|
"Yol-xeber.az" xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə və son mərhələ üzrə davam etdirilir.
Avtomobil yolunun uzunluğu 12 kilometrdir. I texniki dərəcəli olacaq bu yol başlanğıcını “Zəfər Yolu”ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir.
Füzuli-Hadrut avtomobil yolu 4 hərəkət zolaqlıdır. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 21.5 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr təşkil edir.
Xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun yeni torpaq yatağının və yol əsasının inşası 8.5 km-lik hissədə yekunlaşıb. Həmin hissəyə asfalt örtüyünün alt layının döşənməsi işləri də icra olunub.
Füzuli-Hadrut avtomobil yolunda torpaq yatağının və yol əsasının inşası ilə yanaşı yolboyu atmosfer suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametlərə malik suötürücü boruların, həmçinin dərə sularının ötürülməsi üçün 1 dördbucaqlı su keçidinin tikintisi də yekunlaşmaq üzrədir.
Yolun 6.7 kilometrində, “Qarğabazarı” adlanan ərazidən keçən hissəsində tikintisi aparılan iki aşırımlı avtomobil körpüsündə hazırda gövdə dayaqlarının inşası icra olunur.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun cari ilin sonunadək yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Qeyd edək ki, Füzuli-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarının ərazisindən keçir.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...