|
Bu gün Bakı şəhər Dövlət Yol Polis İdarəsi “8 mart” Beynəlxalq qadınlar günü münasibətilə paytaxt ərazisində aksiya keçirib. Avtosfer.az xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq builki tədbirdə "Bu Şəhərdə"-nin komandası iştirak edib və hədiyyə alan xanım sürücülərlə yanaşı xanım piyadalarda yaddan çıxmayıb. Paytaxtın müxtəlif küçə və prospektlərində keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan xanım sürücülər saxlanılıb, onların sənədləri yoxlanılıb, amma “8 mart” Beynəlxalq qadınlar günü münasibətilə onlara cərimə yazılmayıb. Xanımlar yol polisi və "Bu şəhərdə"nin hədiyyələri ilə təltif edilib. Hədiyyə alan xanım sürücülərin son illər heç bir qayda pozuntusuna yol vermədiyi yoxlanılıb. Onlara yol hərəkəti təhlükəsizliyi ilə bağlı tövsiyələr verilib. Xanım sürücülər yol polisinin bu addımını sevinclə qarşılayıb və təşəkkürlərini bildiriblər.
Eyni zamanda yol hərəkəti qaydalarını pozan piyadalar xanımlar da saxlanılıb, onlara bu cür hərəkətlərin təhlükəli olduğu bildirilib və yol polisinin hədiyyələri verilib. Keçiddən istifadə edən xanımlar da hədiyyəsiz buraxmayıb.
Bu gün Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, ənənəvi olaraq hər il yol polisi xanımları təbrik edir. “Bu həm də maarifləndirici bir aksiyadır. Düşünürük ki, xanımları təbrik etməklə yanaşı yol hərəkəti təhlükəsizliyi barədə məlumat vermək əhəmiyyətlidir. Bu il həm də piyada olaraq qaydaları pozan xanımlar saxlanıldı. Eyni zamanda piyada keçidlərindən istifadə edən xanımlar da nümunə olaraq göstərildi. Sözsüz ki, bütün bu maarifləndirmə işləri cəmiyyətimizin yollarda təhlükəsizliyi üçündür.”
Qeyd edək ki, gül buketləri " Ağ çiçəyim", " Gül dünyası" və digər mağazaların hədiyyələridir.
Onu da bildirək ki, hədiyyə verilən xanım piyadalar arasında Avtosfer.az-ın əməkdaşı Gültən Qədirli də olub.