|
İkinci hissə
(Birinci hissə BURADA)
Əslində sərhəd məftilləri qırılıb doğrandıqdan sonra sərhəddə sözün həqiqi mənasında bir xaos yaşanırdı. Mənzərə aydın olsun deyə, kiçik bir fakt. Təsəvvür edin, bizim xidmət ediyimiz 7-ci zastava təminən 6 kilometrlik bir ərazini qoruyurdu. 7-ci zastava Şahtaxtı və qismən də Pusyan kəndinin bir hissəsinin İranla sərhədinə nəzarət edirdi. Yaşayış məntəqələrinin, necə deyərlər, bir addımlığnda olduğundan, bizim zastavanın nəzarət elədiyi sərhəd xətti bu qədər kiçik idi. Amma elə zastavalar da vardı ki - məsələn, əhali yaşamayan Böyük düzdə - 15-16 km sərhəd xəttini qoruyurdu.
Bilənlər bilir, zastava böyük hərbi hissə deyil. Uzaqbaşı 25-26 əsgər və zabitdən ibarətdir. Zabit və zastavada təsərrüfat işində çalışanları da çıxsaq, sərhədi hər gün 20-21 nəfər qoruyur. Gündə 6 saat olmaqla xidmətə gedən əsgərlər beləcə bir-birini növbəylə əvəzləyirlər. Yerdə qalan 18 saatda yatmağa, əyləncəyə də, istirahətə də vaxt tapılır. Amma…
Amma bu, 31 dekabrdan əvvəl idi. Bütün sərhədin siqnalizasiyalı tikanlı məftillərlə əhatə olunduğu dönəmdə. Adi çöl dovşanının sərhəd məftilinə toxunmasıyla həyəcan siqnalı çalınırdı. Sərhədçi ildırım sürətiylə özünü ora çatdırırdı. İndi nə siqnal vardı, nə məftil. Ümumiyyətlə, sərhəd anlayışı yox idi. Nəinki çöl dovşanı, insanlar belə gecələr total şəkildə sərhədi pozurdular. Biz sərhədçilər isə xaotik bir prosesin içində hələ də sovet sərhədlərini qorumaqda davam edirdik. Artıq xidmət saatı 12 saata çatmışdı. Təsəvvür edin, gündə 12 saat qarın içində gizlən, sürün, maskalan, sonra dur gəz…
Artıq İrandan özünə məişət əşyaları gətirənləri tutanı adi “qonaq” kimi qarşılayırdıq. Tutdun, sağ ol, izahat al, burax getsin. Amma İrandan bura təkcə ərzaq, xına, xurma, nə bilim, daha başqa əşyalar keçirmirdilər axı. Bunun siahı vardı, narkotiki vardı, valyutası vardı. Və bütün bunların öhdəsindən yarıyuxulu 20-21 sərhədçinin gəlməsi qeyri-mümkün idi.
Düzdür, martın ortalarında Naxçıvan sərhəd dəstəsinə SSRİ-nin ən böyük ali sərhədçi məktəbi - Moskva Sərhəd Qoşunları Məktəbindən xeyli kursant göndərdilər. Gələcəyin bu zabitləri bərkə-boşa düşməmiş, elə biz yaşda uşaqlar idilər. Praktik xidmətin nə olduğunu bilmirdilər. Bəzən xidmət vaxtı qorxduqları açıq-aşkar hiss olunurdu. Bununla vəziyyətdən çıxmaq mümkün deyildi. Vəziyyətin gərginliyi başqa vasitələrə əl atmağa məcbur edirdi. Bu isə mütləq kəşfiyyat xarakterli məlumatların toplanması idi. Bir sözlə, kəşfiyyat işlərinin aparılması. Etiraf edək ki, bu iş qısa müddətdə öz effektini verdi.
İncəliklərə varmayacam, amma adi bir misal: sonradan yüsək postlardan birini tutmuş adını çəkməyəcəyim birinin İrandan bu tərəfə tapança daşıdığı barədə dəqiq məlumat almışdıq. Həmin gecə onun hansı sahədən saat neçədə keçdiyi belə bəlli idi. Həmin adamı vur-tut 15 dəqiqə fərqlə ələ keçirdik. Üstündə bir az qızıl və alman istehsallı “Kolt” tapançası vardı. Onu dindirəndən sonra yerli hüquq-mühafizə orqnarına təhvil verdik. Və sonra nə baş versə yaxşıdır?
Növbəti səhih məlumat beləydi: Saat 2-də, “başnya” - sərhədin kənarında su qülləsi vardı, onu nəzərdə tuturdu - istiqamətindən keçəcək. Məlumat o qədər dəqiq idi ki, adam Arazdan çıxan kimi başının üstündə sərhədçiləri və zastavanın sevimli iti “Sezar”ı gördü. Yenə “Kolt” amma bu dəfə iki ədəd. Və yenə də izahat… və yenə təhvil. Və yenə sərbəst buraxılma.
Başqa bir misal. Amma bu dəfə ad çəkəcəm. Çünki illər keçəcək, biz onunla dostlaşacaqdıq. Söhbət Naxçıvan Xalq Cəbhəsinin ən odioz fiqurlanıdan olan Fərəməz Allahverdiyevdən gedir. O Fərəməz Allahverdiyev ki, həmin vaxtlar bircə çağırışına on min insan yığışırdı. Etiraf edək ki, sərhəd məftilləri söküləndən sonra fəal Naxçıvan cəbhəçilərinin böyük əksəriyyəti izlənilirdi. Hərəkət trayektoriyası anındaca bizlərə çatırdı. Yanlarına yerləşdirilmiş adamlar digər əlaqələndirici vasitəylə onların, tutaq ki, sabah hara gedəcək, nə edəcək, kimlərlə görüşəcəyini anındaca xəbər verirdilər. Elə Allahverdiyevin İrana keçəcəyi barədə informasiya da iki gün əvvəldən bəlli idi. Onu həbs etmək çətin olmadı. Sərhədə yaxınlaşmağa belə imkan verilmədi. Amma sonradan çox əcaib bir bəyanatla yadda qaldı: “Əsgərlər məni saxlayanda cibimdən pullarımı götürüblər”.
Təbii ki, belə bir şey baş verməmişdii və verə də bilməzdi. Sonradan özü mənə etiraf edəcəkdi ki, mən də belə qisas alırdım və bir yerdə buna güləcəkdik. Yeri gəlmişkən, Fərəməz Allahverdiyevi ordan Naxçıvana, Naxçıvandan isə birbaşa Moskvaya, məşhur “Lefertovo” həbsxanasına göndərmişdilər. Həbsdən buraxılandan sonra isə Naxçıvanda az qala milli qəhrəman kimi qarşılamışdılar.
Son günlər ən çox Muxtar adlı ilk baxışda üzdə olmayan bir cəbhəçi barədə məxfi informasiyalar gəlirdi. Əslən elə Şahtaxtından olan Muxtar bir dəfə sərhəd pozucusu kimi ələ keçmişdi. Amma üzərində yuxarıda qeyd etdiymiz kimi adi şeylər, məsələn konfet, 5-6 elektron saat, alışqan və ya hansısa ərzaq növü aşkarlanmışdı. Təbii ki, izahatı alınandan sonra sərbəst buraxılmışdı. Burda bir məqamı da mütləq qeyd etməliyəm. Sərhədpozanın özüylə gətirdiyi ərzaqın bir dənəsi və ya bir qramı da müsadirə olunmurdu. Bu, qeyri-rəsmi göstəriş idi. Çünki yerli əhalinin ərzaq sarıdan hansı əziyyəti çəkdiyini komandanlıq bilirdi.
Muxtar haqda nöbəti informasiya özünü çox gözlətmədi. İnformator israrla iddia edirdi ki, o, İranda gizlənən Nemət Pənahovdan məktub və pul gətirir. Amma Nemət bəy sonradan iddia edəcəkdi ki, o, nəinki İranda, hətta 7 dövlətin həbsxanasında olub. Muxtar isə ilk dindirmədəcə etiraf edəcəkdi ki: “Biz xallı-xalçalı bir evdə görüşdük. O, tək deyildi. Yarıhərbi və yarımülki geyimli bir neçə nəfər də onunla birgəydi”.
Məlumata görə, o, bizim qoruduğumuz 5-ci sahədən keçəcəkdi. Onu bu tərəfdə sərhəd xəttinin 50 metrliyindən keçən dəmiryolu xəttinin üstündə Hüseyn adlı şəxs qarşılayacaqdı. Hüseyn onu Qıvraq qəsəbəsinə aparacaq, orada başqa birisinə təhvil verəcəkdi. Qıvraqdan isə onu Naxçıvana aparacaqdılar. Bax, burda yadddaşım məni məyus edir. O, məktubu və üstündəkiləri ya Asəf Quliyevə, ya da Asif Kələntərlyə çatdırmalıydı. Onlar isə məktubu və onun üstündəkiləri Bakıya ötürməliydilər. Düzdür, Qıvraqdakı əlaqələndiricinin kimliyi bəlli deyildi, amma Hüseynin hər addımı nəzarətdəydi.
Muxtarın axşam saat 10 radələrində bəri keçəcəyi bildirilirdi. Yadımdadı, həmin gecə zil qaranlıq idi. Bir addımı belə görmək olmurdu. Şahtaxtında onsuz da neçə vaxt idi işıqlar yanmırdı. Tərslikdən sərhədin o biri üzündə yerləşən İranın Poldəşt şəhəri də nə səbəbdənsə qaranlığa bürünmüşdü.
…Gecəgörmə binoklı qarşı tərəfdə 3 nəfərin çaya yaxınlışdığını göstərirdi. Onlardan biri o tayda qaldı. Digər ikisi isə kiçik qayığa minib bəri üzürdü. Qayıq sahilə yan alan kimi iranlı qayıqçı dərhal geri qayıtdı. Naməlum adam isə cibindən kağız çıxarıb yandırdı. Dəmir yolunun üstündə tam nəzarətdə olan Hüseyn də həmin cür cavab verdi. Naməlum adam düz üstümüzə, pusqunun ortasına gəlib çıxdı. Hüseyn isə motosikli işə salmağa imkan tapmadı.
Bu, Muxtar idi.
Onu hərbi əks-kəşfiyatın kapitanı Skvrotsov dindirirdi. Mən isə tərcüməçilik edirdim. Muxtar hər şeyi boynuna aldı. Etiraf etdi ki, o tayda Nemətlə görüşüb. Üstündəki 5 min sovet rublu və qızıllar isə Naxçıvana göndəriləcək, ordan isə Yurd sədri Əli Kərimova çatacaq.
Skvortsovun dəfələrlə verdiyi “səndə Pənahovun məktubu var” sualına Muxtar «yox» deyə cavab verirdi. Muxtarın üst-başı, hər yeri axtarılmışdı. Amma məktub tapılmırdı ki, tapılmırdı.
- Bunun saxlanıldığı yerdən ta bura, zastavaya gətirilənəcən bütün yolu axtarmalıyıq sabah. Ola bilsin ələ keçəndə yerə tullasın. Onda məktub olub. Əsgər!
Növbətçi əsgər hərbi salam verib içəri girdi.
- Bunu aparın paltarqurutma otağına, ora istidir. Yemək və çay verin.
- Oldu!
- Mamedov, imkanın varsa, səhərəcən onun yanında qal. Ordan-burdan danışdır. Bəlkə ağzından nəsə qaçırar…
***
- Sən azərbaycanlısan?
- Yox, sadəcə Azərbaycan dilini bilirəm.
- Müsəlmansan?
- Hə, nə dəxli?!
- Bir yaxılıq edə bilərsən?
- Nə istəyirsən? Yemək verəcəklər indi, siqaret də verə bilərəm.
- O əsgər burdan gedə bilər.
Bu qaçmaqmı isətəyir? Onsuz da bir əli çərçivəyə bağlıdı. Ağla gəlməzdi.
- Əsgər, sən istirahət et, mən burdaym.
- Oldu!
- Eşidirəm səni.
- Sən bir məsələdə mənə kömək edə bilərsən?
- Nə olub axı?
- Mən əlli-ayaqlı getdim yəqin. Bir amanat var, onu Şahtaxtıdan kimə verib desən ki, Asifə çatdır, çatdıracaq.
- Nə amanat?
Ora-bura baxdı. Qapıya zilləndi. Və birdən nə etsə yaxşıdır? Ayaqqabsının dabanını qopardı. Siqaret kağızına bükülmüş məktub idi. Skvortsovun axtardığı məktub.
- Səni and verirəm Allaha, istəsən aç oxu. Adi məktubdu. Bunu kənddən kimə versən, çatdıracaqlar. Sənə yalvarıram.
Əməlli kövrəlmişdi. Əsgəri geri çağırdım. Muxtara yemək və çay verdik. Özüm isə Lenin otağına keçib, bəlkə də on dəfə qatlanmış məktubu oxumağa başladım.
Nemətdən idi. Məlum bir ünvana. Kimə olduğunu açıqamayacam. Amma bir məqamı xüsusi ilə qeyd etməliyəm: romantik və şairənə bir məktub idi.
Məktubu cibimə qoyudum. Geri qayıtdım. Muxtar səhərəcən çox şeydən danışdı. Arada bir kövrəldi də. Onu ən çox narahat edən uzun müddətə həbsə gedəcəyi idi. Bir qədər irəli gedib deyim ki, Muxatr həbsə getmədi. Bir həftə milis şöbəsində saxlanıldıqdan sonra sərbəst buraxıldı.
…Səhəri yenə poçtu götürməyə gedəndə məktubu dəmiryolunda işləyən fəhlələrdən birinə verdim. Bu məktubun ünvanına çatdırmasını xahiş etdim.
Həmkəndliləri Muxtarın xahişini yerinə yetirəcəklərinə söz verdilər. Poçtu götürüb zastavaya qayıtdım.
Artıq nahar vaxtıydı. Axşam saat 20-də isə xidmətə gedəcəkdim. Bir az tennis oynadıq. Sonra quru meyvədən kompot düzəldib içdik. Axşama doğru azca istirahətə ehtiyac vardı.
- Mamedov, rəis çağırır.
- Oldu.
Zastava rəisi və Skvortsov bir yerdə çay içirdilər.
- Gəl əyləş. Necəsən?
- Hər şey yaxşıdır, yoldaş mayor.
- Sən yaxşı əsgərsən. Sənin xidmətin demək olar ki, qüsursuzdu. Sənə DTK məktəbinə yollanmaq üçün xarakteristika verəcəm xidmətin sonunda.
Dik ayğa qalxdım:
- Sovet İttifaqına xidmət edirəm.
Mənim hərəkətim necə ani oldusa, Voloşinin əlini stola çırpıb üstümə bağırmağı da eləcə:
- Mamedov, sən Sovet İttifqına xidmət etmirsən, sən ona, səni böyüdən, oxudan bu dövlətə xəyanət edirsən.
Gözüm Skvortsova sataşdı. Bic-bic gülümsəyirdi.
Rəis isə əlindəki məktubu, hə, o məktubu az qala gözümə soxmağa hazır idi. Səsi zastavanı götürmüşdü:
- Bu nədi? İzah edə bilərsənmi bu nədi? Sərhədpozanın, sovet xalqının düşməni, avantürst birinin xarici dövlətdən göndərdiyi bu məktub zastavadan necə çıxır axı?
Başımı aşağı salıb susmaqdan başqa əlacım yox idi. Voloşin çox danışdı. Gah qışqırdı, gah səsini aşağı saldı. Bircə onu deyə bildim:
- Günahkaram yoldaş mayor.
- Çıx bayıra. Naryaddan azadsan bu gün.
Sözsüz ki, məktubu elə həmin o dəmiryolçu gətirib vermişdi. Çünki sərhəd kəndlərində agentura sistemi çox güclü olur. Mən də elə o agentin üstünə gedib çıxmışammış…
İlk ağlıma gələn bu oldu, hə, həbs qaçılmazdı. Amma bu 7-8 sutkalığa oxşamırdı. Bıçaq vursan, qanım çıxmayacaq bir vəziyətdə idim. Əsgər yoldaşlarıma belə durumu izah edəmmirdim.
İki saat da keçdi. Bu dəfə Skvortsov çağırdı.
- Mamedov, nə etdiyinin fərqindəsənmi?
- Bəli.
- Voloşinlə danışdıq. 6 aydan sonra evə qayıdırsan. Gələcəyin var. Gəncliyinin məhv edilməsini istəmirik. Bu gün xidmətdən azadsan. Sabah hər şeyə davam. Voloşinlə danışdıq, öz aramızda qalsın. Sonuncu dəfə olsun. Get, xidmətinə davam et!
- Sovet İttifaqına xidmət edirəm…
- Ehhh…
Skvortsov əlini yelləyib aralandı…