|
"Korroziyaya uğramış, işıq cihazları nasaz vəziyyətdə olan avtomobillərin idarə edilməsi günün istənilən vaxtında təhlükəlidir və yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər"
Dövlət nömrə nişanı yox, heç bir standartlara uyğun deyil, amma magistral yollarda hərəkət edərək təhlükə yaradırlar. Söhbət köhnə avtomobillər, o cümlədən metal daşıyan maşınlardan gedir. Çox vaxt şüşələri, hətta bəzən qapısı belə olmadan bu avtomobillər idarə olunur. Özü ilə bərabər üzərində metal daşıyır. Təbii ki, bu digər yol hərəkəti iştirakçıları üçün potensial təhlükədir.
Kimsə çörək pulu qazanacaq deyə başqaları ölməlidir?
Bu cür avtomobilləri nəinki mərkəzi, heç mərkəzdən kənar küçələrə də buraxmaq olmaz. Təsəvvür edin ki, heç bir texniki göstəriciləri olmayan bu maşınlar nə dərəcədə təhlükəlidir. Dəfələrlə yol qəzalarında məhz belə maşınlar səbəb olub. Yüksək sürətlə getdiyin yerdə qarşında sanki metaldan bir təpə qəfil dayanır. Nəticədə ölümlə sonlanan qəzalar baş verir.
Bəziləri deyir ki, kasıb adamlardır, çörək pulu qazanır. Amma düşünürəm ki, bu işlə məşğul olan şəbəkə var ki, məhz elə belə maşınlardan istifadə edirlər. İndi kimsə çörək pulu qazanacaq deyə, başqaları ölməlidir?
Çox vaxt işıq cihazları ümumiyyətlə olmayan bu maşınlar gecə saatlarında xüsusilə təhlükəlidir. Yolların işıqlandırma problemi onsuz da var. Bir tərəfdən də bu cür maşınlar gecələr də yola çıxır. Düşünürlər ki, həmin vaxt yol polisi onları görməyəcək və saxlamayacaq. Amma elə bil "kamikadze" kimi sürücüləri öldürmək üçün qəsdən yola çıxırlar. Buna qarşı ciddi tədbirlər görülməlidir.
DYP: Şəhərin mərkəzində bu cür avtomobillərin sayı azalıb
Avtosfer.az-ın məlumatına görə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov "MediaPost"-a bildirib ki, istismara yararsız, texniki cəhətdən nasaz avtomobillər yol hərəkətində istifadə edilə bilməz. "Bu tipli avtomobillər texniki baxışdan keçirilmir. Amma bu cür nəqliyyat vasitələri ilə bəzi
sürücülər "çörək pulu qazanmaq" adı ilə yüklər daşıyır. Bununla da həm də yükdaşıma qaydalarını pozmuş olurlar. Korroziyaya uğramış, işıq cihazları nasaz vəziyyətdə olan avtomobillərin idarə edilməsi günün istənilən vaxtında təhlükəlidir və yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər. Dövlət Yol Polisi dəfələrlə avtomobil sürücülərinə müraciət edərək müdaxilə olunmadan özləri həmin nəqliyyat vasitələrini utilizasiya etsinlər. Çünki turizmin inkişafı üçün bu qədər vəsait qoyulub. Ölkəmizə gələn turistlərin sayı hər gün artır. Brend avtomobillər ilə yanaşı bu cür maşınların görünməsi xoş təəssürat yaratmır."
Vaqif Əsədov bildirib ki, ötən illərlə müqayisədə bu cür avtomobillərin paytaxtın mərkəzi küçələrində görünməsi halları azalıb. "Yol polisinin müraciətləri, görülmüş tədbirlər nəticəsində artıq şəhərin mərkəzində bu cür avtomobillərin sayı azalıb. Amma təəssüf olsun ki, şəhərdən kənar ərazilərdə, şəhərkənarı magistral yollarda onlara rast gəlinir. Qanunvericiliklə bu cür maşınlar istifadə edilməməlidir."