|
28 May – Müstəqillik Günü ilə əlaqədar verilmiş tətil günlərində Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkət intensivliyinin azalması fürsətindən yararlanaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən küçə və prospektlərdə cari və orta təmir işləri icra olunub.
Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə təmir işləri planlaşdırıldığı kimi, 27-29 may tarixləri arasında qeyri-iş günlərində gücləndirilmiş iş rejimində olmaqla aparılaraq yekunlaşdırılıb.
Təmir işləri Nərimanov rayonu üzrə Azadlıq prospekti (Məmməd Araz küçəsindən Nəcəf Nərimanov küçəsinə qədər), Səbail rayonu üzrə Səməd Vurğun (Salatın Əsgərova küçəsindən Şamil Əzizbəyov küçəsinə qədər) və Mehdi Hüseyn küçələrində, Yasamal rayonu üzrə Şıxəli Qurbanov küçəsi (Füzuli küçəsindən Salatın Əsgərova küçəsinə qədər), Binəqədi rayonunun Biləcəri qəsəbəsində (Tunel üzrə) və Moskva prospektində (Tuneldən 20 Yanvar istiqamətində) aparılıb.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtonəqliyyat vasitələrinin intensiv hərəkəti və təbii amillər nəticəsində respublika avtomobil yollarının, küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işləri qarşıdan gələn istirahət günlərində də davam etdiriləcək.
YOLUNUZ AÇIQ OLSUN...