|
Bu gün Bioloji Təbabət Klinikasının masallı filialının açılışı baş tutub.
Axar.az xəbər verir ki, mərasimdə Masallı icra başçısının müavini Aybəniz Qafarova, millət vəkili Sabir Hacıyev, İtalya, Almaniya və Ukraynadan dəvət olunan həkimlər və Bioloji Təbabət Klinikasının kollektivi iştirak edib.
Mərasimdə çıxış edən Aybəniz Qafarova Masallıda açılan klinikanın nəinki bu rayon, ümumillikdə cənub bölgəsindəki əhali üçün əhəmiyyətli olduğunu bildirib. O, müasir avadanlıqlarla təchiz edilmiş, beş mərtəbəli binada yerləşən klinkanın rayon səhiyyə xidmətinin inkişafında önəmli yer tutacağını bildirərək, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tərəfindən təbriklərini çatdırıb.
Daha sonra tədbirdə çıxış edən Bioloji Təbabət və Antihomotoksit Terapiya cəmiyyətinin prezidenti, professor Fikriyyə İbrahimli bildirib ki, Bioloji Təbabət Klikasının Masallı filialında pasiyentlər ən yaxşı müalicə üsulundan yararlanacaqlar:
“Azərbaycanda bioloji təbabətlə müalicə üsulu 2001-ci ildən tətbiq edilir. 2009-cu ildə isə ilk böyük klinika - Bioloji Təbabət Klinikası paytaxta açılıb. Bu gün biz Masallıda, ümumillikdə cənub bölgəsində yaşayan vətəndaşlarımız üçün ən yaxşı müalicə üsulunu yaradan klinikanın açılışındayıq. Bu çox əlamətdar bir hadisədir. Göyçay və Sumqayıt filialımızdan sonra bu, bizim artıq 3-cü filialımızdır. Belə gözəl klinikanın fəaliyyətə başlamasında klinikanın təsisçisi Elxan Yaqubovun əməyi danılmazdır və bu onun uğurudur”.
Bioloji təbabət üzrə almaniyalı mütəxəssis Herhard Rays da tədbirdə çıxış edərək, klikanın Azərbaycanın cənub bölgəsində səhiyyənin inkişafında önəmli yer tutacağının bildirib:
“Bu gün Masallıda klinikanın açılışında iştirak etdiyim üçün çox şadam. İllər öncə klinikanın təsisçisi Elxan Yaqubovla klinikaya yer müəyyənləşdirmək üçün burada idim. Bu gün onu və cənub bölgəsinin əhalisini təbrik edirəm. Ümid edirəm ki, bu klinika da Bioloji Təbabətin digər klinikaları kimi, iqtisadi uğur gətirəcək. Gələcəkdə mən də həmkarlarımı dəstəkləmək üçün Azərbaycana gələcəyəm”.
Bioloji təbabət üzrə almaniyalı mütəxəssis Günter Uve, ukraynalı Yelena Nekrasova və bir çox xarici qonaqlar öz fikirlərini bölüşərək, Azərbaycanda bioloji təbabətlə müalicə üsulunun əhəmiyyətindən danışıblar. Onlar xarici praktikanın Azərbaycanda tətbiq olunmasının Azərbaycanın səhiyyə sistemində xüsusi önəm kəsb etdiyini bildilər.
Daha sonra isə Bioloji Təbabət Klinikasının təsisçisi Elxan Yaqubov Prezident İlham Əliyevin iş adamlarına xüsusi qayğısı və onun bölgələrin iqtisadi inkişafına dəstəyinin nəticəsi olaraq, klinikanın fəaliyyətə başladığını qeyd edib: “Bu gün cənub bölgəsi olan Masallıda daha bir klinikamızın açılışını həyata keçiririk. Klinikada demək olar ki, bütün ixtisaslar üzrə həkimlərimiz fəaliyyət göstərir. Bununla yanaşı avtomatlaşdırılmış laborotoriya, cənubda ilk olan Naftalan vannaları və Naxçıvan duzundan təşkil olunmuş duz mağaramız da əhalinin istifadəsinə verilib. Hazırda Masallı filialımızda 70-ə yaxın işçi qrupumuz fəaliyyət göstərir. Bu rəqəmin 120-yə çatdırılmasını planlaşdırırıq. Dünyada bioloji təbabət üzrə müalicə mərkəzi Almaniyada fəaliyyət göstərir. Bu sahə üzrə çalışan alman həkimləri mütəmadi olaraq, bizim klinikalarımızda həkimlərə seminarlar keçir və praktiki olaraq, xəstələr qəbul edir. Bu gün bizim klinikamızda müalicəsi mümkün sayılmayan bir çox xəstəliklər müalicə olunur. Bunlara fəqərələrarası disk yırtığı, şəkər xəstələrindəki torfiki xoralar və bir çox xəstəliklərin müalicəsi daxildir ”.
Daha sonra Elxan Yaqubov klikanın açılışın simvolik rəmzi olan lenti kəsərək, qonaqlar və tədbir iştirakçılarını klinika ilə tanış edib.
Qeyd edək ki, bu klinika Bioloji Təbabət Klinikasının sayca 3-cü fialalıdır və cənub bölgəsində ilk olaraq, 18 ton Naxçıvan duzundan hazırlanmış duz mağarası və Naftalan vannaları əhalinin xidmətindədir. Peşəkar həkim kollektivi və müasir avadanlıqları ilə fərqlənən klikada fəqərəarası disk yırtığı, dəridə diabetik və trofiki xoralar, əlilliyə aparan artroz, ürəyin işemik xəstəliyi, skalioz və bir çox xəstəliklər müalicə edilir. Bununla yanaşı hər həftənin 2-ci və 5-ci günləri Bakının Bioloji Təbabət Klikasının həkimləri Masallı filialında pasiyent qəbulunu həyata keçirir.