|
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral yolunun İranla dövlət sərhədinədək olan hissəsinin tikintisi yekunlaşmaq üzrədir.
Layihə Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204 –cü kilometrlik hissəsindən başlayaraq 3.05 km-lik hissəsini əhatə edir.
I texniki dərəcəyə uyğun olaraq inşa edilən, eni 26.5 metr, ayrıcı zolağın eni 4 metr, hər birinin eni 3.75 metr olmaqla 4 hərəkət zolaqlı olan yolun çiyinlərinin eni 3.75 m təşkil edir.
İnşaat işləri ərazinin mürəkkəb geoloji şəraiti nəzərə alınmaqla aparılıb. Yeni magistral yolun keçdiyi bəzi ərazilərdə vaxtilə çəltik becərildiyinə görə bataqlıq ərazi hesab olunduğu üçün əvvəlcə bu hissədə 25 sm dərinlikdə bitki qatı çıxarılıb, daha sonra 1 m dərinlikdə qazılıb və dörd mərhələ üzrə ələnmiş çaydaşı tökülərək kipləşdirilib.
Yolboyu 12 yerdə ümumi uzunluğu – 667 p/m təşkil edən dəmir-beton suötürücü qurğuların, mal-qara üçün uzunluğu – 44,7 p/m olan 1 dəmir-beton keçidin, həmçinin uzunluğu 30 metr, eni isə 19,5 metr təşkil edən tunel tipli yolötürücüsünün tikintisi aparılıb.
Ardıcıllığa uyğun olaraq avtomobil yolunun torpaq yatağı, yol əsasının alt və üst laylarının tikintisi yerinə yetirilib və aşınma qatı istisna olmaqla asfalt-beton işləri yekunlaşıb.
Sonuncu mərhələdə aşınma qatının döşənməsi, zəruri yol nişanları və məlumatverici lövhələrin quraşdırılması, həmçinin normal hərəkətin təşkili üçün yolcizqi və yolgöstərici xətlərin çəkilişi işləri icra olunacaq.
Yeni magistral yolun sözügedən hissəsi İran İslam Respublikası ilə dövlət sərhədində tikilən yeni avtomobil körpüsünə birləşir.
Sözügedən 3 aşırımlı körpüdə inşaat işləri yekunlaşsa da, hazırda suyun körpünün dayaqlarına ziyan vurmaması üçün körpü requlyasiyalarının inşası davam etdirilr.
Yeni körpünün uzunluğu 97,5 metr, eni isə 30,6 metr təşkil edir. 4 hərəkət zolaqlı körpüdə əlavə olaraq ehtiyat hərəkət üçün daha 2 zolaq yaradılıb, həmçinin hər birinin eni 2,5 metr olan 2 piyada keçidi tikilib.
Qeyd edək ki, İran tərəfindən körpüyə yanaşma yolunun inşası davam etdirilir.
"İnşaat Norma və Qaydaları"na əsasən birbaşa Agentliyin rəhbərliyinin nəzarəti altında aparılan yolun və körpünün tikintisi Şimal-Cənub nəqliyyat dəhlizi üzrə qonşu ölkəyə, o cümlədən əks istiqamətdə gedən avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin edəcək. Bundan başqa avtonəqliyyat vasitələrinin Astara şəhər mərkəzinə daxil olmadan hərəkətini təmin edəcək ki, bu da həm əhalinin, həm də yoldan istifadə edən sürücülərin rahatlığı və təhlükəsizliyi baxımından önəmlidir.
YOLUNUZ AÇIQ OLSUN...