Azərbaycanda hər il sürüşən yol birdəfəlik təmir ediləcək - FOTO
Muğanlı-İsmayıllı yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir

Dövlət başçısının direktiv göstərişinə əsasən, Muğanlı-İsmayıllı avtomobil yolunun yenidən qurulması və ya yeni trassasının müəyyənləşdirilməsi məqsədi ilə ilkin layihə planının hazırlanması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir sıra işlər görülür. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Yol-xeber.az-a bildirilib ki, bu işlər çərçivəsində yerli layihəçilərlə birlikdə ilkin layihə variantlarının hazırlanması, mükəmməl layihə planlaşdırılmasının həyata keçirilməsi üçün analoji ərazilərdə yol, körpü, tunel, mühəndisi qurğuların layihələndirilməsi təcrübəsinə malik olan Avstriyadan dəvət olunmuş “Ste.p ZT GmbH” mühəndislik bürosunun nümayəndələri ilə Agentlikdə işgüzar görüş keçirilmiş, müzakirələr aparılıb.

Mövcud Muğanlı-İsmayıllı avtomobil yolunun yenidən qurulması və ya yeni trassasının müəyyənləşdirilməsi məqsədi ilə ilkin layihə planının variantlarının işlənməsi məqsədi ilə geoloji və geotexniki tədqiqatların (yolun keçəcəyi güzərgahın müəyyənləşdirilməsi, ərazinin geoloji şəraitinin və dinamikasının öyrənilməsi üçün sondaj quyularının qazılması və s.) aparılmasına qərar verilib. 

Muğanlı-İsmayıllı avtomobil yolu paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yoldur. Mürəkkəb relyef şəraitində tektonik hərəkətlərin baş verdiyi 9 ballıq aktiv seysmik zonada yerləşən, atmosfer sularının təsirindən sürüşməyə meylli gillicə qruntlarının üstünlük təşkil etdiyi dağ yamaclarından keçən mövcud yolda vaxtaşırı torpaq sürüşmələri baş verir. Hər il uzunluğu 40 km olan bu yolu sürüşmələrdən qorumaq üçün təmir-tikinti işləri aparılmasına, yol uçqunlarının təmizlənməsi və həmin hissələrin yenidən bərpası, qabion divarlarının inşası və s.tədbirlərə baxmayaraq, bu avtomobil yolu demək olar ki, hər il öz fəaliyyətini qısa və ya uzun müddətli fasilələrlə dayandırmalı olur.

 

Qeyd edək ki, “Ste.p ZT GmbH” mühəndislik bürosu Avstriyanın ən məşhur və ən böyük tikinti-mühəndislik şirkətlərindən biridir. Mülki mühəndislik və bina tikintisi, tunel, nəqliyyat infrastrukturu və planlanması, yol mühəndisliyi, geologiya və geotexnika mühəndisliyi, istismar və təhlükəsizlik texnologiyası və s. kimi mühəndisliyin bütün sahələri üzrə ən yüksək səviyyədə xidmətlər təklif edir.

70 illik təcrübəyə əsaslanmaqla hər hansı bir layihənin reallaşdırılması üçün tələb olunan bütün layihə-planlaşdırma xidmətlərinin həyata keçirilməsi üçün geniş imkanlara malikdir. Şirkətin əməkdaşları tərəfindən müştəri ilə birlikdə spesifikasiyalara və dizayn ideyalarına əsasən texnologiya, xərc və vaxt baxımından optimallaşdırılmış tikinti layihəsi fərdi olaraq hazırlanır, həmçinin ilkin layihələrin hazırlanması və ya planlaşdırması, tender üçün layihə cizgilərinin və layihə sənədlərinin tərtib olunması, işçi cizgilərin hazırlanması, optimal variantın seçilməsi və s. mühəndislik xidmətləri göstərilir.

 

Xəbər lenti