“Məsafə saxlamaq şərtilə avtobuslarda ayaq üstə də sərnişin daşımaq olar” - Ekspert
Normal halda 70-80 nəfəri daşıya biləcək avtobus bu gün 12-15 nəfəri daşıyır

27 aprel tarixindən etibarən Azərbaycanda COVID-19 virusu ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejiminə aid məhdudiyyətlərin bir qisminin yumşaldılması tətbiq edilir. Nəticədə "ASAN Xidmət” mərkəzlərində vətəndaşların müyyən şərtlər çərçivəsində qəbuluna başlanılıb, eyni zamanda bir sıra iş və xidmət sahələrində fəaliyyət bərpa edilib. Vətəndaşların bir qisminin evdən çıxmasına tətbiq edilən məhdudiyyətlərin yumşaldılması ictimai nəqliyyatda sərnişin sayının artması deməkdir. Çünki fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışan insanların kifayət qədər böyük hissəsi işə gedib-gəlmək üçün ictimai nəqliyyat vasitələrindən istifadə edir. Sərnişin sayının artması isə belə təhlükəli dövrdə dayanacaq və avtobuslarda sıxlıq yaranmasına, sosial məsafə qaydalarının pozulmasına səbəb olar bilər. Lakin nəzərə almaq lazımdır ki, sərnişin sayının artacağı təqdirdə, həm yarana biləcək sıxlığın qarısını almaq, həm də sərnişindaşımanı effektiv təşkil etmək də bir o qədər asan məsələ deyil.  

Bu şəraitdə ictimai nəliyyat sektorunda hansı addımların atılması məqsədəuyğun hesab olunur?

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, müəyyən məsafə saxlamaq şərtilə avtobuslarda eyni vaxtda 30-40 nəfər sərişin daşınmasına icazə vermək olar:

 

"Pandemiya dövrü ilə bağlı sərnişinlərin ictimai nəqliyyatda davranış qaydaları xüsusi həssaslıq tələb edir. İctimai nəqliyyat insanların çox ünsiyyətdə olduğu, çox toplaşdığı yerlərdən biri sayılır. Odur ki, bu dövrdə avtobuslarda sosial məsafənin saxlanılması çox önəmlidir. Təəssüf ki, sərnişinlər bu məsələyə könüllü şəkildə riayət etmirlər. Aydın məsələdir ki, bu gün bizdə avtobus sayı azdır. Azərbaycanda təqribən 2 min civarında avtobus var və indiki şəraitdə bundan artıq avtobus gətirmək mümkün deyil. Həm "Bakubus” MMC, həm də digər daşıyıcı şirkətlər bu avtobuslarla sərnişindaşımanı maksimum şəkildə həyata keçirməyə çalışırlar. Sosial məsafənin qorunması məqsədilə avtobuslarda sərnişinlərin yalnız oturacaqlarda əyləşməsinə icazə verilir. Amma düşünürəm ki, bu məsələdə daşıyıcıları da nəzərə almaq lazımdır. Çünki normal halda 70-80 nəfəri daşıya biləcək avtobus bu gün 12-15 nəfəri daşıyır. Düşünürəm ki, ayaq üstə dayanmağa qabil olan sərnişinlərin də avtobusa minməsinə imkan vermək lazımdır. Bu məsələni həm dispetçerlər tənzimləyə, həm də avtobus sürücüləri mikrofonla elan edə bilərlər.

Bu gün ara məsafəsini qorumaq şərtilə avtobusda ayaq üstə də sərnişin daşımaq mümkündür. Məsələn, oturacaqlardan əlavə, əlillər üçün nəzərdə tutulan yer, avtobusun salonunun orta hissəsi də boş olur ki, bunlardan da istifadə etmək olar. Sıx təmasa səbəb olmadan, arada təqribən 1 metrlik məsafə saxlamaqla bunu etmək mümkündür. Çünki müəyyən iş yerləri açıldıqca metronun bağlı qaldığı təqdirdə vəziyyət daha da çətinləşəcək. Bu baxımdan sərnişinlərin yolda qalmaması üçün qeyd etdiyim məsələləri nəzərə almaq lazımdır. Bu gün metronun bağlı olması ilə yanaşı taksilərin də sayı azdır. Çünki fərqlənmə nişanı olmayan taksi sürücüləri fəaliyyət göstərə bilmirlər. Nəticədə əsas yük avtobusların üzərinə düşür. Adi halda 70-80 nəfəri daşıyan avtobusun indi 12-15 nəfər daşıması qeyri-adi mənzərə yarada bilər. Odur ki, sərnişinlərin ayaq üstə getməsinə də imkan yaratmaqla bir avtobusda təqribən 30-40 nəfər də daşımaq olar. 12 metrlik avtobusda 15 nəfər adamın daşınması bu gün üçün bir qədər uyğunsuzdur”.

Xəbər lenti