Bu layihənin tətbiqi avtobusların tıxacda qalmasını minimuma endirəcək - RƏY
BNA Bakının 19 küçəsində xüsusi zolaqların yaradılması ilə bağlı təkliflər hazırlayıb

Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyatın hərəkəti üçün Bakının 19 küçəsində xüsusi zolaqların yaradılması ilə bağlı təkliflər hazırlayıb. Bu təkliflərin bir hissəsi Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən müsbət rəy alıb. Məsələyə münasibət bildirən nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev "MediaPost"a bildirib ki, sözügedən yeniliyin tətbiqi avtobus marşrutlarının dayanmadan hərəkətini təmin edəcək:

"Layihənin icrası ilə 3-4 zolaqlı avtomobil yolunun bir zolağı yalnız avtobuslar üçün ayrılacaq. Təbii ki, burada əsas məsələ digər nəqliyyat vasitələrinin bu zolağa daxil olmasının qarşısını almaqdır. Əgər bu məhdudiyyət təmin olunarsa, tıxac və nəqliyyat sıxlıqlarında şəxsi avtomobillərdən və digər nəqliyyat vasitələrindən fərqli olaraq avtobus marşrutlarının dayanmadan hərəkəti təmin olunacaq, . Bu da zəncirvari olaraq avtobus marşrutlarının normal interval ilə hərəkəti üçün şərait yaradacaq".

Ekspert bu layihənin ictimai nəqliyyata marağı artıracağına da diqqət çəkib:

 

"Gün ərzində Bakı küçələrində 500 min şəxsi avtomobil hərəkət edir. Əgər ictimai nəqliyyat həm sürət, həm də keyfiyyət baxımından əlverişli olarsa, həmin şəxslərin əksəriyyəti şəxsi avtomobil ilə hərəkətdən imtina edərək ictimai nəqliyyata üz tutacaq. Belə ki, saatlarla tıxaclarda vaxt itirmək istəməyən şəxslər avtobus zolaqları ilə intensiv hərəkət edən avtobuslara maraq göstərəcək. Çünki bu gün insanlar üçün vaxt daha önəmli amilə çevrilib".

R. Ağamirzəyev əlavə edib ki, sözügedən layihə kompleks tədbirlər planının bir hissəsidir: "Ayrılmış zolaqlar, avtobus parkının yenilənməsi, şəhərin daxilində parklanma yerlərinin qismən yüksək qiymətlə müəyyən olunması insanların prioritetlərini dəyişmələri üçün stimul olacaq".

Xəbər lenti