|
XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Mir Cəlal Paşayev müdrik insan, görkəmli yazıçı və ədəbiyyatşünas alim kimi məxsus olduğu xalqın yaddaşında əbədiyaşarlıq qazanan insanlardandır.
Bu gün təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da bu böyük ədibin həyat və yaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri nəşr olunaraq maraqla oxunur.
İşimlə əlaqədar olaraq görkəmli yazıçının Dövlət Ədəbiyyat və İncəsənət arxivində saxlanılan 1 saylı fondunu yenidən araşdırmaq qərarına gəldim. Həmin fondun 2-ci siyahısında görkəmli ədibin işıq üzü görməmiş bir neçə hekayəsinə rast gəldim. Ərəb qrafikası ilə yazıldığından həmin hekayələri müasir əlifbaya çevirməli oldum. Həmin hekayələr arasında yazıçı “Bağbanın hekayəsi”ni sevimli oğlu, görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, akademik, Əməkdar Elm Xadim, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevə həsr etmişdi.
Böyük alimin anadan olmasının 85 illiyi münasibəti ilə həmin hekayəni ilk dəfə sevimli oxucularla tanış etmək istədik.
Aslan Qasımlı (Kənan)
ADTA-nın direktoru
***
Bağbanın hekayəsi
(Oğlum Arifə hədiyyə)
Uşaqlığdan mən təbiəti sevərəm. Çölün, düzün təmiz, ətirli havasından qəlbim açılır. Dağlar da yaşıl cəmənliklərdən ağaclıqlarda gəzməkdən, göy ot üstündə uzanıb seyr eləməkdən doymaram. Quşların avazı, suların şırıltısı mənə musiqi kimi gəlir. Bağda, bağçada mənim üçün hər şey gözəldir. Ağacların gövdəsində karvan yolu salan qarıncalar, çiçəklərə qonan arılar güllər başında oynaşan kəpənəklər, ağaclarda yuva salan quşlar... hamısı, hamısı mənə xoşdur.
Mən gülləri, çiçəkləri iyləməkdən başqa, onları bəsləməkdən də həzz alıram.
Həyətimizdə bir baxça salmışdım. Pəncərənin qabağında bir cərgə qırmızı, bir cərgə ağ gül əkmişdim. Bahar vaxtı həyətim al-əlvan olurdu. Məhərrəm gülü, söyüd gülü, xətmi gül, zanbaq və sairə.
Güllərin tez bəslənib böyüməsi üçün meşədən qara torpaq gətirmişdim. Əvvəllər bitkiləri əl ilə sulayırdım. Güllər böyüyüb qol-budaq atanda yetirə bilmədim. Həyətə su çəkməli oldum.
Su gələndən sonra sanki həyətdə hər şey yenidən canlandı. Gül kollarının dibi ilə sanki torpağı yalaya-yalaya lal axan çay suyu həyətə daha da şənlik gətirdi. Mən gül cərgələrinin arasında bir suxur açdım. Uzaq yollar gələn çay suyu burada əylənib dincəldi. Bir ayna kimi duruldu.
Gün keçdi, həftə gəldi, ay dolandı, il gəldi. Həyətim güllü-çiçəkli cavan bir bağçaya çevrildi. Yaz başı küçəmizdən keçənlər ətir iyindən valeh olub dayanırdı.
Mən övladın sevən bir ata kimi gül kollarının başına dolanırdım. Onların şax budağını, yaşıl və tər yarpağını gülümsəyən qönçəsini su gördükcə sevindim. Güllərim açanda, ilk qonaqlarım quşlar olurdu. Onlar güldən-gülə qonurdu. Məktəblilər kimi səsi səsə verib mahnı oxuyurdular.
Mən bağçamı səliqə ilə qoruyardım. Çiçəklərimə kobud bir əl dəyməyə qoymazdım. Mən istərdim ki, həyətimdən gül sovulmasın. Onları budağından üzməzdim. Bilirdim ki, üzülən güllərin ömrü az olur, vətənindən ayrılmış kimi tez solub gedir.
Güllər öz yerində daha gözəl görünürdü. Otağımda oturub pəncərədən baxardım. Xalça kimi bəzəkli güllərə divardan küçəyə boylanan armud, gilas ağaclarına, göyün aynası kimi görünən... baxdıqca dincələrdim. Bütün əzab-əziyyətlərim tər kimi canımdan çıxardı. Özümü rahat hiss edərdim.
Gündüzlər işdən qayıdan kimi güllərə salam verməyə baxçaya gedərdim. Onlar da məni görüb budaqları ilə ürpənər, sanki salamıma cavab verərdi. Ürpənən kimi kəpənəklər, arılar qalxıb təzədən oturardı.
Yazın isti günlərindən biri idi. Yorğun-arğın işdən qayıtmışdım. Pəncərəmi açıb baxçaya baxdım. Məxmər güllər gözümə bir təhər dəydi. Deyəsən onların içinə xal düşmüşdü. Açan güllərin başı deyəsən seyrəlmişdi. Yəqin ki, əl dəymişdi. Yaxınlaşıb gül budağına diqqət elədim. Dərilmiş gülün ölüşgən saplağları sallanırdı. Sanki onlar uşaq kimi boynunu çiyninə qoyub mənə şikayət edirdi: “Bu nə işdir. Güllər kimin zavalına gəlib?”
Gözlərimə inanmırmış kimi, budaqları bir də yoxladım. Yəqin etdim ki, qırmızı və ağ gülləri dərən var.
Sabahısı yeni açılan qönçələrin həvəsi ilə bağçama girəndə daha bir seyrəklik gördüm. Dünən gördüyüm günəş kimi dəyirmi və böyük bir gülün yox olduğunu gördüm. Gülün tək və yaprağı saplağın başı qırılmış vaz kimi şax dururdu: “Mənim baxçama dadanan kimdir. Bu gözəl gülləri qopardıb solduran, onların açılmış gülə, həyatına hayıfsızlanmayan kim ola bilər?”
Düşündüm ki, kimsə gül dərən yenə gələcəkdir. Mən güdməliyəm öyrənim, görüm bu nə olan işdir.
***
Hələ gün çıxmamış yaz səhərinin sükutunu pozan quşlar məni yuxudan oyatdılar. Pəncərələri açdım. Gül dərəni pusacağım yadıma düşdü. Əyilib gül kollarına baxdım. Külək yox idisə də budaqların bəzisi tərpənirdi. Deyəsən onların arasında gəzən var. O biri pəncərəyə keçib diqqət elədim. Köynəyinin ətəyinə gül sıxan bir qız uşağı idi. Mən onun dağınıq saçlarını, pərişan libasını görə bildim. Üzü küçəyə doğru gedirdi. Güllərin arasından ötəndə otları ayaqlayan yalın və balaca ayağını və şehli dabanlarını, açıq topuğunu gördüm. Dillənmək, onu səsləmək istədim. Lakin artıq gecikmişdim. O xəyal kimi yox oldu. Gül oğrusuna olan heyrətim daha da artdı. Nigarançılığım da çoxaldı. Bayaqdan dərilən gülləri fikirləşirdim. İndi isə o balaca qız mənə yuxu kimi gəlirdi. Açılmamış 7-8 yaşlı bir uşağın mənim bağçamda nə işi var. Gül onun nəyinə lazımdır. Yazın bu qism gecələrində başqa uşaqlar şirin yuxuda olan bir zamanda bu qıza nə olmuşdur. Mən bilsəydim qızın dalınca getsəm taparam və öyrənərəm, vacib işimdən də əl çəkərdim. Amma daha gec idi. Gün qalxmışdı, uşaq çoxdan yox olmuşdu.
Ola bilər ki, bu balaca qız da mənim kimi güllərə aşiqdir. Lakin anlamır. Mən onu çağırıb evimə gətirməliyəm. Pəncərəmin qabağında əyləşdirməliyəm. Deməliyəm ki, bağçaya, güllərə, onların gözəlliklərinə buradan baxsın. Qoy görsün ki, güllər, çiçəklər, bitkilər seyrdə nə qədər gözəldirlər. Onları bəsləyib, böyüdən, ucaldan və onlara həyat, fərəh verən budaqların üstündə qəşəng olduqları qədər, heç bir xanımın döşündə olmayacaqlar. Qoy uşaq anlasın ki, güllərin bitdikləri yerə işıq saçmalı, böyüdükləri mühit ətrlə doldurmalıdır. Ana yerdən, ana torpaqdan ayrılmağın, uzaq düşməyini uşağa anlatmalıyam. Anlatmalıyam ki, dərilən güllərin saralıb solması ancaq bundadır. Qızcığaz bunu anlamasa, mənim bağçamın bəzəginə toxunar. Tutduğu əməldən peşman olar.
Səhəri gün dan üzü yerimdən qalxdı. Daldayi bir yerdə gilas ağacının altında dayanıb qızın yolunu gözlədim. Birdən qız boz pişik kimi güllər arasında göründü. Səsləmək istədim. Ürəyim gəlmədi. Düşündüm ki, diksinər, qorxub, qaçar. O öz bağçası kimi güllərə diqqətlə baxır, diyəsən seçirdi. Hansıları seçirdi, nə üçün seçirdi, bilmirəm, dərib ətəyinə yığırdı.
Çox dərmədi. Qayıdıb gedəndə qızın dalınca düşdüm. Onu izləmək, gülləri haraya apardığını bilmək istədim: “Bəlkə bunu bir öyrədən var”.
Qızdan xeyli aralı dalda gedirdim. Yaxınlaşmadım ki, duymasın. Qızcığaz tozlu, əgrim-ügrüm yolun qırağı ilə, kölgəli yerlər ilə yeyinləyir, deyəsən tələsirdi. Hərdən sifətini örtən saçlarını aralayıb qulaqlarının dalına yığırdı. Dala baxmadan gedirdi.
Qız məni aparıb dəmiryol stansiyasına çıxardı. Vağzalın satış meydançasına tərəf dayandı.
Günortaya üç saat qalmış minik poyuzunun gələn vaxtı idi. Satıcılar hazırlaşırdılar.
Qız güllərini divarın üstünə düzdü. İkisini də əlində tuturdu, dayandı. Poyuz dikəldi. Uzaq yollardan gəlib ötən miniklər vaqonların qapısından basa-bas ilə tökülüşdülər. Kimi çaynik əlində isti su gətirməyə tələsirdi. Kimi papiros köşkünə qaçır, kimi meyvə dalınca yügürürdü.
Mənim kimi təbiəti, baharı sevən miniklər, gül satan qızı əhatə etdilər. Mən də özümü müştərilərin arasına saldım. Fürsət idi. Qızın sifətinə, libasına diqqətlə baxdım: qaragün girdə sifət, ağbəniz qız idi. Adi çitdən, köhnəlmiş və ətəyi gül tikanları ilə didilmiş bir donu var idi. O gülün birinə bir abbası istəyirdi. Xanımlar qıza acıdıqlarındanmı, çoxu xırda pul gözləmək istəmədikləri üçünmü bir manatlıq verirdilər.
Qız güllərini satdı. Pulu sayıb yoxlamadı da. Ovcunda dəsmal kimi sıxıb büzüşdürdü. Birbaş şəhərə qayıtdı.
Qız geniş mağazalar olan küçənin sağ səkisi ilə gedirdi. Mən sol səkidən ona göz qoyub yeriyirdim. Mən hər tərəfdən gəlib-gedən adamlar içində qızı itirməkdən qorxurdum. Qız olan səkiyə keçdim. Qız gözdən itdi. Qabaq tərəfə yügürüb axtardım. Mağazaları bir-bir girib, yoxladım: qız ... idi. Çörəkçi ... bir yerinə boylananda, əlində bir parça çörək ayağının altına baxa-baxa çıxmaq istəyən qızı gördüm. İstər-istəməz onunla qabaqlaşdım. O, mənim düz gözümün içinə baxırdı. Elə bil, “yol verin keçim” deyirdi.
Ötüb getdi. Mən onu şübhəyə salmamaq üçün bir az gözlədim: sonra yenə izləməkdə davam etdim.
Biz gəlib şəhərin ən yoxsul kvartallarından olan Qonşular küçəsinə çıxdıq. Qız uçuq bir divardan keçib alçaq bir daxmanın qapısını tıqqıllatdı.
Mən xəyalımda soruşurdum: “Bura kimin evidir? Qız öz evlərinə gəlmişdirsə, nə üçün qapını döyür? Yox, özgənin evidirsə, qız nə üçün özgənin evinə gedir?”
Yəqin içəridən səs gəldiyi üçün qız qapını açdı. Torpaq və alçaq damın balaca qapısı açıldı. Qız qaranlıq evə girdi.
Mənim səbrim tükənmişdi. Daha dözə bilməyəcək idi. Yaxına gedib qapını döymək istəyirdim ki, bir də gördüm qız çıxdı. Ancaq əlində heç nə yoxdur. Yoluna düzəlib gedəcək idi ki, məni qapı ağzında gördü. Bir az duruxdu. Səmimi və tanış bir səslə soruşdu:
- Kimi axtarırsınız, əmi?
- Səni axtarıram, qızım!
Mənim sözümü o zarafat sayıb getmək istədi:
- Qızım dayan, sözüm var.
Qız dayandı. Əlbəttə ki, bu uşaq ilə ehtiyatlı danışmaq lazım idi. Lakin mən nədən başlamağın daha münasib olduğunu fikirləşməsəydim:
- Qızım, - dedim, - iki saatdır ki, mən dalınca gəzirəm.
- Sən kimsən?
- Mən güllərini oğradığın bağbanam!
Qız başını aşağı saldı. Mən dedim:
- De görüm, qızım, uşaqlar günahsız olurlar, doğrusunu de görüm, mənim zəhmət çəkib böyütdüyüm-yetirdiyim gülləri niyə dərirsən? Onları ondan-bundan əlində niyə soldurursan? Sən bağçamda tac kimi şax dayanan gözəl güllərin solmağına niyə razı olursan? Səni buna məcbur edən nədir?
Qız qapını açdı:
- İçəri buyurun, - dedi. - Bəs buna nə deyirsən? Bu saralıb, solsunmu, yazıq deyilmi?..
İçəridə bir həsir parçası, üstündə naxoş bir uşaq uzanmışdı. Uşağın bəni tam ərimişdi. Bir dəri, bir sümük qalmışdı. Mən onun quru sifətində çanaq kimi iri görünən göz çuxurlarını, bir də qızın gətirdiyi çörəyi ağır-ağır çeynəməsini görəndə yazığım gəldi. Onun ac gözləri məntiqiylə sanki mərhəmət diləyirdi. Mən qızdan soruşdum:
- Bu sənin nəyindir?
- Heç nəyim. Suya gedəndən sonra səsini eşitmişəm, çörək istəyir.
Qızcığazın anası bu daxmanın qonşuluğunda qulluqçuluğa, beşikdə ... qoymuşdu. Uşaq yatan zamanlar fürsət tapıb yetimə çörək gətirirmiş. Hətta xanımı bilib acıqlanmışdı da. Bu qız xəstəni göstərib deyirdi:
- Mən gətirməsəm ac qalır. Çörək boğazımdan keçmir. Sizin güllərdən buna çörək çıxır.
Qız artıq söz deyə bilmirdi. Xəstəni göstərib müqəssir kimi məhzun-məhzun mənə baxırdı.
Mən o balaca uşağın qəlbindəki mərhəmətə heyran qaldım. Mən güllərimi solmaqdan qoruduğum halda, o, canlı bir insanı solmaqdan qoruyurdu. Gözəllik, ətir üçün bəslədiyim güllərin möhtac bir insana köməyi dəydiyinə sevindim. Qızın əlini sıxdım. Evə qayıdan kimi baxçanın qapısını açdım. Küçə divarına iri xətt ilə bunu yazıb asdım:
Güllər, çiçəklər, meyvələr, aləmdən gələn bütün gözəlliklər insan üçündür. İstəyən buyursun!
F.1, siy.2 iş 38, səh 39-46
Mir Cəlal