|
Bu gün Azərbaycan mədəniyyətinin görkəmli simaları – bəstəkarlar Fikrət Əmirov, Cavanşir Quliyev, rejissor Rasim Ocaqov və aktyor Həsən Məmmədovun doğum günüdür.
Kult.az xatırladır ki, Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə anadan olub.
O, Konservatoriyada oxuduğu illərdə Süleyman Rüstəmin sözlərinə “Koreyalının andı” mahnısını, N.Dorizonun sözlərinə “İki sahil” və M.Lermontovun sözlərinə “Ulduz” romanslarını bəstələyib.
1943-cü ildə yazdığı “Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə” adlı simfonik poeması onun təəssüratlarını, mübarizliyini özündə əks etdirir.
1944-cu ildə Bakıda Musiqili Komediya Teatrı açılarkən Fikrət Əmirovun “Ürək çalanlar” operettası tamaşaya qoyulub. O, Cəfər Cabbarlının “1905-ci ildə”, Səməd Vurğunun “Xanlar”, “Vaqif”, Hüseyn Cavidin “Şeyx Sənan”, Mehdi Hüseynin “Cavanşir”, İmran Qasımovun “Xəzər üzərində şəfəq” və s. pyeslərinə musiqi bəstələyib.
“Romantik sonata” onun uğurlu əsərlərindən biri olmaqla yanaşı, Azərbaycanda yaradılan ilk sonatalardan hesab edilir. F.Əmirov yaradıcılığının ilk dövrlərində, 1948-ci ildə opera janrına müraciət edib. “Şur“ və “Kürd-ovşarı“ simfonik muğamlarına görə bəstəkar 1949-cu ildə SSR Nazirlər Sovetinin qərarı ilə SSRİ Dövlət Mükafatına, 1982-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1965-ci ildə SSRİ xalq artisti adını alan bəstəkar həmçinin Azərbaycan SSR (1974) dövlət mükafatı laureatıdır.
1984-cü il fevralın 20-də Bakıda vəfat edən Fikrət Əmirov Fəxri Xiyabanda dəfn olunub.
Cavanşir Quliyev
Cavanşir Quliyev 1950-ci il noyabrın 22-də Şəkidə doğulub. Şəki Musiqi Texnikumunda, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri fakültəsində təhsil alıb.
O, müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. Tələbəlik illərindən, yəni 1973-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində səs rejissoru işləməyə başlayıb və həmin vəzifədə 17 il çalışıb.
“Tufan”, “Kitabi Dədə Qorqud” baletlərinin, "Məhəbbət oyunu" librettosunun müəllifidir. “Ac həriflər”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Fəryad”, “İtkin gəlin”, “Yaşıl eynəkli adam” və s. filmlərə musiqi bəstələyib.
C.Quliyev Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992), "Qızıl dərviş" (2001), Şəhriyar adına və s. mükafatlara (1995) layiq görülüb.
2015-ci ildə "Sübhün səfiri" filminə görə "Ən yaxşı orijinal musiqi" nominasiyasında "Qızıl Pəri" mükafatını alıb.
Rasim Ocaqov
Unudulmaz rejissor Rasim Ocaqov 1933-cü il noyabr ayının 22-də Azərbaycanın Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada kinooperatorluq, Azərbaycanda rejissorluq fakültəsini bitirib.
1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyib.
1957-ci ildə ilk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə alıb.
"Ad günü", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq" filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa çağırır.
“Tütək səsi”, “Qatır Məmməd”, “Özgə ömür”, “Otel otağı” və s. filmlərdə, "Mozalan" süjetlərində, qısametrajlı bədii filmlərdə rejissor kimi, “Onun böyük ürəyi”,“Əsl dost”, “Ən vacib müsahibə”, “Ömrün ilk saatı” filmlərində operator kimi fəaliyyət göstərib.
Rasim Ocaqov xalq artisti (1982), Azərbaycan SSR (1967) və Çeçen-İnquş MSSR (1964) əməkdar incəsənət xadimi adlarına layiq görülüb. Rejissor eyni zamanda SSRİ Dövlət mükafatı laureatı (1981) və Azərbaycan SSR Dövlət Mükafatı laureatıdır (1980).
R.Ocaqov 2006-cı ildə Bakıda vəfat edib.
Həsən Məmmədov
Sevimli aktyorumuz Həsən Məmmədov 1938-ci il noyabrın 22-də Salyan rayonunda doğulub.
Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakültəsinə daxil olsa da, ikinci kursda universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib. 1962-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1962-cı ildə Akademik Milli Dram Teatrında və kinoda fəaliyyət göstərib.
O, "Azərbaycanfilm"də istehsal olunmuş "Böyük dayaq" (Qaraş), "Arşın mal alan" (Əsgər), "Gün keçdi" (Oqtay), "Arxadan vurulan zərbə" (Qəmərlinski), "İstintaq" (Murad), "Dədə Qorqud" (Dədə Qorqud), "Axırıncı aşırım" (Abbasqulu bəy Şadlinski), "Yeddi oğul istərəm" (Bəxtiyar), "Alma almaya bənzər" (Qurban), "İstintaq davam edir" (Əzimov), "Şahid qız" (Polkovnik), "Qəm pəncərəsi" (Məmmədhəsən əmi), "Papaq" (Mirzə Səfər), "Həm ziyarət, həm ticarət" (Əlimurad) və s. filmlərdə aparıcı rolları oynayıb.
Azərbaycan SSR Lenin komsomolu mükafatına, Azərbaycan SSR əməkdar artisti, Azərbaycan SSR xalq artisti fəxri adlarına, "Şöhrət" ordeninə layiq görülüb. Aktyora 1981-ci ildə "İstintaq" bədii filmindəki Murad roluna görə SSRİ Dövlət Mükafatı verilib.
H.Məmmədov 2003-cü il 26 avqustda vəfat edib, II Fəxri Xiyabanda dəfn edilib.