Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması işi uğurla davam etdirilir. Əgər, əvvəllər ən müasir standartlara uyğun beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması diqqət mərkəzində idisə, indi dövlətimizin başçısının tapşırıqlarına müvafiq olaraq ölkəmizin demək olar ki, bütün yaşayış məntəqələrində mövcud avtomobil yolları əsaslı təmir edilir və ya yenidən qurulur. Şəhər və rayon mərkəzlərini qəsəbə və kəndlərlə birləşdirən yollar yenilənir. 

 

Hacıqabul rayonunun Hacıqabul–Muğan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir.

 

Sözügedən avtomobil yolunun uzunluğu 11.5 km-dir. Yolun 6.4 km-lik hissəsi III texniki dərəcəli, 5.1 km-lik hissəsi isə şəhər daxili yoldur. Bu üzdən yolun hərəkət hissəsinin eni müxtəlif ərazilər üzrə fərqlidir və 7-20 metr arası dəyişərək 2-5 hərəkət zolağı təşkil edir. Yolun hər bir istiqaməti üzrə 2.5 metr enində çiyinlər, şəhər daxilində isə piyada səkiləri mövcuddur.

 

Sözügedən avtomobil yolu uzun illər istismar olunduğundan örtük yararsız vəziyyətdə idi. Bu üzdən yolun yenidən qurulması ilə 32 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini arasında nəqliyyat əlaqəsi daha da yaxşılaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. Ən əsası əhalinin bir neçə istiqamətdən həm Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtromobil yoluna, həmçinin Hacıqabul-Şirvan avtomobil yolu vasitəsilə respublikanın digər şəhər və rayonlarına rahat çıxışı təmin olunacaq.

 

Aparılan yenidənqurma işləri çərçivəsində asfalt-beton örtüyünün köhnə üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yarasız qruntu çıxarılaraq əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib, atmosfer sularının axıdılması üçün 720 p/metr uzunluğunda borular quraşdırılıb, 40 suqəbuledici barmaqlıqlar quraşdırılıb.

 

Bundan başqa yol boyu piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə, mövcud piyada səkiləri bərpa olunub, kənarlarına 1600 p/metr yeni səki daşları düzülüb.

 

Hazırda Hacıqabul-Muğan avtomobil yolu boyunca əsaslı təmir işlərinin sonuncu mərhələsi üzrə asfaltlanma işləri aparılır. Yola ərazilərdən asılı olaraq bir-neçə laydan ibarət yeni asfalt-beton qarışığı döşənir. Bunun ardınca avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol boyu 77 müxtəlif yol nişanı və məlumatverici lövhə, 196 siqnal dirəyi quraşdırılacaq, həmçinin yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

 

Sadalanan bütün işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Əraziyə cəlb olunmuş lazımi sayda qüvvənin köməkliyi ilə qısa müddətə tikinti işlərinin yekunlaşdırılması ilə müasir yol infrastrukturu vətəndaşların istifadəsinə veriləcək.

 
 

Xəbər lenti