"Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri uğurla davam etdirilir. 

Sözügedən avtomobil yolu 1982-ci ildə inşa edilib. Uzun illər istismar olunduğundan örtük yararsız vəziyyətdə idi. Bu səbəbdən yolun yenidən qurulmasında məqsəd Rusiya Federasiyası ilə sərhəddə yerləşən Samur, Şirvanlı və Xanoba sərhəd keçid məntəqələri ilə nəqliyyat əlaqəsini daha da yaxşılaşdırmaqdır. 

Avtomobil yolunun 4 zolağa genişləndirilməsi məqsədilə “Azəryolelmitətdiqatlayihə” İnstitutu tərəfindən hazırlanmış layihəyə əsasən, yolun ümumi uzunluğu 23.5 km, torpaq yatağının eni 21.6 metr, hərəkət hissəsinin eni 15 metr təşkil edir. 

Aparılan işlər çərçivəsində mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yolun genişləndirilməsi üzrə kommunikasiya xətlərinin köçürülməsi, svayların vurulması həyata keçirilib, yolboyu müxtəlif ölçülü suötürücü boruların tikintisi tamamlanıb.

Texnoloji ardıcıllıqla aparılan tikinti işlərinin növbəti mərhələsində torpaq yatağının və yol əsasının tikintisi işləri həyata keçirilir.

Artıq yol əsası hazır olan 16 km-lik hissədə yeni asfalt-beton örtüyünün alt layı döşənib, hazırda bu hissədə yol çiyinlərinin hamarlanması işləri aparılır.  
Layihə üzrə nəzədə tutulan Xan Arxı və Samur-Abşeron su kanalı üzərində tikilən körpülərin, Samur-Yalama beynəlxalq dəmir yolu xətti üzərində 1 yol ötürücüsünün, həmçinin Xanoba ərazisində yerli yolla kəsişmədə avtomobil tunelinin tikintisi də yekunlaşıb. 

Sözügedən yolda işlər “İnşaat Norma və Qaydaları”na əsasən, texnoloji ardıcıllığa riayət olunmaqla keyfiyyətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazisinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub. 

 

YOLUNUZ AÇIQ OLSUN...

 

 

Xəbər lenti