Azərbaycan qadını tarixin müxtəlif dövrlərində öz qəhrəmanlığı, böyüklüyü, fədakarlığı ilə fərqlənib. Elə qadınlarımız da var ki, onlar adlarını tarixə qızıl hərflərlə yazıdırıblar. Söhbət Azərbaycan SSR-də ilk qadın mexanizator, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin deputatı Sevil Qazıyevadan gedir.

Sevil Qazıyeva 1940-cı il iyunun 1-də Zaqatala rayonunda anadan olub. Atası müharibədən qayıdandan sonra necə yaralandığını, tibb bacılarının döyüşçülərin yaralarını necə sarıdığını danışanda Sevildə həkim olmaq həvəsi yaranır. 1958-ci ildə orta məktəbi bitirən Sevil sənədlərini indiki Azərbaycan Dövlət Tibb Universitetinə versə də, müsabiqədən keçə bilmir. Bir gün qarşısına qızlar üçün sənət məktəbi açıldığı barədə elan çıxır. Bundan sonra Sevil həmin məktəbin "Poliqrafiya" ixtisasında təhsil alır. Özbək qızı Tursunoy Axunovanın maşınla pambıq yığımında göstərdiyi hünər barədə oxuduğu məqalə onun həyatını birdəfəlik dəyişir. O, sürücü mexanik olmağa qərar verir.

Özbək qızının "Qızlar, sükan arxasına!" hərəkatına ilk səs verənlərdən olub Sevil Qazıyeva. Üç rəfiqə - Məmləkət, Solmaz və Diləfruz Sevilə qoşulub Mərkəzi Komitəyə gedir. Onların "Niyə azərbaycanlı qız maşınla pambıq yığmasın?" tələbi nəzərə alınır. Bir müddət sonra Binədəki kənd təsərrüfatını mexanikləşdirmə məktəbində sürücü-mexanik hazırlayan kurs açılır. Kursa ilk yazılanlar da bu rəfiqələr olur. Onların ardınca 58 qız məktəbə sənəd verir. Sevil Qazıyeva Binədəki kənd təsərrüfatını mexanikləşdirmə məktəbini bitirəndən sonra könüllü şəkildə Beyləqan rayonuna işləməyə gedir. İstehsalat təcrübəsi zamanı Sevil maşınla 97 ton pambıq yığır. Təcrübəsi olmayan bir qız üçün bu, yaxşı göstərici idi. Bu qələbə təkcə maşınla yığımın müvəffəqiyyəti yox, həm də "maşın qız işi deyil" deyənlərin üzərində qələbə idi.

Sevil qızlar klubu açıb, gənc xanımları özfəaliyyət dərnəyinə toplamışdı. 1961-ci ildə Özbəkistanda sovet pambıqçılarının ümumrespublika toplantısında Azərbaycan nümayəndə heyətinin tərkibində Sevil Qazıyeva da iştirak edir. Sevil Özbəkistanda olarkən məşhur sovet pambıqçısı Tursunoy Axunovanın iş təcrübəsi ilə yaxından tanış olur. O, Daşkənddən qayıtdıqdan sonra Beyləqanda Axunova kimi kompleks-briqada yaradır və həmin briqadaya başçılıq edir. 1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mexanizasiya fakültəsinə daxil olan Sevil Qazıyeva işləyə-işləyə həm də qiyabi təhsil alır. Qısa müddət ərzində Azərbaycanın adlı-sanlı pambıqçılarından birinə çevrilən Qazıyeva 1962-ci ildə öz maşını ilə 190 ton pambıq yığır. Daha sonra o “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilir.

Sevil əmək cəbhəsində Sərdar İmrəliyevlə yarışırdı. Hər ikisi “əməkdar mexanizator” adını almış, birgə kompleks pambıqçılıq briqadası yaratmışdı. Pambığı özləri əkir, becərir, özləri də yığırdı.

Sevil xanım 1963-cü ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilir. Deputat seçilməsi Sevilin qayğılarını daha da artırır. O, eyni vaxtda həm başçılıq etdiyi briqadanın işlərinə nəzarət edir, həm də seçicilərinin problemləri ilə məşğul olur. Tələbə-deputat boş vaxtlarında isə imtahanlara hazırlaşır. Onun çağırışı ilə 600 nəfərdən çox qız mexanizator peşəsini seçir.

Onun böyük planları arzuları var idi. Lakin 1963-cü il sentyabrın 27-də Sevil Qazıyeva ömrünün bahar çağında, faciəli şəkildə vəfat edir. Bir gün axşamüstü - sahələrdən dəstə-dəstə qayıdan pambıqçılardan yarışdığı briqadirin ondan bir bunker çox pambıq yığdığını öyrənən Sevil yenidən tarlaya qayıdır. Amma onun ölümü haqqında yayılan xəbər hamını sarsıdır. Kənd camaatı gözlərinə inana bilmir: o, idarə etdiyi kombaynın çarxlarını təmizləmək üçün əyiləndə motoru söndürməyi unutduğundan saçları çarxlara ilişmişdi. Maşın onun başının dərisini tamam qoparmışdı. Həmişə sevərək oxşadığı saçları Sevili ölümə sürükləmişdi. Sevilin qatili hörükləri olmuşdu.

Ölümündən 3 il sonra Sevil Qazıyevaya Sosialist Əməyi Qəhrəmanı adı verildi. Yaşadığı ev 1986-cı ildə muzeyə çevrildi. Sevil Qazıyeva cəmi 23 il ömür yaşasa da, Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdırdı.

23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
30 Oktyabr 2024 Ermənilər hələ də mahnılarımızı oğurlayır - musiqi irsimizə necə sahib çıxırıq?
28 Oktyabr 2024 Azərbaycanda "Halloven" bayramını qeyd edənlərin sayı artıb - Psixoloq nə deyir?
17 Oktyabr 2024 Şirniyyat düşkünlərinə bəd xəbər – Risk çoxdur
16 Oktyabr 2024 Alimlər Marsda sirli strukturlar tapdı
16 Oktyabr 2024 Görücü Vanqa ili açıqlayıbmış - Bu tarixdə qiyamət qopacaq
15 Oktyabr 2024 Alimlərindən xəbərdarlıq: Süni intellekt öldürə bilir
14 Oktyabr 2024 Yadplanetlilərlə bağlı ŞOK XƏBƏR: Onların varlığı tezliklə AÇIQLANACAQ
14 Oktyabr 2024 1325-ci ilin xəritəsində Azərbaycan adı - FOTO
14 Oktyabr 2024 Bakıda hər kəsi heyran edən maşının sahibi görün kim imiş? - FOTO
10 Oktyabr 2024 Quyruq yağını bol-bol yeyin, çünki...
07 Oktyabr 2024 Azərbaycanın neçə kəndində internet yoxdur? - Rəsmi açıqlama
03 Oktyabr 2024 Məktəblilərin qida rasionu necə olmalıdır? - Mütəxəssisdən valideynlərə MƏSLƏHƏT

Xəbər lenti