"Pandemiya dövründə Abşeron dairəvi dəmir yolu xəttində sərnişindaşıma kəskin azalıb" - MÜSAHİBƏ
Hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə gün ərzində 1 200-ə yaxın sərnişin daşınır

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması üçün hərəkət məhdudlaşdırılsa da, xüsusi karantin rejimi dövründə fasiləsiz işləyən müəssisələr az deyil. Bunlardan biri "Azərbaycan Dəmir Yolları” QSC-dir (ADY). Qurumun Mətbuat katibliyi şöbəsinin müdiri Natəvan Bayramova pandemiya dövründə təmsil etdiyi səhmdar cəmiyyətinin fəaliyyəti ilə bağlı "Report"a müsahibə verib. 

- Hazırda yalnız Abşeron dairəvi dəmir yolu xəttində qatarlar hərəkət edir. Amma onların hərəkət cədvəlinə dəyişiklik edilib. Gündəlik bu qatarlarla nə qədər sərnişin daşınır? Azalma varmı?

- Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, martın 19-dan Abşeron dairəvi dəmir yolu xəttində hərəkət edən qatarlar istisna olmaqla, həm ölkədaxili, həm də beynəlxalq istiqamətlərdə sərinişin daşınması dayandırılıb. Karantin müddətində fəaliyyəti zəruri olan müəssisələrin əməkdaşlarının gediş-gəlişinin daha səmərəli təşkili məqsədilə Abşeron dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları uyğun qrafiklə işləyir. Karantin günlərinə olan statistikaya görə, hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə gün ərzində 1 200-ə yaxın sərnişin daşınır. Halbuki adi günlərdə həmin göstərici 15 000-ə yaxın idi.

 

-  Hazırda sərnişindaşımada hansı məqamlara diqqət yetirilir? Stansiyalarda dezinfeksiya işləri necə həyata keçirilir?

- Koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ADY-nin Həkim-Sanitar Xidməti Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən sərnişin qatarlarında gündəlik dezinfeksiya işləri aparır. Virusla mübarizə tədbirləri çərçivəsində Abşeron dairəvi dəmir yolu xətti istiqamətindəki bütün stansiya, vağzal və dayanacaqlarda, eyni zamanda vaqonların içərisində xüsusi dezinfeksiyaedici məhlullarla dolu avadanlıqlar quraşdırılıb. Bütün sərnişin qatarları tibbi qutularla, bələdçi heyəti qoruyucu maska və əlcəklə təmin edilib. Bütün stansiyalarda müəyyən məsafədən bir "Məsafə saxla” lövhələrinə rast gələ bilərsiniz. Bu da sərnişinlərimizin sağlamlığına xidmət edən vacib xatırlatmadır. Bələdçilər və nəzarətçilər vaqonlarda sərnişinlərin tək-tək əyləşməsinə diqqət yetirirlər.

-  ADY-nin ölkədə koronavirusla mübarizəyə nə kimi töhfəsi oldu?

- Bu günlərdə ADY-nin kollektivi də dövlət baçısının sosial həmrəylik nümayiş etdirməklə bağlı tövsiyələrinə uyğun olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat köçürdü. Çağırışa QSC-nin törəmə şirkətləri də qoşuldu. Belə ki, "ADY Express” MMC 100 min, "ADY Konteyner” MMC 50 min manat vəsaiti Fonda ianə etdi. "Azərbaycan Dəmir Yolları” və Rusiya taxıl yüklərinin dəmir yolu ilə daşımaları üzrə nəhəng operatoru "Azrustrans” MMC də Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürdü. Bununla yanaşı, ADY koronavirusu müəyyən edən 10 mindən çox tibbi müayinə məhsullarını alaraq, aidiyyəti üzrə paylanılmasını təşkil edib.

- Xüsusi karantin rejimi dövründə ADY-nin fəaliyyəti necə tənzimlənir?

- Beynəlxalq yükdaşımalar zamanı digər yerüstü nəqliyyat vasitələrindən fərqli olaraq, dəmir yolu ilə yükdaşımalarda dəfələrlə az sayda insan əməyindən istifadə edilir və bununla da sərhədləri keçən sürüclərin sayı, eləcə də yoluxma riski minimal olur. Xüsusi karantin rejiminə əsasən, ADY ölkəmizdəki epidemioloji vəziyyətin və ictimai sağlamlığın qorunmasına öz töhfəsini vermək məqsədi ilə bu qlobal səylərə qoşulub. Regiondakı epidemioloji vəziyyətlə bağlı məhdudiyyətlərə baxmayaraq, ADY region ölkələrindəki tərəfdaşları ilə birgə səylər nəticəsində yükdaşımaları əvvəlki qaydada davam etdirir. Azərbaycanda beynəlxalq və daxili yükdaşıma əməliyyatları fasiləsiz aparılır. ADY tərəfindən neft və neft məhsulları, qida məhsulları, tikinti materialları və digər yüklərin müntəzəm daşınması təmin edilir. Koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə ADY-nin Həkim-Sanitar Xidməti ölkə ərazisinə daxil olan yük qatarlarında mütəmadi dezinfeksiya tədbirləri həyata keçirir. Dezinfeksiya işlərində insan əməyinin minimuma endirilməsi məqsədi ilə Astara və Yalama sərhəd-keçid məntəqəsində dezinfeksiya qurğusu quraşdırılıb. Bununla da, ölkə ərazisinə daxil olan bütün yük qatarları insan əli dəymədən dezinfeksiya edilir. Proses həm qatarların üst hissəsini, həm də yüklər tam boşaldıldıqdan sonra daxili hissəsini əhatə edir. Azərbaycan - Gürcüstan sərhədində yerləşən Böyük-Kəsik stansiyası da avtomatlaşdırılmış dezinfeksiya qurğusu ilə təmin ediləcək. Hazırda sərnişindaşıma sahəsində məhdudiyyətlər tətbiq edilsə də, Azərbaycan dəmiryolçuları, xüsusən də QSC-nin yükdaşıma şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində fasiləsiz çalışırlar. Beləliklə, ölkədə müxtəlif məhsullara olan təlabatın ödənməsində çətinlik yaranmasın deyə Rusiya, İran və Gürcüstandan bütün yüklərin vaxtında və təhlükəsiz Azərbaycana çatdırılması həyata keçirilir.

 

Xəbər lenti