|
Ötən gün Bakı-Salyan yolunun Bibiheybət məscidinin yaxınlığındakı yolda baş verən sürüşmə ilə əlaqədar olaraq araşdırmalar davam etdirilir. Yol-xeber.az xəbər verir ki, bu barədə "Report"un çəkiliş qrupu həmin ərazidə olub və reportaj hazırlayıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi “Report”a açıqlama verib.
Qeyd edək ki, noyabrın 24-ü axşam saatlarında paytaxtın Bibiheybət ərazisində sürüşmə baş verib. Sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən paytaxt istiqamətinə yeni yolda hərəkət dayandırılıb. Hadisə nəticəsində yolun asfalt qatı dağılıb. Uçqunun 80-100 metr ərazini əhatə etdiyi bildirilib. Sürüşmə baş verən ərazinin yaxınlığında küçədə hərəkətsiz vəziyyətdə olan "Mercedes" markalı avtomobil uçqunun altında qalıb.
Sürüşmədən sonra hadisə yerinə gələn Baş Nazir Əli Əsədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, Fövqəladə Hallar nazirinin birinci müavini Rafael Mirzəyev və digər şəxslər əraziyə baxış keçiriblər.