|
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2020-ci ilin investisiya proqramına uyğun olaraq, Bakı şəhəri üzrə təmirə ehtiyacı olan küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Bu çərçivədə Nəsimi rayonu ərazisində genişmiqyaslı təmir-tikinti işlər davam etdirilir. İşlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, ümumi istifadədə olan küçə və yollarda aparılır.
Hazırda əsaslı təmir işləri rayonun Mirəli Qaşqay küçəsində davam etdirilir. Əsaslı şəkildə yenidən qurulan küçənin uzunluğu 2.3 km, eni isə ortalama 8 m təşkil edir.
Küçənin uzun müddət əsaslı təmir olunmaması səbəbindən asfalt-beton örtükdə deformasiyalar əmələ gəlmişdi. Bu isə hərəkət intensivliyinə mənfi təsir göstərirdi.
Layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün mövcud piyada səkiləri bərpa olunur, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənir.
Bundan başqa yenidənqurma işlərinə uyğun olaraq, küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Bunun ardınca küçə boyunca zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, daha sonra əks dolğu işləri aparılaraq kipləşdirilib.
Artıq küçənin 1.4 km-lik hissəsində təmir-tikinti işlər yekunlaşıb. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.
Təmir-bərpa işləri yekunlaşdıqdan sonra küçə boyu zəruri olan yerlərə yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəklişi işləri aparılacaq. Mirəli Qaşqay küçəsi yaxın müddət ərzində yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.