|
Yol-xeber.az" xəbər verir ki, Beyləqan rayonunda Gödəklər-Sarısu-Qəhrəmanlı-Allahyarlı-Bünyadlı avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulması davam edir.
7 yaşayış məntəqəsini əhatə edən 36 km-lik sözügedən avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur. Yolun torpaq yatağının eni 10, hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir.
Uzun müddət istismar nəticəsində deformasiyaya uğramış sözügedən avtomobil yolunun nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yarandığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi.
Layihənin uzunluğu 8 km olan Allahyarlı və 5.2 km uzunluğa malik Sarısu hissələri üzrə aparılan yenidənqurma işləri çərçivəsində örtüyün və yol geyiminin, həmçinin torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Karxana çınqılı materialından torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması işləri görülüb. Bu hissələrdə suvarma və qrunt sularının ötürülməsi üçün suötürücü boruların tikintisi aparılıb, yeni yol əsası inşa olunub, yeni asfalt-beton örtüyü döşənib.
Layihə üzrə uzunluğu 15.6 km olan Qəhrəmanlı hissəsində də yenidənqurma işlərinə start verilib. Hazırda bu ərazidə torpaq işləri icra olunur.
Yolun ümumi uzunluğu 7.2 km təşkil edən Gödəklər-Bünyadlı hissəsində hazırda köhnə örtüyün frezlənməsi işləri aparılır.
“İnşaat Norma və Qaydaları”na əsasən asfaltlanma işləri yekunlaşdıqdan sonra yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə üfüqi nişanlanma xətləri çəkiləcək, yol nişanları, zəruri yerlərdə avtobus dayanacaqları, km göstəriciləri quraşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan yenidənqurma işləri sözsüz ki, təkcə 17 min əhalin yaşadığı yaşayış məntəqələrinə rahat gediş-gəlişin təmin edilməsinə deyil, həm də kənd təsərrüfatının inkişafına şərait yaradacaq.
YOLUNUZ AÇIQ OLSUN...