Kürdəmirdə 85,2 kilometrlik 3 yol infrastrukturu layihəsi icra olunub - FOTO
Yol infrastrukturu layihələri 20 minə yaxın vətəndaşın yaşadığı 8 yaşayış məntəqəsini əhatə edən avtomobil yollarıdır

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən yol infrastrukturunun təkmilləşdirilməsi kimi sosial yönümlü tədbirlər davam etdirilir.

Agentlikdən Yol-xeber.az-a verilən məlumata görə, agentlik bu çərçivədə Kürdəmir rayonunda 3 yol infrastrukturu layihəsini icra edib. Layihələr Karrar-Bağman-Böyük Kəngərli, Şilyan-Qarasu və Pirili-Muradxan-Sor-Sor avtomobil yollarını əhatə etməklə 85,2 km uzunluğa malikdir.

Kürdəmir rayonunda icra olunan 3 yol infrastrukturu layihələri 20 minə yaxın vətəndaşın yaşadığı 8 yaşayış məntəqəsini əhatə edən avtomobil yollarıdır. Karrar-Bağman-Böyük Kəngərli, Şilyan-Qarasu və Pirili-Muradxan-Sor-Sor avtomobil yollarının əhatə etdiyi yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsi pis vəziyyətdə olub. Çünki torpaq və dağılmış qara örtük əsaslı yolla gediş-gəliş çox çətin olub.

 

Avtomobil yolları boyu zəruri olan hissələrdfə deformasiyaya uğramış yol yatağı qazılaraq çıxarılıb, yolun genişləndirilməsi, qaldırılması və profilə salınması ilə yeni yol yatağının inşası istiqamətində addımlar atılıb. Yol yatağı hazır olan hissələrdə yol əsasının alt layının tikintisi işləri qum-çınqıl, üst layının optimal-qırmadaş qarışığı ilə aparılıb.

Yolların böyük hissəsi torpaq örtüklü olduğu üçün bu ərazilərdə tikinti norma və qaydalarına uyğun olaraq, yeni yolun inşası işləri aparılıb. Texnoloji ardıcıllığa uyğun olaraq, ərazilərdə yolun profilə salınması, bitki qatının təmizlənməsi və xüsusi çınqıl materialı ilə yeni yol yatağının, daha sonra isə xüsusi qruntla yeni yol yatağı və yol əsası inşa edilib.

Layihə çərçivəsində yol boyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülüb. Bunun üçün müxtəlif diametrli dairəvi metal və dəmir-beton borulardan istifadə olunub. Bundan başqa yollarda yerləşən 2 və 4 aşırımlı avtomobil körpülərin də əsaslı şəkildə bərpası, yararsız körpü məhəccərlərinin dəyişdirilməsi də görülən işlərin siyahısındadır.

Karrar-Bağman-Böyük Kəngərli, Şilyan-Qarasu və Pirili-Muradxan-Sor-Sor avtomobil yollarının yenidən qurulması yol boyu yaşayan vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna asan çıxış əldə etməklə, istər rayon mərkəzinə, istərsə də digər rayonlara rahat gediş-gəlişi təmin olunub, yük və sərnişin daşıması asanlaşıb, ərazidə əhalinin sosial həyatına müsbət təsir edən kənd təsərrüfatının inkişafı sürətlənib.

Torpaq işləri bitəndən sonra yol əsasına əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt layının iri dənəli, üst layının isə xırda dənəli asfalt-beton örtüyü ilə tikintisi işləri aparılıb. Layihələrin sonuncu mərhələsində çiyinlərin bərkidilməsi, yol birləşmələrinin təmiri və avtobus dayanaqcaqlarının tikintisi, həmçinin yollar boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol nişanlarınin, km göstəricilərinin və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri görülüb.

 

Xəbər lenti