|
963-1186-cı illərdə Mərkəzi Asiyada mövcud olmuş qüdrətli Qəznəvilər dövlətinin əsasını türk hökmdar Alp Təkin qoyub. Mavarənnəhr, Əfqanıstan, Şimali Hindistan və Xorasanda hökmranlıq etmiş bu türk xanədanlığı öz adını paytaxt Qəznə şəhərindən götürüb.
Qəznəvilər dövlətinin əsası 963-cü ildə qoyulsa da, dövlətin inkişafı 977-ci ildə hakimiyyətə gəlmiş Səbuk Təkinlə əlaqədardır. Səbuk Təkinin oğlu Sultan Mahmudun dövründə isə imperiyanın sərhədləri Ceyhundan Hind çayına və Hind okeanına qədər uzanmışdı. Qəznəvilər dövləti məhz Sultan Mahmudun dönəmində özünün ən qüdrətli dövrünü yaşayıb.
Kult.az xəbər verir ki, tarixçilər Sultan Mahmud Qəznəvinin dövlətin əsas dayaqlarını inkişaf etdirməklə yanaşı, orduya, xüsusən kəşfiyyat məsələsinə önəm verdiyini yazırlar.
Bunun nəticəsi kimi o, tarixin ən böyük casusluq şəbəkələrindən birini yaratmışdı. Bu, təkcə öz dövlətini deyil, qonşu ölkələri də əhatə edən bir beynəlxalq istehbarat təşkilatı idi. Sultan Mahmudun casusları hücumdan əvvəl ona çox vacib məlumatlar gətirir, hansısa şəhərin, yaxud ərazinin ələ keçirilməsində mühüm rol oynayırdılar.
Casusları müxtəlif şəhərlərin, eləcə də Konstantinopolun xəritəsini çəkib sultana göndəriblər. Məhz bu xəritə əsasında Sultan Mahmud Konstantinopol hippodromunun oxşarını bugünkü Əfqanıstanda inşa etdirib. Sultanın əmri ilə 144 fut hündürlüyündə zəfər qülləsi ucaldılıb ki, bu, Konstantinopoldakı zəfər qülləsindən dəfələrlə uca idi.
Daha bir maraqlı məqam ondan ibarətdir ki, Sultan Mahmudun kəşfiyyat təşkilatına çəkməçilər, dərzilər, tacirlər və başqa sahədə çalışan ustalar daxil idi.
Sultan o qədər mükəmməl təhlükəsizlik sistemi qurmuşdu ki, onun dönəmində bircə dəfə də olsun oğurluq hadisəsi baş verməmişdi.
Tarixi mənbələrdə yazılır ki, Sultan Mahmudun hakimiyyəti dövründə qızıl yüklənmiş yüzlərlə eşşək, qatır günlərlə küçələrdə qalırdı. Lakin heç kim o qızıllardan birini belə oğurlamırdı.
Hətta deyilənə görə, Sultan Mahmud “Gecələr satıcılar mağazalarının qapısını bağlamasınlar. Heç kim oğurluq edə bilməz. Əgər onların mağazalarından nəsə oğurlansa, mən öz xəzinəmdən əvəzini verəcəyəm” demişdi.
Sultan Mahmud ömrünün böyük bir hissəsini qanlı savaşlarda keçirmişdi. Xüsusən, 1001-1027-ci illərdə Hindistana təşkil etdiyi 17 hücum onu çox yormuş və xəstələnməsinə səbəb olmuşdu.
Həkimlər xəbərdarlıq etsələr də, Sultan onları dinləmir, davamlı olaraq döyüşlərə atılırdı. Bu ağır səfərlərin, yürüşlərin nəticəsi kimi – 1929-cu ildə xəstələnir və cəmi 1 il sonra 59 yaşında vəfat edir.
Bundan sonra Qəznəvilər dövlətinin çöküş dövrü başladı. Daxili ziddiyyətlər, əhalinin narazılığı və 1040-cı ildə Dəndənəkan döyüşündə Səlcuqlara məğlub olması bu dövlətin süqutu üçün zəmin hazırladı.