|
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Hacıqabul rayonunun Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davam etdirilir.
39 km uzunluğa malik Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi üçün əraziyə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub. Aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur.
Layihə çərçivəsində 2 hərəkət zolağından ibarət olacaq yolun eni 10 metrə qədər genişləndirilir, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Yolboyu texnoloji ardıcıllığa uyğun olaraq, yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, yararlı qruntun yayılması və lay-lay kipləşdirilməsi, müəyyən hissələrdə yolun genişləndirilməsi, optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işləri görülüb, yol əsasının tikintisi aparılıb.
Artıq yolun 34 km-lik hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Hazırda yolun digər hissəsinə yeni asfalt-beton örtüyününün döşənməsi işləri davam etdirilir.
Marşrut boyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilib, zəruri olan yerlərdə müxtəlif diametrli yeni dəmir-beton suötürücü borular quraşdırılıb.
Bununla yanaşı layihə çərçivəsində Udullu kəndi ərazisində Pirsaat çayı üzərində yerləşən, artıq istismar müddətini başa vurmuş mövcud metal körpünün əvəzində 3 aşırımlı yeni dəmir-beton körpünün inşası aparılıb.
Sonda yolboyu hərəkətin normal təşkili üçün km göstəricisi, yol nişanı, məlumatverici lövhə və siqnal dirəklərinin, həmçinin yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.
Yolun əsaslı şəkildə yenidən qurulması ilə 8 yaşayış məntəqəsinin 12 mindən artıq əhalisinin təhlükəsiz və maneəsiz hərəkətinə imkan yaranacaq, ən əsası sözügedən ərazidə yük və sərnişin daşıması xeyli asanlaşacaq.
YOLUNUZ AÇIQ OLSUN..