"Yol-xeber.az" xəbər verir ki, Respublikanın yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdırılması ilə bağlı uğurlu layihələr hər bir bölgəni, rayonu və kəndi əhatə edir. Bu cür layihələrdən biri Daşkəsən rayonunun Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun yenidən qurulmasıdır.  

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında yenidən qurulan sözügedən yolun uzunluğu 31 km təşkil edir. Yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən bu yolun 11 km hissəsi köhnə, yararsız asfalt, 20 km-lik hissəsi isə torpaq yoldan ibarət idi. Sözsüz ki, bu, vətəndaşların rahat gediş-gəlişinə maneə yaradırdı. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda IV texniki dərəcəyə uyğun 2 hərəkət zolaqlı olmaqla təkmilləşdirilən yolun yenidən qurulması ilə bu problemlər geridə qalacaq.  

Tikinti layihəsinə uyğun hazırda yolboyu torpaq işləri, yol yatağı və yol əsasının inşası aparılır, yolun 4.2 km-lik hissəsində dördbucaqlı su keçidinin tikintisi işləri görülür. 

Artıq yolun əsası hazır olan 5 km-lik hissəsinə 2 qat yeni asfalt-beton örtüyü döşənib. 8 km-lik hissədə isə asfalt örtüyünün alt layının döşənməsi işləri icra olunur.

Sadalanan işlərə paralel olaraq yolun altından suların ötürülməsini təmin etmək məqsədilə zəruri yerlərdə 68 ədəd suötürücü boruların quraşdırılması işləri sona çatdırılıb. 

Layihə çərçivəsində yolun 25-ci kilometrində yerləşən mövcud 2 ədəd bir aşırımlı avtomobil körpülərinin də bərpası nəzərdə tutulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında mövcud tikinti norma və qaydalarına uyğun olaraq, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan tikinti işlərinin sonuncu mərhələsində yol nişanları və məlumatverici lövhələrinsiqnal dirəkləri və dayanacaqların quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq, yolboyu yaşayan vətəndaşıların həyat şəraitinin yaxşılaşmasına, kənd təsərrüfatı inkişafına müsbət təsir edəcək. 

YOLUNUZ AÇIQ OLSUN...

Xəbər lenti