|
“Günlərin bir günü uzaq Amerika əyalətlərinin birində yerləşən bir sinaqoqda işləyən ravvinə (Yəhudilərin dini-əxlaqi həyatına başçılıq edən din xadimi, ruhani- red.) deyirlər ki, Azərbaycana gedib orada işləməlisən. Ravvin dəhşətə gəlir və düşünür: Azərbaycan, uzaq bir ölkə müsəlman ölkəsi, vəhşi bir yer. Orada mən öz geyimimdə necə görünəcəm? Orada məni küçədə döyərlər. Axı mənim ailəm var. O, göz yaşları içində gəlib rəhbərinə yalvarır ki, məni hara istəyirsiniz göndərin. Uzaq Afrika ölkəsinə göndərin, amma Azərbaycana yox. Lakin onlar ravvini məcburi şəkildə Azərbaycan göndərirlər. Bununla mənim sizə danışmaq istədiyim əhvalatın birinci hissəsi başa çatır. İkinci hissəni mən sizə danışmayacam. Özünüz təsəvvür edəcəksiniz. Üçüncü hissə isə bir cümlədən ibarətdir: bu gün həmin ravvin Azərbaycan vətəndaşı olmaq üçün Azərbaycan prezidentinə müraciət edib. Azərbaycan budur. Bax, bu cür binalar, gözəl məzmunlu yerlər, şəhərlər, kəndlər, obaları ilə. Təkcə bunlar dəyişmir. Azərbaycan insanı da dəyişir. Mənən başqalaşır. Demirəm, biz çox ağıllı oluruq. Biz daha ağıllı oluruq”.
Kult.az Publika.az-a istinadən xəbər verir ki, tanınmış ədəbiyyatşünas, yazıçı, filologiya elmləri doktoru Kamal Abdulla Bakı Kitab Mərkəzində oxucuları ilə görüşündə qonaqları bu çıxışı ilə salamlayıb.
Yazıçı daha sonra oxucularının suallarını cavanlandırıb.
- Dünya ədəbiyyatında yuxu məsələsi problem kimi bir çox əsərlərdə qoyulub. Həmçinin, “Kitabi Dədə Qorqud”da da bu məsələ var. Bu əsərlərin hamısında qəhrəmanın gördüyü yuxun reallıqda fəlakətə çevrilib. Gələcəkdə elə bir əsər yazmaq istərdinizmi ki, orada qəhrəman yuxu görsün və onun yuxusu reallıqda müsbət sonluqla nəticələnsin?
- Mənə elə gəlir, bu mövzu söhbətimiz üçün yaxşı başlanğıcdır. Mənim də çox sevimli yazıçılarımdan olan argentinalı yazıçı Borxesin belə bir sözü var: ədəbiyyat idarə edilən yuxudur. Təəssüf ki, bəzən bunu bir çox yazıçılar əsərlərindəki qəhrəmanları yatızdırmaq kimi başa düşür. Əslində isə ədəbiyyatdakı yuxu yazıçının yuxusudur. Onun əsəri bütövlükdə yuxudur. Onun qəhrəmanının yuxu görməsi ilə biz ədəbiyyatın qəribə, sirli, həssas məqamlarına yaxınlaşa bilmərik. Yazıçı gördüyü-bildiyi şeylərdən yazırsa, başqa bir gözəl yazıçı Folkner deyir ki, bu, ədəbiyyatın böhranıdır. Yəni Folknerin fikrincə, yazıçı görüb-bilmədiyi, şahidi olmadığı şeylərdən yazmalıdır. O zaman yazıçı əsl ədəbiyyatı yazır.
Sovetin vaxtında yazıçıları, şairləri zavodlara, fabriklərə göndərirdilər ki, orada fəhlə kimi işləməyi öyrənsinlər. Sənətkar kimi işə yiyələnsinlər. Bu da bir üsul idi. Sosializmin baxışı idi. Folkner isə bunun tam əksini deyir. Onun dediyi üsulda sən fantastikanın içinə yuvarlana və çıxmaya bilərsən.
Dədə Qorqud isə bəlkə də, bir xalqın gördüyü yuxudur. Çünki nə müəllifini bilirik, nə başqa bir şey. Mənim qənaətimə görə, Dədə Qorqud şəxsiyyət deyil, prinsipdir. Bunu yunan şairi Homer haqqında da deyiblər. Alimlər bildirib ki, Homer şəxsiyyət deyil. Yunan şəhərlərini, əxlaqını, mədəniyyətini birləşdirən bir prinsipdir. Biz isə Dədə Qorqudu tarixdən kənar bir əsər kimi dəyərləndirə bilərik. Onun tarixiliyinin göstəricisi də qəlizdir. Bir də görürsən, əsərin içində insanı eradan əvvəlki zamana aparır. Bir də görürsən başqa bir boy aparır 13-cü əsrə. Bütün bu zamanlardan bir şəxsiyyət necə keçə bilər? Ona görə də mənim aləmimdə Dədə Qorqud dastanları xalqın gördüyü bir yuxudur.
- Yeni əsəri yazmağa başlayanda ilk düşündüyünüz şey nə olur?
- İnsan, gərək, nədənsə təmizlənsin, arınsın. Daxilən yazmağa hazır olmalısan. Mən əvvəllər başa düşə bilmirdim, necə ola bilər ki, insan gün ərzində 5 saat oturub yazsın. Gərək elə məqam gəlsin ki, yazmaya bilməyəsən. Mən yazmaya bilməyəndə yazıram. Məsələn, bir ildir, bədii əsər yazmıram. Amma yazmazdan öncə, hər şeydən: gündəlik qayğılardan və bu kimi fikirlərdən uzaqlaşmaq lazımdır. Borxesin “Pyer Menar” adlı bir hekayəsi var. Hekayənin baş qəhrəmanı qarşısına məqsəd qoyur ki, Sevantesin “Don Kixot” əsərini yenidən yazacaq. Yazmağa başlayır. O nə etməlidir? Əgər o, 20-ci əsrin insanıdırsa, 4 əsr ərzində baş verən hər şeyi unutmalıdır. Paravozu, gəmiləri, təyyarələri, elektron məhsulları, inqilabları... Bunları unudub 16-cı əsrə daxil olmalıdır. O, bunları edir və sanki, “Don Kixot”u yenidən yazır. Hekayədə Borxes həm Pyer Menarın, həm də Servantesin “Don Kixot”undan misallar gətirir. Mən o misalları, bəlkə də, 50 dəfə oxumuşam ki, görüm, nə fərqi var. Ancaq nöqtə boyda da fərq yox idi. Ona görə də zamandan tamamilə təcrid olunmaqla əsərin uğurlu olmasına nail olmaq olar. Hər şeydən təcrid olunmaq və beynindəki ideyanı sözə çevirmək lazımdır.
- Bəzi oxucular üçün yazıçının əhval-ruhiyyəsi onun yaratdığı əsərdən əvvəl gəlir. Bəs sizin yaratdığınız əsərlərə əhval-ruhiyyəniz təsir edirmi?
- Mən buna əvvəlki sualda qismən cavab verdim. Yazarkən çalışıram ki, bacardığım qədər təcrid olunum. Məsələn, deməzdim ki, “Unutmağa kimsə yox...” kitabını bədbin olarkən yazmışam. Ümumiyyətlə, şeir istiqamətində ciddi mövqedə dayanan adam kimi tanınmıram.
- Bəs unutmağa kimisə tapmısınız?
- Dilçilər yaxşı bilir: Sintaktik strukturların iki qatı var. Bir üzdəki qatı, bir də dərindəki qatı. Bu sözün isə dərində iki qatı var. Biri odur ki, unutmağa kimsə yoxdur. Yəni heç kim yadımda deyil. Bir qatı da odur ki, hamı yadımdadır, unutmağa heç kim yoxdur.
- Mütəfəkkirlərdən biri deyir ki, insan yalnız yaradıcılıq prosesində özünü unudur. Bu fikrə necə münasibət bildirərdiniz?
- Ola bilsin, o sözdə həqiqət var. İnsan həyatda o qədər müxtəlif səhnələrdə olur, bir-birindən fərqli situasiyaların içinə girir ki, o, istər-istəməz dəyişir. Amma ona elə gəlir ki, o, özünü saxlaya bilir, dəyişmir. Mən bir dəfə yazmışdım ki, cürbəcür dostlar var: dəyişən və dəyişməyənlər. Bax, bu dəyişkən dostlar daha maraqlıdır. Dinamika dəyişənlərdədir. Dəyişməyənlər isə maraqsızdırlar. Lakin bu, o demək deyil ki, onlar pisdir.
Mikelancelonun “David” heykəli var. Lüt-üryan şəkildə... Heç kim o heykəlin lüt olmasına fikir vermir. Amma onun boynuna bir qalstuk atsan, o saniyə görünəcək ki, o, lütdür. Bu mənada da, insanın tək-tənha vaxtına həyatdan gələn xırda bir şey əlavə olunanda o saat görünəcək ki, o, tənhadır. Təxminən belə.
- Müasir dilimizdə qədim bədii təfəkkürün, xalq yaradıcılığının, mifologiyanın izləri hansılardır?
- Mifologiya yalnız qədim zamanlarda olmayıb. Bu gün də mifoloji təsəvvürlərin əhatəsindəyik. Bizim dilimiz hazırda məngənədədir. Buna bəzi alimlər “dilin xəstəliyi” də deyirlər. Məsələn, "qarşı yatan qara dağ” deyirik. Dağ yatıb? Yox. Biz bunu deyərkən dağın yatdığını təsəvvür etmirik. Mif odur ki, o dağa yatmış kimi baxaq. İnsana aid xüsusiyyətləri təbiətin üzərinə köçürüblər. Primitiv görüşlü insanlara elə gəlib ki, o dağ, həqiqətən də, yatıb və ayılacaq. Bu, mifoloji təsəvvürdür. Biz özümüzdən xəbərsiz onlarla danışırıq. Bir söz var: biz Ptolomey kimi düşünürük, Kopernik kimi düşünürük. Ptolomey deyir ki, Günəş Yerin ətrafında fırlanır, Kopernik isə deyir ki, Yer Günəş ətrafında fırlanır. Biz necə deyirik? Gün çıxır, gün batır.
- Adətən, yazıçılar, şairlər haqqında “yazı-pozu əhli” kimi ifadə işlədirlər. Yazmağa sözləriniz mövcuddur, bəs pozmağa nəyiniz var?
- Pozmağa əlim gəlməz, amma unutmağa çalışdığım, üzə çıxarmaq istəmədiyim şeylər olub. O da elə pozu kimi bir şeydir.
Mən çox tez yazıram. Çalışıram ki, yazanda olduğum hissdən aralanmayım. Ona görə də bəzən məni buna görə təqsirləndirirlər. Mən çalışıram ki, yazdığımla təsvir etdiyim arasında sərhəd olmasın. Dil sərhəddir, ətraf mühitlə insan arasında maneədir. Pis mənada yox. O mənada ki, sərhədlərdən kənara çıxmaq olmur. Amma mən çalışıram ki o sərhədi keçim, hiss olunmasın. Ona görə də sürətlə yazıram.
- Bundan öncəki suallardan birinə cavab verərkən yazarkən əhvalınızın yazıya təsir etməsi məsələsinə toxundunuz. Bəs yazmazdan öncə əhvalınızı necə formalaşdırırsınız? Bundan başqa, hər yazarın özünə uyğun qeydləri olur. Siz necə istifadə edirsiniz bu qeydlərdən?
- Özümdən deyim ki, mənim bir şeirim çevrilir bir hekayəyə, pyesə, sonra romana. Elə bil, başdan ayağa eksperimental laboratoriyadan keçir. Nəhayət, gəlib çıxır öz quruluşuna. “Unutmağa kimsə yox” şeirinin bir misrası idi. O misra gəlib bir romana çevrildi. “Yarımçıq əlyazma”nın özü də kiçik bir pyesdən ibarət idi. Sonra mən “Beyrəyin taleyi” və “Casus” pyeslərini birləşdirib “Yarımçıq əlyazma”nı yazdım.
Mənim üçün çətindir. Mən deyə bilmirəm ki, indi oturub şeir yazacam. Misra gəlirsə, şeir olur, cümlə gəlirsə, nəsr olur.
- Gənc yazıçılara tövsiyələriniz nədir?
- Özündən əvvəl o yolu gedənlərə böyük ehtiram! Böyük məhəbbət və sədaqət bəsləməsələr, heç nəyə nail ola bilməyəcək. Ancaq inkarçılıqla, nəyinsə üstündən xətt çəkməklə uğur əldə etmək olmaz. Ona görə də elə etmək lazımdır ki, sizdən əvvəl gələnlər desinlər ki, bizdən əvvəl gələnlərə salam olsun!
- Bir şair ömrünü öz əsərinizdə təsvir etmək istəsəniz, əsər hansı səpkidə olardı?
- Qəhrəmanı ədəbiyyat adamı olan əsərlər mövcuddur. Mən qarşıma elə bir əsər yazmağı məqsəd qoymamışam və bilmirəm necə olar. Mənim aləmimdə şair son dərəcə həyatsevər, nikbin təbiətli adamdır. Füzuli haqqında bir hekayə yazmışam. Orada Füzuli sizin təsəvvür etdiyiniz şəkildə deyil. Mən çalışmışam göstərəm ki, Füzuli evdə nə cürdür. Şeir yazmayanda necə olur. Kimi sevir, kimə nifrət edir. Biz həyatda Füzulini tanımırıq axı. Nizamini, Nəsimini tanımırıq. Ümumiyyətlə, şəxsiyyətlə onun yazdığını birləşdirməyə çalışanlar göylə yeri birləşdirməyə çalışanlar qədər sadədildirlər. Şəxsiyyətin öz yolu olur, yaradıcılığın öz yolu. Bu da təbiidir. İnsan öz əsərində mənfi obrazlar da yaradır, xoşagəlməz halları da qələmə alır.
- Adətən, yazıçı aləmini dəniz sahilinə bənzədirlər. Əsərlərinizi qələmə alarkən daxili aləminizdə nələr baş verir? Öz hiss-həyəcanlarınızı çatdırmaq istəyirsinizmi oxucunuza?
- Sahildən başlayaq... Mən dalğanın qayalara çırpıldığı anda yaranan köpükləri görmüşəm. Və o gözəlliyə aşiq olmuşam. Sonra başa düşmüşəm ki, yunanlar niyə Afroditanı köpükdən yaradıb. Yazıçının daxili aləmini sahilə bənzədən insan da yəqin ki, yazıçını gözəlliyə səsləyən bir şey kimi təsəvvür edib.
Normalda on metrə ya üzərəm, ya üzə bilmərəm. Ancaq mən hər dəfə yazıb qurtaranda elə bilirəm ki, Xəzərin bu başından o başına üzərək getmişəm. Ən yerinəyetməz arzularıma çatmışam. Dünyanın ən gözəl qızları ilə tanış olmuşam, dünyanın ən müdrik insanları ilə ünsiyyət qurmuşam. Dünyanın ən gözəl nemətlərindən dadmışam. Xeyli arıqlamışam, nərmənazik bir adam olmuşam. Hamını sevmişəm...
- Gündəlik tutursunuz?
- Aspirant vaxtımdan fikirlərimi yazdığım dəftərim vardı. Onun çox maraqlı bir tarixçəsi də var. 1973-76-cı illərdə Moskvada aspiranturada oxuduğum zamanlar idi. Onda aspirantlar evində qalırdım. Orada müxtəlif peşələrdə çalışan insanlar var idi. Günlərin bir günü xəbər gəldi ki, yazıçı Anar Moskvaya gəlib. Uşaqlar çox həvəsləndilər. Onunla tanışlığımız birtərəfli idi. Mən Anarı tanıyırdım, o, məni yox. Anara xəbər yolladıq ki, onu öz qaldığımız yerdə görmək istəyirik. O da qoltuğunda iki boğça hədiyyə ilə bizim aspirantlar evinə gəldi. Kiçik otaqda görüş təşkil etdik. Yeganə filoloq mən olduğum üçün baş məruzəni mən etdim. Anarı xeyli təriflədim. Sonra da məni təriflədi (gülür). O görüşdən sonra hiss etdim ki, Azərbaycan ədəbiyyatı ancaq ədəbiyyatçılar üçün deyil. Azərbaycan ədəbiyyatı indi ancaq ədəbiyyatçıların inhisarında qalıb. Neftçilərin, həkimlərin, mühəndislərin əhatəsinə bir az zəif girib.
- “Bir, iki, bizimki” əsərinin qəribə süjet xətti var. Bu əsəri yazmağa sizi nə ilhamlandırıb?
- Bu, mənim ürəyimdən gələn bir sualdır. Onun bir əhvalatı var. Məni dram əsəri yazmağa 3 dostum həvəsləndirib. Mən beləyəm. Məni ruhlandırmasan, tərifləməsən, yaza bilmirəm. O tərif edən dostlardan biri rəhmətlik Həsənağa Turabov olub. İkincisi gözəl rejissorumuz Vaqif İbrahimoğlu idi. Digəri isə gözəl tərcüməçi və ədəbiyyatçı Natiq Səfəroğlu idi. Mən çalışırdım ki, onlara nəyisə sübut edim. Mənə elə gəlir ki, pyeslərimin əksəriyyəti oxunmaq üçündür, bir-ikisindən başqa.
Günlərin bir günü qulağıma hardansa səslər gəlib doldu və mən birnəfəsə həmin pyesi yazdım. Orada bir maraqlı söz var: səsimdən yapış. O sözdən qəribə həssaslıq, səmimiyyət tökülür. Yazan kimi gətirdim Vaqifə. O, son dərəcə zövqlü, diqqətli insan idi. Oturub əsəri oxudu və dedi ki, mən bunu səhnəyə qoyacam. O əsər ilk dəfə YUĞ teatrında tamaşaya qoyuldu. Bu əsərin yazılma taleyi son dərəcə mistik oldu. Tamaşaya qoyulması da eləcə. Əsər tamaşaya qoyulanda baş qəhrəmanlardan biri ağır xəstələndi. Leonid Vaynşteyn pyesin musiqisini yazırdı. Musiqini bizə təhvil verdi və premyera günü öldü. Mən, Vaqif və o, ölümündən iki gün öncə görüşdük ki, musiqiyə görə təşəkkür edək. Onda Vaynşteyn dedi ki, mən artıq ölümdən qorxmuram. Mənə çox maraqlı gəldi.
Tamaşanın sonunda qız yerdə oturur və əsər bitir. Biz saata baxdıq. İnanın Allaha, bir adam yerindən tərpənmədi. Heç bir səs də yoxdur. On dəqiqədən sonra hamı başladı əl çalmağa. Təbii, burada əsas uğur tamaşanın rejissoruna aid idi.
- Dramaturgiyaya gəlməyinizə peşmansınızmı?
- Bilmirəm... Mənim üçün teatra düşmək çətindir. Mən gözümlə gördüm ki, İlyas Əfəndiyev 70 illik yubileyində teatrın arxa tərəfindən içəri girə bilmirdi. O qədər insan axını var idi ki, İlyas özü öz yubiley tədbirinə girə bilmirdi. Bu, mənim heç yadımdan çıxmaz. Teatrda, gərək, İlyas Əfəndiyev kimi olasan. Həyatını qoyasan. Məşqlərdə iştirak edəsən. Teatrla uzaqdan məşğul olmaq ağır məsələdir.
Bir dəfə özümə belə bir sual verdim. Bu üç romanı yazandan sonra daha xoşbəxt oldunmu? Cavabım da bu oldu ki, bilmirəm. Həqiqətən bilmirəm.
- Son dövrlərdə çap olunan ədəbi jurnal və qəzetlər bizi qane etmir. Sizcə, jurnalların belə zəifləməsinin səbəbi nədir?
- Mən də oxuyuram o jurnalları. Ancaq mənə elə gəlir ki, indiki nəşrlər də yüksək səviyyədədir. Arabir ləngimələr ola bilər. Jurnal həyatı insan həyatı kimidir. Bir də görürsən, bir nömrəsi bədbin ruhdadır, bir də görürsən ayda bir dəfə çap olunur. Ancaq bu gün “Ulduz”, “Azərbaycan qəzeti”ndə bir sistemlilik görürəm. “Ədəbiyyat” qəzeti özünün yolunu tapıb və o yolda müstəqil şəkildə gedir.
- Dövrümüzün postmodernizmi haqqında hansı fikirdəsiniz?
- Tam səmimiyyətimlə deyirəm: “Tarixi Nadir”i yarısına kimi oxumuşam, amma hələ də postmodernizm nədir bilmirəm. Bunu uydurublarmı? Tibb sahəsində var ha: əvvəl dərmanı uydururlar, sonra xəstəliyi. Bəlkə bu da ondandır. Mən postmodernizmi müxtəlif qollara bölünmüş bir ədəbi cərəyan kimi təsəvvür etməyə çalışıram. Ancaq bir hissəsini təsəvvür edə bilirəm: mətnlə oynama. Bəli. Mətnlə oynamaqda varam. “Dədə Qorqud”u dekonstruksiya etmişəm. Ona görmək istədiyim kimi baxmağa çalışmışam. İstəmişəm ki, o mətn bugünkü azərbaycanlılara yaxın olsun. Biz obrazların adi həyatlarını da görə bilək. Mən Dədə Qorquda bir yaşayış yeri düzəltməyə çalışmışam. Ona bir isti sevgi ocağı düzəltmək istəmişəm. Bunu qəbul etməyənlər də var. Hətta Anar bu əsərə görə Azərbaycan ədəbiyyatını təbrik etdi. Dədə Qorqud monumental bir heykəl idi. Mən istədim ona can verim. Ora bir lətifə qatdım. “Yarımçıq əlyazma”da “Dədə Qorqud”da olmayan cümlə yoxdur.