Qanunda cərimənin ləğv edilməsi ilə bağlı hər şey yazılıb, sadəcə oxumaq lazımdır

Sürücülər əksər hallarda təbii ki, yazılan cərimədən narazı qalırlar. Hətta qayda pozduqlarını bildikləri halda belə yazılan cərimənin ağrı-acısı 2-3 gün çəkir. Bu günlər ərzində də sürücü cəriməni yazan polisi cəzalandırmağın yollarını axtarır, sonra cəriməni sildirmək və ya ləğv etdirmək üçün yollar axtarır. Nəhayət, bəzi sürücülər anlayır ki, artıq gecdir, qayda pozub və cərimə ödənməlidir. Amma bir qisim sürücü də var ki, cərimənin ləğvinə çox ciddi cəhd edir. Bəs, sürücülərin dili ilə desək, cərimə hansı hallarda ləğv edilə bilər? Yəni, qanunda inzibati protokola və ya elektron qərara hansı hallarda xitam verilməsi nəzərdə tutulur? Əvvəlcə ondan başlayaq ki, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipindən bəhs olunur və qeyd edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.
Digər tərəfdən, Məcəllədə deyilir ki, əgər şəxs onun barəsində tərtib olunmuş elektron qərardan və ya inzibati protokoldan şikayət edirsə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Yəni, bu məqamda konkret olaraq Dövlət Yol Polisi və ya Bakı Nəqliyyat Agentliyi protokolun, yaxud, qərarın düzgün tərtib edildiyini sürücüyə sübut etməlidir. Əgər ortada şübhə doğuran məqamlar varsa məsələ bu şübhələr onun xeyrinə həll edilir.
Ona görə də, Məcəllədə deyilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır. Yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur.
O ki qaldı cəriməni necə ləğv etdirmək məsələsinə, bu barədə İXM-nin 53-cü maddəsində bəzi məqamlara diqqət yetirmək lazımdır. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar var və bu hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:
Məsələn, inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda, şəxs son zərurət vəziyyətində hərəkət etdikdə, şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə, inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda, nəzərdə tutulmuş müddətlər başa çatdıqda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə və xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda.
Gəlin, bu sadaladıqlarımla ayrı-ayrılıqda qısaca tanış olaq. Birincisi, inzibati xəta hadisəsi baş verməyibsə buna görə kimisə cərimələmək olmaz. Bunun üçün səhvən cərimələnən şəxsin aidiyyatı quruma müraciət etməsi lazımdır. Əgər bir şəxs xətanı məcburən, daha dəqiq desək, son zərurət həddində törədirsə buna görə onu cərimə etmək qanunsuzdur. İXM-nin 19-cu maddəsi “Son zərurət” adlanır və orada qeyd olunur ki, təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur.
Üçüncü məsələ ləğv edilmiş qanunlardan ibarətdir və təbii ki, hansısa qayda və ya cərimə qanundan çıxarılıbsa buna görə kimisə cərimələmək hüquqa ziddir. Bundan əlavə, barəsində inzibati tənbeh tədbiri seçilmiş şəxs öldükdə həmin tədbirlər ləğv edilir. Əgər ölmüş şəxsin adına avtomobil varsa onun hüquqi varisi ölüm haqqında sənədi DYP-yə təqdim etməlidir. Bundan sonra cərimələrə xitam verilir və avtomobil hüquqi varisin adına təkrar qeydiyyata alınır. Bu zaman ləğv edilmiş cərimələrə görə ödəniş tələb edilə bilməz.
Nəzərdə tutulmuş müddətin başa çatması da önəmli məsələdir. Qanuna görə, yol hərəkəti qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Amma bu müddət davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır.
Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda (asanpay.az saytında) yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.
Bütün bu sadaladıqlarım sürücülərin hüquqlarıdır. Amma əvvəldə də qeyd etdiyim kimi, onların əməl etməli olduğu vəzifələr də var ki, bu da qaydalara uyğun hərəkət etməkdir. Qaydalar demişkən, İnzibati Xətalar Məcəlləsinin 10-ci maddəsində qeyd olunur ki, dövlət orqanları və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və qanunlara ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayıb həyata keçirməlidirlər. Yəni, dövlət qurumları xətaların baş verməməsi üçün ciddi işlər görməlidirlər. Bunun üçün kifayət qədər hüququ baza var. Sadəcə, bu sahəyə ciddi yanaşmaq lazımdır.

Xəbər lenti