Yeni Suraxanıda uzunluğu 31.6 km olan küçə və yol təmir olunur - FOTO
14 km uzunluğunda olan 20-ə yaxın küçə və yola asfalt-beton örtüyü döşənib

Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə problemlər yaranan problemlərin aradan qaldırılması istiqaməində Bakı şəhərinin Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlərini davam etdirir.

Azərbaycan Avtəmobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə imzalanan sərəncama əsasən, Bakı şəhəri Suraxanı rayonunun 17 800 nəfər əhalinin yaşadığı Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri məqsədi ilə 7.8 mln.manat ayrılıb.

Ölkə başçısının imzaladığı sözügedən sərəncam çərçivəsində, agentlik tərəfindən hazırda sözügedən rayonun Yeni Suraxanı qəsəbəsində ümumi uzunluğu 31.6 km olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilir. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 180 min kv.m-ə yaxındır.

 

Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.

Bu Telman Nərimanov, 14 iyul, Yuxarı və Aşağı mədən küçələri, həmçinin qəbirstanlıq yolu və I, II və III köndələn küçələridir. Bundan başqa sadalanan küçə və yollara birləşən dalan, döngə və yollarda da təmir işləri görülür.

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra yeni asfalt-beton örtüyü döşənir.

Tikinti norma və standartlarına uyğun şəkildə aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə ayrılan vəsaitə uyğun olaraq nəinki sözügedən qəsəbə üzrə, həmçinin Suraxanı rayonunun bütün qəsəbələri üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Suraxanı rayonunda 14 km uzunluğunda olan 20-ə yaxın küçə və yola asfalt-beton örtüyü döşənib.

Ümumilikdə ötən il ərzində Bakı şəhərinin 12 rayonu üzrə 300 km-dən artıq uzunluğa malik qəsəbədaxili küçə və yolların 2 mln 600 min kv.m sahəsində asfaltlanma işləri aparılıb.

 

Xəbər lenti