|
"Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi üçün imzaladığı Sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında aparılan tikinti işləri yekunlaşıb. Ətrafda yaşayan, o cümlədən sözügedən kəsişmədən istifadə edən vətəndaşların təhlükəsizliyini təmin etmək üçün dəmiryolu xəttinin altından yeni avtomobil tuneli inşa edilib.
Yeni tunelin qapalı hissəsinin uzunluğu 30 metr olmaqla açıq hissəsinin (yanaşma yollar ilə birgə) ümumi uzunluğu 420 metr təşkil edir. Avtomobil tuneli hər birinin eni 4 metr olan 2 hərəkət zolağından ibarətdir. Yeni tunelin qapalı hissəsinin ümumi eni isə 11 metr təşkil edir.
Tunel boyu hər bir istiqamət üzrə 120 və 150 metr uzunluğunda yan yolların və eni 1.20 metr olmaqla piyada səkilərinin inşası da layihə üzrə həyata keçirilib.
Tuneldaxili yolun eni hər iki istiqamət üzrə 4 metr, yan yolların eni 5-7 metr, hərəkət hissəsinin eni 4-6 metrdir. Layihə üzrə yolların genişləndirilməsi üçün söküntü, tikinti ərazisinə düşən maneələrin və kommunikasiya xətlərinin köçürülməsi, həmçinin svayların vurulması üzrə işlər icra olunub.
Qeyd edək ki, əvvəllər bu ərazidə mövcud olan tunelin müasir standartlara cavab verməməsi, üstəlik ensiz olması hərəkət iştirakçıların rahat və təhlükəsizliyini təmin etmirdi. Köhnə tuneldən yalnız minik maşınları istifadə edə bilirdi, piyadalar üçün səkilər mövcud deyildi. Bu üzdən piyadalar dəmir yolu xətlərinin üzərindən keçməyə məcbur edilər. Bu isə ərazidə təhlükəli vəziyyət yaradırdı. Yeni tunel istifadəyə verildikdən sonra isə qabaritindən asılı olmayaraq burdan bütün avtonəqliyyat vasitələri istifadə edə bilir. Yeni inşa edilən piyada səkiləri vasitəsi ilə isə vətəndaşlar rahat və təhlükəsiz şəkildə dəmir yolu xəttini kəsib keçmədən öz yollarına davam edə bilirlər.
Avtomobil tuneli “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, texnoloji ardıcıllığa riayət olunmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə inşa olunub.
YOLUNUZ AÇIQ OLSUN...