|
Sən bəlkə də sevinərdin
baxıb dənizə sarı,
heç yuxuna girməzdi
rus çarının tankları
Vaqif Səmədoğlu
20 Yanvar hadisələri haqda sonuncu dəfə on beş il bundan öncə yazmışam. Geniş bir yazıydı. İndi o yazını tapa bilmirəm, o vaxt mətbuatda çap olunmuşdu. O yazıda çox kəskin ittihamlar vardı, olduqca emosional bir yazıydı.
Yazının adını da xatırlayıram: “Sabahımıza aparan yol”. Niyə belə pafoslu başlıq seçmişdim, deyə bilmərəm. Yəqin zamanın havasına uymuşdum.
...O günü bütün aydınlığıyla, daha dəqiq desək, qaranlığıyla xatırlayıram. Qaranlıq bir gün idi. Sözün bütün mənalarında. Hava hələ ertədən tutqun idi. Ordu hissələrinin Bakıya yeridiləcəyi haqqında şayiələr dolaşırdı, amma heç kim ordunun dinc əhaliyə atəş açacağına inanmırdı. Rəhbərlikdə təmsil olunan şəxslər televiziya ilə çıxış edərək xalqı inandırmışdılar ki, ümumiyyətlə, ordu Bakıya girməyəcək. Amma mərkəzin “demokratiya” oyununun kiminsə başında çatlayacağı şəksiz idi. Rəhbərlərin qətiyyətsizliyi hansısa fəlakətə səbəb olacaqdı. Lakin belə bir sonluq kimin ağlına gələrdi...
Yadımdadır, Vəzirov hansısa zavoddakı görüşündə müdafiə dəstələrinin yaradılmasından danışmışdı. Sən demə, bütün bu söhbətlər ordunu Bakıya çağırmaq üçün bir bəhanə imiş. Hadisədən təxminən bir həftə əvvəl Bakıdakı erməni evlərinə basqınlar oldu. Sumqayıt hadisələri kimi, bu hadisələr də öncədən ustalıqla planlaşdırılmışdı. Yanvarın 13-14-də Bakıda SSRİ-nin müxtəlif guşələrindən gəlmiş yüzlərlə cinayətkar olub. Milliyyəti bilinməyən bu adamlar məqsədyönlü şəkildə şəhərə yeridilmişdi və onlar təxribatlar törətmək üçün təlimatlandırılmışdı.
Köhnə siyasətdir. Vaxtilə, Pyotrun, Yekaterinanın çarlığı dövründə də ermənilər şikayət məktubları yazırdılar ki, qoymayın, müsəlmanlar bizi burda qırır. Bu da rusların Qafqaza yürüşündən ötrü əsas bəhanə olmuşdu. Təxribatın motivi eyni idi.
Bir də onu xatırlayıram ki, fransız mətbuatında Qorbaçovun Qarabağ hadisələrinə münasibəti belə ifadə olunmuşdu: “Tatarlar qəzəblənib”. Bunu səhv etmirəmsə, sonralar Sabir Rüstəmxanlı da yazmışdı. Biz isə düşünürdük ki, tatar ifadəsi çarizm dövründə qalıb.
Xalqın arasında total bir vahimə dolaşırdı, heç kəs də bu vahiməni yaxına buraxmaq istəmirdi. Bizim kənddən cavanlar dəstə-dəstə toplaşıb avtobuslarla Qala yoluna axışırdılar.
Havalı vaxtlarım idi, 88-ci ildən dərsləri buraxıb mitinqlərə gedirdim. Valideynlərim buna görə ciddi narahat idilər və məni gözdən qoymurdular. Həmin gün atam Neft Daşlarındaydı, anam evdə tək idi. Bütün kənd əhli “Məşədi Qərib” məscidinə toplaşmışdı, şəhərdən həyəcanlı xəbərlər gəlirdi. Hamı eyni fikirdəydi: “Ordunu şəhərə buraxmayacağıq!”
Mən heç vaxt insanları bu qədər yekdil görməmişdim. Cavanların gözündən qığılcım yağırdı. Hamının sözü bir idi. Qorxaqlar qorxu hissini unutmuşdu, qorxmayanlar kütləni meydanlara səsləyirdi. Qala qəsəbəsindən şəhərə gedən yolda barrikadalar qurulmuşdu. Yanvarın 19-u günorta cavanlara qoşulub barrikadalar olan yerə getdim.
İlahi, bu insanları yerindən dəbərtməkmi olardı?! Onlar şəhərdən gələn yola canlı çəpər çəkmişdilər. Sonra öyrəndik ki, “Salyan kazarması”nda da camaat yolu bağlayıb. Avtobuslarla ətraf kəndlərdən ərzaq daşınırdı ki, burda duranlar ac qalmasınlar. İndi xatırlamıram, şəhərdən iki-üç nəfər gəlib camaatı dağılışmağa çağırdılar. Yadımdadır, dedilər ki, hər cür təxribat ola bilər, provokasiyalara uymayın, dağılışın.
Ancaq heç kəs yerindən tərpənmədi. Onlar bu çıxışın heç kəsə təsir göstərmədiyini görüb adamlarla ayrı-ayrılıqda söhbətlər aparmağa başladılar. Dedilər ki, “Salyan kazarması”nda da camaat yığılıb. Amma hər şey ola bilər, küyə getməyin, gedin evinizə.
Amma kütlə israrlıydı. Kütlə qana yerikləyirdi.
Axşamüstü kəndə qayıdan avtobuslardan birinə minib evə gəldim. Anam qonşu arvadları başına yığıb əməlli-başlı ağlaşma qurmuşdu. Məni görcək azca toxtadı.
- Ay bala, getmə ora! Ora qan çanağıdı! Getmə! - dedi.
Vur-tut 15 yaşım vardı, bəlkə də vəziyyətin ciddiliyini tam mənada dərk eləmirdim. Amma anamın ürəyinə nəsə dammışdı.
O axşam anamın yalvarışlarına əhəmiyyət verməyib gözdən yayındım, dayım oğlunun maşını ilə yenidən Qala yoluna qayıtdım və...
Kimsə odlu-alovlu çıxış edirdi, deyirdi ki, bizim silahımız yoxdur, amma üstümüzə qoşunla gəlirlər! Lenin sağ olsaydı, bəlkə elə özü kəndli kütləsini bu quduzlaşmış quruluşu yıxmağa səsləyərdi.
Uzaqdan atəş səsləri eşidildi və kütlə sim kimi gərildi. Qaranlıqda güllələr uçuşurdu. Kütlə bir anda noxud kimi ətrafa səpələndi. Hərə bir tərəfə qaçırdı, ətrafda qışqırıq səsləri eşidilirdi. “Öldürdülər!!!”, “Qaçıııın!!!” deyə hayqırırdılar.
Dayım oğlu “Jiquli”sini şam ağaclarının arxasında, torpaq yolda saxlamışdı. İkimiz də maşına tərəf cumduq və magistral yola çıxmağa imkan olmadığından Qala-Şüvəlan yoluna çıxdıq.
Ölüm qorxusunu bütün dəhşətilə ilk dəfə onda hiss elədim. Dayım oğlunun əlləri əsirdi, özünü elə itirmişdi ki, xeyli yolu maşının işıqlarını yandırmadan sürmüşdü, sükanı nizamlaya bilmədiyindən maşın tez-tez çala-çuxura düşüb silkələnirdi. Kəndə çatanda maşından düşə bilmədim, ayaqlarım tutulmuşdu... Dayım oğlu hönkürə-hönkürə “uşaqlar qırıldı!” deyib Qorboçovun yeddi arxa dönənini söyürdü.
Sağ-salamat evə gəlib-çıxdığıma inana bilmirdim. Evdə işıqlar sönmüşdü, anam əl radiosunu açıb şəhərdəki vəziyyətdən xəbər tutmaq istəyirdi, amma heç bir dalğa tutmurdu. Rəngimin ağardığını görüb məni qucaqladı:
- Nəsə olub?
- Adamları gülləyə tutdular, - dedim.
Hələ şəhərdəki faciədən xəbərimiz yox idi. Amma sövq-təbii anlayırdım ki, şəhərdə toplaşanları da qırıblar.
Tanklar şəhərə girmişdi...