BNA:  Bakıda ictimai nəqliyyatdan istifadə edənlərin sayında artım müşahidə olunur
Bu gün nəqliyyat sektorunda çalışan minlərlə əməkdaş bu məqsəd üçün dayanmadan çalışırlar

Ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsinə baxmayaraq, Bakıda ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayında artım müşahidə olunur. Yol-xeber.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib. O qeyd edib ki, sərnişinlərin sayında artım əsasən pik saatlarda olur: "İlk olaraq xatırladım ki, hazırda xüsusi karantin rejimidir və bu vəziyyətdə sərnişindaşımalar da rejimin qaydalarına uyğun təşkil edilir. Sərnişinlərimizdən də xahiş edirik ki, bunu məhz bu cür qəbul edib və buna uyğun hərəkət etsinlər. Gündəlik istər müntəzəm, istərsə də ekspres xətlər üzrə sərnişindaşıma prosesinə yetərincə avtobus cəlb edilir. Hətta ekspres xətlər üzrə əlavə 100-ə yaxın ehtiyat avtobus da daha çox tələbatın olduğu ərazilərə toplanılır və zərurət olduqda xəttə çıxır. Lakin aparılan müşahidələr də onu göstərir ki, sərnişin axını hər ötən gün artır. Hazırda gündəlik daşınan sərnişin sayı 550-600 min arasında dəyişir. Daha çox sərnişin axını səhər və axşam saatlarında müşahidə olunur. Günorta saatlarında isə avtobuslar demək olar ki, boş hərəkət edirlər".

M.Ağayev bildirib ki, bu cür epidemik durumda sərnişindaşımanın ayaqda saxlanılması baxımından avtobuslar fasiləsiz fəaliyyət göstərir:

"Qarşıya çıxan çətinliklərə baxmayaraq, bütün qüvvə və səylərimizi ona səfərbər etmişik ki, avtobuslar dayanmadan fəaliyyət göstərsin. Bunu etməkdə də əsas məqsədimiz həyat əhəmiyyətli sahələrdə çalışan vətəndaşlarımızı nəqliyyat xidmətləri ilə təmin etməkdir. Bu gün nəqliyyat sektorunda çalışan minlərlə əməkdaş bu məqsəd üçün dayanmadan çalışırlar".

 

BNA rəsmisi deyib ki, gündəlik olaraq ərazilər üzrə aparılan müşahidələr onu göstərir ki, bəzi vətəndaşlar karantin rejimi qaydalarına əməl etmir və ya müvafiq icazələri məhz səhər saatlarında alırlar. Bu da öz növbəsində əlavə çətinliklər yaradır.

Xəbər lenti