|
"Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mütəmadi olaraq yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Respublika yollarının inşası və yenidən qurulması layihələrinin icrası vətəndaşların sosial rifah halına müsbət təsir göstərən sahələrin inkişafına hesablanır.
Bu istiqamətdə Agentlik tərəfindən Abşeron rayonunda yerləşən palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturuna gedən avtomobil yolunun tikintisi işləri icra olunaraq yekunlaşdırılıb.
Layihə çərçivəsində 3-cü texniki dərəcəyə uyğun inşa edilən, ümumi uzunluğu 21 kilometr olan yeni yolun torpaq yatağının eni 12 metr, asfalt-beton örtüyünün eni isə 8 metr təşkil edir.
Görülən işlər çərçivəsində yolboyu torpaq yatağı və yol əsası inşa edilib. Suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular təmir olunub, zəruri yerlərdə yenilənib. Daha sonra yola 2 laydan ibarət 7 sm qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi və yol çiyinlərinin tikintisi işləri icra olunub.
Bərabər olaraq hərəkətin normal təşkili üçün yolboyu yol nişanları, siqnal dirəkləri quraşdırılıb. Layihənin sonuncu mərhələsində isə yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılıb.
Qeyd edək ki, paytaxtdan cəmi 20-25 kilometr aralıda palçıq vulkanları yerləşən ərazidə salınması nəzərdə tutulan turizm kompleksinə gediş-gəlişi asanlaşdırmaq məqsədi ilə inşa edilən yol, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən inşa olunub.
YOLUNUZ AÇIQ OLSUN...