|
Yol-xeber.az-ın məlumatına görə, Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrini əhatə edən təmir-tikinti işləri davam etdirilir. Bu çərçivədə Nəsimi rayonu ərazisində ümumi uzunluğu 6.5 km olan 12 küçənin təmiri işləri aparılır.
2021-ci ilin İnvestisiya Proqramına uyğun rayon ərazisində təmiri nəzərdə tutulan küçələrdən biri Ceyhun Səlimov küçəsinin 3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan 565 metr uzunluğa malik hissəsi idi ki, artıq agentlik tərəfindən sözügedən küçədə aparılan əsaslı yenidənqurma işləri sonuncu mərhələdədir. Əraziyə lazımi sayda qüvvə və texnika cəlb olunmaqla işlər davam etdirilir.
6 hərəkət zolaqlı olmaqla, eni ortalama 25 metr təşkil edən Ceyhun Səlimov küçəsinin sözügedən hissəsinin uzun müddət təmir edilməməsi hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
İyul ayında start verilən yenidənqurma işlərinə uyğun olaraq, küçədə yeraltı kommunikasiya – işıq, qaz və su xətlərinin də aidiyyəti qurumlar tərəfindən yenilənməsinə başlanılıb. Kommunikasiya xətlərinin yenilənməsi işləri sentyabr ayının 10-da tam olaraq yekunlaşdırılıb və bu tarixdən etibarən agentlik tərəfindən küçədə genişmiqyaslı təmir-tikinti işlərinə start verilib. Qısa müddət ərzində küçə boyunca zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, daha sonra əks dolğu işləri aparılaraq kipləşdirilib. Hazırda “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yola 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Asfaltlanma işləri ərazidə intensiv hərəkət və tədris ilinin başlanılması ilə əlaqədar olaraq gecə saatlarında aparılır. Ümumilikdə 16 min 820 kv.m sahənin asfaltlanması nəzərdə tutulur.
Layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün mövcud piyada səkiləri bərpa olunub və genişləndirilib, ehtiyac olan hissələrdə isə yeni piyada səkiləri və xüsusi parkinq yerləri yaradılıb. Bununla da küçənin sözügedən hissəsində səkilərin sahəsi 2200 kv.m-dən 3870 kv.m-dək artırılıb, küçəyə 3 min p/metrə qədər yeni səki daşları düzülüb.
Ceyhun Səlimov küçəsinin 3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan hissəsində yenidənqurma işləri zamanı mövcud yol ayrıcıları da tam olaraq yenidən inşa edilib.
Layihəyə uyğun olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətirilir, yeni yağış barmaqlıqları və yeraltı kommunikasiya xətlərinə baxış qapaqları qoyulur.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədi ilə zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılaraq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Qeyd edək ki, cari il ərzində rayon ərazisində 10 küçənin təmiri yekunlaşıb. Ceyhun Səlimov küçəsinin 3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan hissəsində təmir işləri bitəndən sonra isə Alı Mustafayev küçəsində təmir işlərinə start veriləcək.
Xatırladaq ki, ölkə başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nəsimi rayonu ərazisində ümumi uzunluğu 10 km-dən çox olan küçə təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...