|
Yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən nəqliyyat sıxlığının azaldılması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və yollarında təmir-tikinti işləri davam etdirilir.
Bu çərçivədə Xətai rayonunda 2019-cu ildə sahəsi 221 min kv.m, uzunluğu 18 km olan küçə və yollarda təmir işləri aparılıb. 2020-ci ildə isə sözügedən rayon üzrə 23 km-ə yaxın küçə və yolun təmiri nəzərdə tutulur ki, artıq bu istiqamətdə işlərə start verilib. Yenidənqruma işlərinə Məzahir Rüstəmov və İngilab İsmayılov küçələrindən başlanılıb.
Küçələrin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması vətəndaşların haqlı narazılığına səbəb olurdu. Çünki küçələr boyu yolun hərəkət hissəsində çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.
Sadalanan problemlərin aradan qaldırlması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 1.4 km, ortalama eni təqribən 10 metr olan Məzahir Rüstəmov küçəsində aparılan yenidənqurma və bərpa işləri uğurla davam etdirilir. Aparılan işlər çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Bunun əvəzində yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və əsas yenidən bərpa edilib.
Aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanaliasiya sistemi də yenidən bərpa olunur, zəruri olan yerlərdə yeni sistem qurulur.
Bundan başqa küçə boyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri yenidən qurulur, zəruri yerlərdə yeniləri inşa edilir, kənarlarına yeni səki daşları düzülür. Layihə çərçivəsində küçə boyu xüsusi parkinq yerləri yaradılır, avtobus dayanacaqları qurulur, vətəndaşların küçəni rahat və təhlükəsiz keçməsi üçün piyada keçidlərində xüsusi təhlükəsizlik adacıqları yaradılır.
Artıq yolun asfaltlanması işlərinə də başlanılıb ki, bu çərçivədə küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtyü döşənir. Asfaltlanma işləri ümumilikdə təqribən 15 min kv.m sahəni əhatə edəcək.
Anoloji işlər İngilab İsmayılov küçəsində də aparılır. Küçənin uzunluğu 2.9 km, eni isə ortalama təqribən 8 metr təşkil edir.
İngilab İsmayılov küçəsində də köhnə asfat beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb, bunun əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Növbəti mərhələdə isə yola iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Asfaltlanma işləri təqribən 25 min kv.m sahəni əhatə edəcək.
Aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanaliasiya sistemi də yenidən bərpa olunur, zəruri olan yerlərdə yeni sistem qurulur.
Piyadaların rahat gediş-gəlişi üçün küçə boyu şərait yaradılır. Belə ki, yeni piyada səkiləri inşa edilir, mövcud səkilər isə bərpa edilir, kənarlarına yeni səki daşları düzülür.
İşlərin sonuncu mərhələsində küçələr boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfiqi nişanlanma xətləri və piyada zolaqları çəkiləcək.
Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
İşlərin yekunlaşdırılması ardıcıllığına uyğun olaraq Xətai rayonu üzrə investisiya proqramına əsasən cari ildə bərpası nəzərdə tutulan 15 küçə və yolda da təmir-tikinti işlərinin aparılması nəzərdə tutulur.