.
Unudulmaz sənətkar 2003-cü il yanvarın 13-də, 89 yaşında Bakıda vəfat edib.
Mirzə Babayev 1995-ci ildə şair Nüsrət Kəsəmənlinin aparıcısı olduğu “Bir axşam” verilişində dünya şöhrətli fransız müğənni Jilbert Beko ilə bağlı xatirəsini bölüşüb. O, müsahibə əsnasında bildirib ki, Jilbert Beko onun əlini öpərək, erməni əsilli müğənni Şarl Aznavurdan üstün olduğunu deyib.
Kult.az sözügedən çəkilişin görüntülərindən bir hissəni təqdim edir: