Yol-xeber.az xəbər verir ki, Qarabağ və şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun asfaltlanması işlərinə start verilib. 

Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 56.4 km təşkil edir. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzunluğu 14 km olan yeni avtomobil yolunun da inşası icra olunur. Qeyd edilən yolların ümumi uzunluğu isə 70.4 km-dir.

Dövlətimizin başçısının tapşırığına əsasən Xudafərin-Qubadlı-Laçın avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa olunur. Belə ki, hazırda yolun genişləndirilərək profilə salınması və 21.5 metr enində yeni torpaq yatağının inşası həyata keçirilir. Yolun layihə üzrə hərəkət hissəsinin eni 14 metr, çiyin hissələrin eni isə 2x2 metr təşkil edəcək.

Tikinti işləri çərçivəsində Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 37 km-lik hissəsində torpaq yatağının inşası işləri aparılır. “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yolun 10 km-lik hissəsində torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi,  yol yatağı hazır olan 4 km-lik hissədə yol əsasının tikintisi işləri yekunlaşdırılıb. Sözügedən hissədə artıq asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. 

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və düzbucaqlı su keçidləri, həmçinin əsas yolda 5 və yanaşma yollarında daha 5 yeni avtomobil körpüsünün tikintisi də layihə üzrə icra olunan işlərdəndir. Körpülər əsas yolun təqribən 10, 2232 və 38-ci km-də, həmçinin Qubadlı şəhərinə gedən avtomobil yolunun 1-ci km-də inşa edilir. Bundan başqa Xanlıq-Qubadlı yolu ilə kəsişmədə müxtəlif səviyyəli yol qovşağının tikintisi də davam etdirilir.

Artıq layihə üzrə 26 dairəvi, 8 düzbucaqlı boru və 9 yeraltı keçid tikilib, 188 metr istinad divarı inşa olunub. 

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini AAYDA-nın “37 N-li Yol İstismarı” MMC ilə subpodratçı şirkət olaraq Türkiyənin Polat Yol Yapı San. və Tic. Anonim Şirkəti birgə icra edir.

Xudafərin-Qubadlı-Laçın avtomobil yolu işğaldan azad edilmiş ZəngilanQubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

Xəbər lenti