Son illər ərzində Bakı şəhərində və respublikanın digər bölgələrində çoxsaylı infrastruktur layihələri, o cümlədən respublika və yerli əhəmiyyətli avtomobil yolları, körpülər tikilərək əhalinin istifadəsinə verilib və bu işlər ölkənin inkişaf prioritetlərinə uyğun olaraq davam etdirilir.

 

Təbii amillərin təsiri, eləcə də qar uçqunları, torpaq sürüşmələrinin baş verməsi və iri qaya parçalarının yola tökülməsi ölkənin cəlbedici turizm marşrutlarından olan, 2007-ci ildə istifadəyə verilmiş Quba-Xınalıq avtomobil yolunun tez-tez uzunmüddətli bağlanmasına səbəb olur.

 

Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından 24 km uzunluğunda Quba-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq əlavə 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi zərurəti yaranmışdı.

 

Əhalinin rahat gediş-gəlişinin təmin edilməsinin və turizmin inkişafının vacibliyi nəzərə alınaraq dövlət başçısının imzaladığı sərəncama əsasın, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir müddətdir start verilən tikinti işləri artıq sonuncu mərhələ üzrə davam etdirilir. Artıq tikinti işləri respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu km-dən ayrılan Alpan-Kürkün-Susay istiqamətində aparılaraq yekunlaşdırılıb. Quba-Susay-Xınalıq avtomobil yolunun sözügedən hissəsinin uzunluğu 24 km təşkil edir.

 

Layihə çərçivəsində yol 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin hər birinin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edir.

 

Tikinti layihəsinə uyğun olaraq, yol yatağının deformasiyaya uğramış yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı qruntla əks-dolğu aparılaraq kipləşdirmə işləri görülüb və yeni yol yatağı inşa edilib, yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurların mexanizmlə kəsilməsi işləri görülüb, yol profilə salınıb. Yol əsasının tikintisi üçün isə lazımi qalınlıqda optimal qırmadaş və qum-çınqıl qarışığından istifadə olunub. Bunun ardınca yola iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü də döşənib.

 

Bundan başqa Alpan-Kürkün-Susay avtomobil yolunda 2 körpü də inşa edilib. Körpülər 2 aşırımlı olmaqla 61 və 66 metr uzunluğundadir.

 

Layihənin növbəti mərhələsi üzrə Alpan-Kürkün-Susay yolunun davamı olaraq 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4.8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yolun da IV texniki dərəcəyə uyğun tikintisi işləri isə sonuncu mərhələ üzrə aparılır. Belə ki, Susay-Xınalıq marşrutu üzrə torpaq yatağının hazırlanması işləri yekunlaşıb. Növbəti mərhələdə yol əsasının inşası işlərinə start verilib. Bunun ardınca isə asfalt-beton örtüyün döşənməsi işlərinin görülməsi nəzərdə tutulub.

 

Bundan başqa layihə boyu sel sularını və yığılmış yağış sularının yol yatağından kənarlaşdırılması üçün müxtəlif diametrlərə malik 19 dairəvi suötürücü dəmir-beton boruların, 1 düzbucaqlı su keçidinin tikintisi aparılır.

 

Beləliklə həyata keçirilən yeni yol infrastrukturu layihəsinin ümumi uzunluğu 58.8 km təşkil edəcək.

Qeyd edək ki, hazırda tikinti işləri dəniz səviyyəsindən 1500-2500 m hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə aparılır.

 

Yolun tikintisi bu ərazidə 8 minə yaxın əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, həmçinin dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək sərnişin və yükdaşımasının xeyli yaxşılaşmağa imkan verəcək. Bundan başqa yolun tikintisi mövcud turizm potensialının genişlənməsinə və yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq.

 
 

Xəbər lenti