|
Kult.az tanınmış yazıçı Fəxri Uğurlu ilə müsahibəni təqdim edir:
- Fəxri müəllim, “Leylinin Məcnunluğu”, “İsgəndərin qanunu” və “Peyğəmbər” hekayələriniz süjet etibarı ilə diqqət çəkir. Sizcə, burada dekonstruksiya motivləri varmı?
- Dekonstruksiya demək olmaz, bu hekayələr silsilədir. Təbim gələndə yazmışdım bu 12 hekayəni. “Tanrı dağları” silsiləsi adlanır. Bu hekayələr içdən bir-birinə bağlıdır. Süjet baxımından hərəsi müstəqil yazıdır. Amma burada bir vahid konsepsiya və o konsepsiyaya müxtəlif rakurslardan baxış var. Bunlardan əvvəl isə mən “Əxlaq silsiləsi” adında 90-cı illərdə bir esse yazmışdım. “Əxlaq” deyəndə cəmiyyətdəki əxlaqdan söhbət getmir, metafizik əxlaq nəzərdə tutulur. Əslində, o silsilə də yarımçıq qaldı. Mən 7 nəzərdə tutmuşdum, amma 5-ni yazdım: əxlaq, azadlıq, tarix, müharibə, ədalət. Orada esse dilində, fəlsəfi-esse janrında müəyyən şeyləri deməyə çalışmışdım. Bu hekayələr də həmin mövzunun davamıdır, sadəcə, bədii formada. Fərhad-Xosrov, Atilla mövzusunda yazmışam. Bunlar mənim uşaqlığımdan maraqlandığım və içində olduğum mövzulardır. Biz artıq “Leyli və Məcnun”, İsgəndər, “Fərhad və Şirin” kimi mövzuları folklor materialı kimi əxz etmişik. Baxmayaraq ki, bizim yazılı ədəbiyyatımızda onun çox möhtəşəm nümunələri var. “Peyğəmbər” hekayəsində də ən müxtəlif peyğəmbərlərlə bağlı süjetlərdən istifadə olunub. Biri Yunus peyğəmbərin başına gələnlər, biri Musanın, biri İsanın, biri Məhəmmədin... Orada da təkcə motivlərdən istifadə olunub, ancaq məqsəd tamam başqadır. Bu mövzulara sərbəst yanaşmışam.
- Süjetləri görmək istədiyiniz formaya gətirmisiniz…
- Belə demək olarsa, yazıçı məqsədlərimə uyğunlaşdırmışam. Amma əlbəttə, o motivlərdən istifadə edərək. Bu isə yenilik deyil. Məsələn, Nizami haradan almışdı o mövzuları? “Şahnamə”dən götürmüşdü. “Xosrov və Şirin”i, “İsgəndər”i, “Bəhram şahın əhvalatı”nı Firdovsidən götürüb, lakin o mövzulara kifayət qədər sərbəst yanaşıb və daha geniş bir formada yazıb. “Şahnamə”ni yazmaqda Firdovsinin məqsədi bir başqaydı, Nizami isə burda İnsan-Allah konsepsiyasını qoyub. Yaxud “Şeyx Sənan” mövzusunda da yazmışam. “Şeyx Sənan”ı 12-ci əsrdə böyük fars şairi Əttar da yazıb. 20-ci əsrin əvvəllərində isə Hüseyn Cavid “Şeyx Sənan” pyesini yazıb. Mən də eyni süjetlərdən istifadə edərək, konseptual düşüncəmə uyğunlaşdırmışam. Demək istəyirəm ki, bunun ənənəsi qədimdir. Minillik ənənəsi var. Hətta Avropa intibahından sonra klassizm dövründə Avropa, fransız dramaturqları antik süjetləri götürür, o süjetlərin üzərində yeni əsərlər yaradırdılar. Servantes “Don Kixot”u yazanda cəngavər romanlarına, bir növ, parodiya kimi yazmışdı. Amma əslində, Servantesin “Don Kixot”u da cəngavərdir, ruh, mənəviyyat cəngavəri. Sözün hərfi mənasında yox. Burada parodiyadan daha yüksək şeylər var. Məzmun olduqca dərindir, xristianlığa bağlanan mövzudur.
- “İndi daha quşlar da, heyvanlar da bir-birini bir baxışdan tanıyırdı; aslan ceyranı dibinəcən görürdü, çaqqal dovşanın gözündən içəridəki mənzərənin tamaşasına dururdu, qızılquş şikarının içini çölünə çevirmirdi. Belə baxıb, belə görməyi Məcnun onlara öyrətməmişdi – öyrətməklə bunu öyrətmək olmazdı”, deyilir “Leylinin Məcnunluğu” hekayəsində. Məcnunun hekayədəki missiyası nədən ibarətdir?
- Bir əsəri yazanda müəllifin konkret məqsədi olur. Bu dediyiniz yazıda Məcnun tamamilə ilahi bir kamillik həddinə çatıb. Onun nəzəri düşən yerdə, haləsində təbiət qanunları susqun hala gəlir. Yəni belə deyək, vəhşi vəhşiliyindən xilas olur, ac aclığından. Məcnunun da ruhani enerjisi onlara ötürülür və onlar Məcnunun mənəvi hakimiyyəti altındadırlar. Ona görə də burada bir ilahi harmoniya var. Məcnunun daşıdığı ruh Allah ruhudur. “Dərviş” hekayəsində oğlandan soruşurlar ki, nə olmaq istəyirsən? Deyir, Allah olmaq istəyirəm. Həmin oğlanın istədiyi həddə çatmış adam Məcnundur bu hekayədə. Məcnun artıq bu harmoniyanı yarada bilib. Yəni mənəviyyatın qanunları təbiətin qanunlarına qarşıdır. Təbiətin qanunları çox zalımdır: yaşamaq uğrunda mübarizə, yemək-yeyilmək, daimi çarpışma, mübarizə. İsa Hüseynovun “Məhşər” romanında da var: “Xırda həşərat iri həşəratdan qorxur, qoyun qurddan, güclü gücsüzdən”. Biri var qorxu üzərində bərqərar olan hakimiyyət. Yəni bu təbiətin, materiyanın qanunları. Bu qorxu, nifrət və aqressiya üzərində qurulan qanunlardır. Biri də var mənəviyyatın qanunları: eşq, sevgi, İlahi qanunlar. Məcnun isə bu İlahi qanunların daşıyıcısı və qarantıdır. İlahi hakimiyyəti Məcnun təmsil edir burda. Belə deyək, o, İlahi qüvvənin Yer üzərindəki təmsilçisidir. Məcnun öz cisminə, təbiətinə qalib gəlib. Artıq onun beyini dünyaya ancaq mənəvi enerji buraxır. O mənəvi enerjinin də təsirinə, Məcnunun haləsinə düşən ən yırtıcı heyvan belə öz təbii, aqressiv varlıqlarından azad olub, öz mənəvi varlıq halına gəlir - ancaq Məcnunun mənəvi mexanizmi işə düşdüyü yerdə. Nəhayət, hekayənin sonunda dostu çıldaqçını gətirir. Özündən xəbəri olmayan, maddi təbiətindən xilas olmuş Məcnunun insani hisslərini oyadır. Mənəviyyat cəngavəri Məcnunun işi, missiyası insanlara mənəviyyat qanunlarını, eşqi, sevgini ötürmək, haqq-ədalətə çağırmaq idi. Yer üzündə dolaşan Allah idi. Deyir, Məcnun onların gözü ilə özünə baxırdı. Onlar da Məcnunda öz vətənlərinə baxırdı. Çünki dünya onun ruhundan yaranıb. Bütün maddi varlıqlar bunun ruhunun təcəssümü, təcəllası, görüntüsüdür. Məcnunun işə getdiyi saatlarda bu heyvanlar öz mənəvi mahiyyətlərinə qayıdırlar Məcnunun vasitəsilə. Onun bədən yaddaşını, sinirlərini oyatdıqda isə qorxu və digər şeylərdən ucada dayanmış Məcnunun maddi varlığını qaytarırlar. O, qorxu hissini, maddi varlığını hiss edəndə isə özü də dəhşətə gəlir ki, haradadır? Və bu an vəhşilər də öz mahiyyətlərini unudaraq Məcnunu yeyirlər. Çünki artıq bu, həmin o Məcnun deyil. Orada alternativ xətt də var – Nofəl xətti. Güclə ədaləti qurmaq istəyir. Deyir, mən dünyada zalımı susdurmağın gücdən başqa yolunu tanımıram.
- “İsgəndərin qanunu” hekayəsindən danışaq. İsgəndər dünyanı zor gücünə idarə etdiyi müddətdə dünya üzərində hakimiyyətini bərqərar etmiş, güclü bir hökmdara çevrilmişdi. Amma heç cür içindəki xoşbəxtliyini tapa bilmir, darıxırdı. Olimp dağında Əflatunla danışdıqdan sonra bir sıra islahatlar aparır. Deyərdim ki, güc hissə qalib gəlir. Çünki o, 17 ildir unutduğu məhəbbətini xatırlayır və əzab içində ölür. Yəni daha darıxmasa da, başqa bir mənəvi əzab çəkir. Hissdən doğan xatirələri İsgəndəri məhv edir.
- Burada söhbət belədir. İsgəndərin klassik İsgəndərə çox az dəxli var. Bu obraz mənə sadəcə bir fiqur kimi lazım olub. Materiyanın Allahı: İsgəndər dünyanın, təbiətin, yerüstü, material qanunların, cismani dünyanın Allahıdır. İsgəndərdən xəbərsiz qarışqa belə yuvasından çıxmazmış. Bütün dünya onun ovcundadır. Ancaq o yenə darıxır, çünki o dünya ilə heç bir mənəvi bağı yoxdur. Hər şey ona zorla tabe olub. Materiyanın qanunu nə deməkdir? Məsələn, cazibə qanunu. Fərz et ki, İsgəndər bu cazibə qanununun timsalıdır. Ona görə darıxır ki, onun nə bir qarışqa ilə, nə bir otla, nə insanla mənəvi bağlılığı var. Aristotel, yəni Ərəstun isə İsgəndərin burdakı hakimiyyətinin mürşididir. Olimp də mənəvi dünyanın simvoludur. Platon Olimpdə, ruhlar dünyasındadır. İsgəndər Olimpə çıxanda artıq dünyanı tamam başqa cür görür. Oradan dünyanın ruhunu, içini, qəlbini görür. Burada dünya ilə öz bağlarını tapır. Əflatunla qarşılaşanda deyir, bu nədir, burada məni heç kim saymır. Olimpdə bərabərlik idi. Burada da onların arasında fəlsəfi bir polemika olur. Qayıdıb gəlir, qanunlarını dəyişir, Ərəstun buna çox acıqlanır. Çünki Ərəstun dünya hakimiyyətinin zirvəsi idi. Platon (Əflatun) həm də idealistdir axı. Aristotel isə yerə bağlı filosofdur. Burada da mərtəbələr var. Platonun mərtəbəsi çox yüksəkdir, o həm də bir peyğəmbər sayılır. İdealizm nəzəriyyəsinin, fəlsəfəsinin banisidir. Dəyişdikdən sonra görürsənmi, bir çoban qızının məhəbbəti bütün bu dünyanı almaqdan daha üstündür. Folklorda da İsgəndər-çoban əhvalatları var. İsgəndər qayıdanda görür ki, cismi yoxdur, qayıdan ruh İsgəndərdir. Cismi gəmi kimi çiyinlərdə gedir, cisminə qayıtmağa gecikib. Orada da bir az mənalandırmışam ki, deyirlər, qızdırmadan ölüb, halbuki bunun ölüm səbəbi başqadır. Hekayələrin hamısında olduğu kimi, burada da mənəvi və cismani – iki dünyanın qarşılaşması var.
- “Peyğəmbər” hekayəsində özünüz də bildirdiyiniz kimi, müxtəlif peyğəmbərlərin xüsusiyyətlərindən formalaşdırdığınız obraz var. Bu obraz gecələr Tanrı buyruğuna qulaq asır, gündüzlər isə Allahın insanlara çatdırmaq istədiyini yanlış istiqamətdə çatdırır. Məsələn, Tanrı deyir, özlərini tapsınlar, peyğəmbər gəlib qorxunu təlqin edir və s. Bununla da dünyanın düzəni pozulur. Dünyanın düzənini pozan nədir?
- Dünyanı düzənə salan da insandır, düzənini pozan da. Burada da ikiləşmə var. Hekayədəki peyğəmbər gecələr ruh kimi dolaşır, cismi ruhuna tabedir. O, əslində dağda özü ilə görüşür. Orada ruhu ilə bədəni arasında bitməyən polemikası var. Gecələr bədən tamamilə susur, ruha tabe olur, ona görə də gecələr dünya daha yaxşı görünür. Gündüz isə dəyişib bir el başçısı olur.
- Qanturalı sizin yaradıcılığınızla bağlı yazdığı məqaləsində “İsgəndərin qanunu” hekayənizdə İsgəndərlə Əflatun arasındakı fəlsəfi söhbətin tam açılmış formada yazmağınızı tənqid edib. Bildirir ki, sizin oxucuya çatdırmaq istədiyiniz fikri tam çatdırmağınız düzgün mövqe deyil. Deyir, oxucunu düşünməyə məcbur etməlisiniz.
- Mənim hekayədə oxucuya demədiyim çoxlu mətləblər var. Dediklərim demək istədiklərimin zahirdən görüntüsüdür. Qanturalı elə bilir ki, nəyi demək istəmişəmsə, demişəm. Halbuki deyilməyən nə qədər mətləb var. Mən, sadəcə, ipucu vermişəm. Bu birinci məqam. İkincisi də baxmayaraq ki mən kifayət qədər açıq yazmışam, amma çox vaxt görürəm, anlaya bilmirlər. Yazılan məqalələri oxuyuram, görürəm ki, mənanı çaşdırırlar. Əslində, bu tip tənqidləri sakit qarşılayıram, narahat olmuram. Amma əlbəttə, yazıçı hər şeyi açıq deməli deyil. Bir məqam da var ki, mənim burada qoyduğum məsələlər konseptual məsələlərdir. Əgər mən açar verməsəm, oxucu tamam dağa-daşa düşər. Bunu isə bəzi başqa şeylərlə, klassik idealizmlə, sufizm fəlsəfəsi ilə qarışıq sala bilərlər, necə ki, salırlar. Əlbəttə, sufizm, idealizm mənim qəlbimə çox yaxındır. Mənim qoyduğum konsepsiyalar ilə o konsepsiyalar arasında isə çox ciddi fərqlər var. Bax, o fərqləri heç kim görmək istəmir, yaxud da görə bilmir. Bu qədər açıq demişəmsə, onda niyə görmürlər? Çoxlu tənqid də yazıblar, tərif də yazıblar, o məsələlərə isə heç kim toxunmayıb.