|
Regionların sosial-iqtisadi inkişafı üçün mühüm amillərdən biri sözsüz ki, müasirləşən yol infrastrukturu hesab olunur. Bu həm insanların yaşayış səviyyəsinin yaxşılaşdırılmasına, həm də rahatlığına xidmət edir.
Respublikamızda yeni yolların tikilməsi ilə bağlı son aylarda prezident İlham Əliyevin müvafiq sərəncamlar imzalaması xalqın sosial rifahının yüksəldilməsinə öz töhfəsini verməkdədir. Belə layihələrdən daha biri Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2020-ci i il tarixində imzaladığı sərəncama əsasən Qazax rayonu, yerli əhəmiyyətli Qazax -Yuxarı Əskipara avtomobil yolunun 13-cü km-dən ayrılan və Fərəhli kəndinə gedən yolun əsaslı təmiridir.
Uzunluğu 5 km olan yolun Fərəhli kəndinə qədər olan hissəsi 3 km, kəndin içərisindən keçən hissəsinin uzunluğu isə 2 km təşkil edir. Burda hərəkət hissəsinin eni müvafiq olaraq 6 və 4.5 metr olmaqla dəyişir.
Təbii ki, sərhədyanı yolun yenidən qurulması kənd əhalsinin ürəyincə olub. Çünki uzun illər onların istər rayon mərkəzinə, istərsə də Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolu vasitəsi ilə qonşu rayonlara birbaşa çıxışında sözügedən yolun təmirsiz olması ilə bağlı problemlər mövcud olub. Artıq bu problemlər geridə qalır.
Hazırda yol boyu torpaq yatağının yararsız hissələri qazılıb çıxarılır, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq inşası, qazılmış hissələrin yenidən bərpası və yolun müəyyən hissələrində yolun normativ eninin alınması üçün genişləndirilməsi işləri görülür. Bundan başqa layihə çərçivəsində yol boyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülür. Bunun üçün müxtəlif diametrli 14 dairəvi dəmir-beton borulardan istifadə olunur.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, daha sonra yol əsasın alt və üst layının inşası, bunun ardınca isə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görüləcək, uzunluğu 15 m, eni isə 8 m olan mövcud, 1 aşırımlı körpü əsaslı şəkildə təmir ediləcək.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətini təşkil etmək məqsədi ilə zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkiləcək. Bununla da müasir şəkildə yenidən qurulan yol qısa müddət ərzində vətəndaşların istifadəsinə veriləcək.
İşlərin tərtib olunmuş qrafikə uyğun vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda texnika və canlıq qüvvə cəlb olunub.
YOLUNUZ AÇIQ OLSUN...