![]() |
|
Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür.
Qəsəbənin düşməndən təmizlənməsindən üç il ötür.
Belə ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib.
Qəsəbənin azad olunması xəbərini Azərbaycan xalqına Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev çatdırıb.
Həmin gün Hadrut qəsəbəsi ilə yanaşı, Tərtərin Çaylı, Füzulinin Yuxarı Güzlək, Gorazıllı, Cəbrayılın Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Xocavəndin Sur kəndləri də düşmən işğalından azad olunub.
Qəsəbənin və ətraf kəndlərin işğaldan azad olunması əməliyyatına Hadrut döyüşləri də deyilir. Bu döyüşlər Birinci Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə aparılan əməliyyatdır.
Belə ki, döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərində cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə - Hadruta yönəlib. Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyatlardan biri olub. Çünki Azərbaycan Ordusu məhz Hadrutun azad olunmasından sonra Şuşaya doğru istiqamət alıb. Ona görə də Şuşanın azad olunmasında Hadrut döyüşlərinin çox böyük rolu olub. Çünki düşmən Azərbaycan hərbçilərini Şuşada başqa istiqamətdən gözləyirdi.
Beləliklə, oktyabrın 7-dən etibarən ağır döyüşlər başlayıb və ayın 9-da Azərbaycan Ordusu qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına alıb. Bununla da qəsəbə və qeyd olunan kəndlər düşmən tapdağından azad olunub.
Bundan sonra Hadrut döyüşlərində uğursuzluğa dözə bilməyən düşmən yalan məlumatlar yaymağa başlayıb. Ermənistan rəhbərliyi, bu ölkənin rəsmi şəxsləri və düşmən dəyirmanına su tökən bəzi xarici jurnalistlər Hadrutun guya ermənilərin nəzarətində olduğu barədə dezinformasiyalar yayıblar.
2021-ci ilin martın 16-da Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını qaldırıb və çıxış edib. Ali Baş Komandan çıxışında Hadrutun işğaldan necə azad olunduğunu açıqlayıb.
Dövlət başçısı bildirib ki, Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olub: “İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi”.
Hadrut düşmən işğalından azad olunduqdan sonra bərpa-quruculuq işlərinə başlanılıb və bütün infrastruktur bərpa edilir. Artıq Hadrutda Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyətə başlayıb. Sağlamlıq mərkəzinin binası əsaslı təmirdən sonra istifadəyə verilib və 6 min vətəndaşa xidmət göstərilməsi nəzərdə tutulub. Müəssisə bütün zəruri tibbi avadanlıqlar və vasitələrlə təmin edilib. Bundan əlavə, ASM-də 24 saat ərzində təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib və reonomobil ambulansla tam təchiz olunub.
Xatırladaq ki, bu ilin mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hadrut qəsəbəsinə səfər ediblər. Səfər zamanı Prezident və birinci xanım Hadrutda 360 şagird yerlik məktəb binasının bərpa layihəsi ilə tanış olublar.
Elə həmin gün dövlət başçısı və xanımı Hadrut qəsəbəsində salınacaq ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak ediblər. İlk yaşayış məhəlləsi 28 fərdi evdən ibarət olacaq. Tikiləcək evlərin ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olması nəzərdə tutulur. Mənzillərin sahəsi 70-120 kvadratmetr təşkil edəcək.
Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edəcək.
Bu barədə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Azərbaycana səfəriylə bağlı açıqlamasında deyib. Nazir, keçmişdə baş vermiş bəzi anlaşılmazlıqlara toxunub.
O qeyd edib ki, Azərbaycan səfirliyinin tez bir zamanda fəaliyyətini bərpası üçün İran tərəfi xahiş edib və Azərbaycan da bu istiqamətdə qısa müddətdə addımların atılacağına söz verib./APA
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Serbiya Respublikasının Milli Assambleyasının sədri Vladimir Orliç ilə görüşüb.
Nazirlikdən verilən xəbərə görə, görüşdə, Azərbaycan və Serbiya arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə regionda mövcud vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov, Azərbaycan və Serbiya arasında müxtəlif sahələr üzrə ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyinin inkişafında qarşılıqlı təmasların və səfərlərin, xüsusilə iki ölkənin liderləri arasında mövcud siyasi dialoqun əhəmiyyətini məmnunluqla qeyd edib. Serbiyanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsində, habelə post-münaqişə dövründə hər zaman ölkəmizin suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini xatırlayan nazir Ceyhun Bayramov, beynəlxalq hüququn bu vacib prinsiplərinə münasibətdə ikili standartların tətbiqinin qəbuledilməz olduğunu vurğulayıb.
Qarşı tərəf, post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesi, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində göstərilən səylər barədə ətraflı məlumatlandırılıb.
Ərazilərimizdə işğal dövründən qalma, beynəlxalq hüquqa zidd olaraq mövcudluğunu davam etdirən erməni silahlı qüvvələrin növbəti təxribatlarına cavab olaraq başlayan anti-terror tədbirlərindən bəhs edən nazir Ceyhun Bayramov, həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağ bölgəsində mövcud qanunsuz hərbiləşmənin miqyasının bir daha hər kəs üçün aydın olduğunu diqqətə çatdırıb.
Bölgədə sülh və təhlükəsizliyə hədə olan bu real təhdidin aradan qaldırılmasına baxmayaraq, bugün bir sıra ölkələrin müxtəlif vasitələrlə öz daxili siyasi gündəliklərini regiona proyeksiya etmək üçün olduqca təhlükəli addımlar atdığını qeyd edib.
Mövcud çağırışlara baxmayaraq, ölkəmizin bu kimi cəhdlərin qarşısının alınması, habelə sülh və reinteqrasiya prosesinin irəlilədilməsi əzmində olduğu bildirilib.
Milli Assambleyanın sədri Vladimir Orliç, Azərbaycan səfərindən, habelə səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilməsindən məmnunluq duyduğunu, habelə bu kimi səfərlərin ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin müxtəlif səviyyələrdə, o cümlədən parlamentlərarası səviyyədə inkişafına töhfə verəcəyinə dair inamını ifadə edib. Bölgədəki vəziyyət və mənzərənin əslində tam aydın olmasına baxmayaraq, beynəlxalq hüquqa və mövcud reallıqlara zidd olaraq bir sıra ölkələr tərəfindən ortaya qoyulan ziddiyyətli mövqelərin təəssüf doğurduğu diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
APA
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti arasında 2023-2024-cü illər üçün Tədbirlər Planı üzrə fəaliyyətlər uğurla davam etdirilir.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Tədbirlər çərçivəsində 04-06 oktyabr tarixlərində Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti rəhbərinin müavini – Sahil Mühafizəsi Departamentinin rəisi vitse-admiral R.Tolokun rəhbərliyi ilə “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisi Bakı limanına dostluq səfəri edib.
Səfər zamanı Rusiya nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının sərhəd mühafizə qurumları arasında aidiyyəti istiqamətlər, o cümlədən Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, bioloji resursların qorunması, qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində əməkdaşlığın uğurla inkişaf etməsi qeyd olunub, qarşılıqlı əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Oktyabrın 6-da Rusiya Federasiyasının “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisinin və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmi və katerlərinin iştirakı ilə Xəzər dənizində qanunsuz fəaliyyətin aşkarlanması, şərti hədəfin təqib edilməsi və saxlanılması, eləcə də məlumat mübadiləsinin aparılması qaydalarının dəqiqləşdirilməsi həyata keçirilib.
Səfər müddətində “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan və Rusiya Sahil Mühafizəsi nümayəndələri arasında futbol üzrə yoldaşlıq görüşü keçirilib, tərəflərin sərhəd gözətçi gəmiləri qarşılıqlı qaydada ziyarət edilib.
Qonaqlar mədəni tədbirlər çərçivəsində “Heydər Əliyev Mərkəzi”ndə olub, həmçinin Bakı şəhərinin mədəni-tarixi abidələri ilə tanış ediliblər.
Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.
Oktyabrın 13-14-də Şuşada TÜRKSOY-un Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası keçiriləcək.
Bu barədə məlumatı “Report”un Ankara bürosuna açıqlamasında TÜRKSOY baş katibinin müavini Sait Yusuf bildirib.
S.Yusufun sözlərinə görə, toplantıda 6 qurucu ölkənin - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistanın mədəniyyət nazirləri iştirak edəcəklər. Ənənəvi olaraq iclasda TÜRKSOY-un fəaliyyəti müzakirə ediləcək, 2024-cü il üçün planlar açıqlanacaq, qərarlar qəbul olunacaq.
TÜRKSOY rəsmisi bağlanış tədbirində qəbul ediləcək bəzi qərarları da diqqətə çatdırıb:
“2024-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” estafeti Şuşadan Türkmənistanın Anev şəhərinə keçəcək. Hər ölkənin həmin il üçün anım ili olaraq elan etdiyi tarixi şəxsiyyətlərlə bağlı təqdim etdikləri tarixi proqram da Şuraya təqdim olunacaq”.
Azərbaycanın TÜRKSOY-dakı fəaliyyətinə də toxunan Sait Yusuf ölkəmizin üzv dövlətlər arasında ən aktiv olduğunu bildirib:
“Azərbaycan təşkilata hər zaman böyük dəstək verib və verməkdə də davam edir”.
Kremldə Rusiya sülhməramlı qüvvələrini tezliklə Azərbaycan ərazilərindən çıxartmaq məcburiyyətinin yaranacağını tam dəqiqliyi ilə anlayırlar... Ancaq Kreml bu məcburi addımı atarkən, bütün məsuliyyəti məhz Paşinyan hakimiyyətinin üzərinə yıxmaq niyyətindədir...
Rusiyanın Ermənistandan intiqam alacağı şübhə doğurmurdu. Kreml istənilən halda, rəsmi İrəvanın Rusiyaya xəyanətinin əvəzini çıxacaqdı. Ona görə də, Rusiyanın son hadisələr zamanı vərdişli olmadığı neytrallığa üstünlük verməsi əslində, təəccüblü deyil. Və bu, Paşinyan hakimiyyətinin israrlı Rusiya əleyhinə siyasi kursunun real nəticələri kimi qəbul edilə bilər.
Məsələ ondadır ki, uzun müddətdən bəri Rusiya və Ermənistan arasında kəskin ziddiyyətlər yaşanırdı. Rəsmi İrəvan Ermənistanın bütün uğursuzluqlarını məhz Rusiya ilə bağlayırdı. Yəni, Paşinyan hakimiyyəti Ermənistanın hərbi-siyasi və diplomatik iflasının günahını Rusiyanın üzərinə yükləməyə çalışırdı. Və bununla da, Ermənistan cəmiyyətini Rusiyadan uzaqlaşmaq kursunun nəticələrinə hazırlamağa cəhd göstərirdi.
Təbii ki, Paşinyan hakimiyyəti bütün bu müddət ərzində Ermənistan cəmiyyətində Rusiyaya qarşı "nifrət toxumu səpməyə" nail olub. Artıq Ermənistanda Rusiyaya əvvəlki kimi güvənmirlər, etibar etmirlər. İndi Ermənistan cəmiyyəti də rəsmi İrəvanın hərbi-siyasi müttəfiq axtarışları ilə barışıb. Və bu, Rusiyanın Ermənistanı itirmək üzrə olduğunu göstərir.
Ancaq Ermənistanın əsas problemi nəinki həll edilməyib, əksinə, daha da dərinləşib. Rəsmi İrəvan Ermənistan üçün yeni və daha effektiv müdafiə sistemi qurmağa nail olmayıb. Əksinə, Ermənistan indi əvvəlkindən qat-qat zəif və müdafiəsiz ölkədir. Hər halda, erməni siyasi-ideoloji düşüncə prinsipləri yekun nəticədən çox-çox uzaqdır. Və Paşinyan hakimiyyətinin böyük ümidlər bəslədiyi Qərb Ermənistanı müdafiə edə bilmir, hətta bəzi hallarda, buna heç həvəs də göstərmir.
Əslində, belə situasiya Rusiyanın maraqlarına tamamilə cavab verir. Çünki Kreml hazırda Ermənistanın Rusiyanın himayəsi olmadan nə qədər aciz bir dövlət olduğunu nümayiş etdirmək imkanlarına malikdir. Elə Rusiyanın son hadisələr zamanı kənarda dayanaraq, müəmmalı neytrallığa üstünlük verməsində əsas məqsəd də məhz bundan ibarət idi. Və indi Kreml hər imkanda "Ermənistan Rusiyasız mövcud ola bilməz" tezisini qabartdır, rəsmi İrəvanın Qərbə yaxınlaşma siyasəti ilə ilk növbədə "erməni toplumu"na xəyanət etdiyini sübuta yetirməyə çalışır.
Rusiya prezidenti Vladimir Putinin son açıqlamalarında da Kremlin Paşinyan hakimiyyətinə qarşı kəskin ittihamları açıq-aşkar nəzərə çarpır. Kreml sahibi bir tərəfdən Azərbaycan ordusunun lokal antiterror tədbirlərindən sonra yaranmış vəziyyəti tam dəqiqliyi ilə ifadə edib. Digər tərəfdən isə baş verənlərin əsas günahkarı kimi birbaşa Paşinyan hakimiyyətini nişan verib.
Məsələ ondadır ki, Kreml sahibi Ermənistanın Qarabağı Azərbaycanın ərazisi kimi rəsmən tanıdığını xatırladıb. Belə vəziyyətdə Rusiyanın baş verənlərə müdaxilə şansının qalmadığını vurğulayıb. Onun fikrincə, 30 il ərzində davam edən münaqişədə Qarabağın statusu əsas müzakirə mövzusu hesab olunurdu: "Amma Ermənistanın özü onu Azərbaycanın bir hissəsi kimi tanıdı".
Kreml sahibi Paşinyan hakimiyyətinin Rusiyaya qarşı ittihamlarını çox böyük ustalıqla Qərbə doğru istiqamətləndirib. Belə ki, prezidenti Vladimir Putin baş nazir Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığı Praqa Bəyannaməsini məhz Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun birbaşa vasitəçiliyi ilə imzaladığını xatırladıb: "Məhz həmin Praqa Bəyannaməsinə imza atmaqla, Ermənistan Qarabağın Azərbaycana məxsus olduğunu təsdiqləyib. Bununla da bütün mübahisəli məqamlar de-fakto və de-yure öz həllini tapıb. İndi nə Şarl Mişelin, nə də Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyanı ittiham etmək haqqı yoxdur".
Kreml sahibi, 44 günlük savaşdan sonra "Dağlıq Qarabağ beynəlxalq hüquqa görə, Azərbaycanın ayrılmaz tərkib hissəsidir" deməklə, Ermənistan cəmiyyətini şoka salmışdı. Prezident Vladimir Putin bu dəfə də erməni toplumunun barışmaq istəmədiyi həqiqəti açıq mətnlə bəyan edib: "Qarabağ Azərbaycanın tərkibinə rəsmən keçib. Müasir Ermənistan dövlətinin mövqeyi belədir. Biz daha nə etməliydik ki...”
Rusiya prezidenti bundan sonra baş verəcək prosesləri də açıq şəkildə anons edib. O, bildirib ki, rəsmi Bakının Xankəndi və ətraf bölgədə Azərbaycan Konstitusiyasına uyğun idarəçilik sistemi yaratması üçün o qədər də uzun müddət lazım gəlməyəcək. Onun fikrincə, bu, həm hüquqi, həm də qaçılmaz xarakter daşıyır. Yəni, Kremldə Azərbaycanın Qarabağ üzərindəki suveren hüquqlarını artıq tanıyırlar. Və prezident Vladimir Putin bu açıqlaması ilə erməni toplumunun son baş verənlərlə barışmaqdan başqa çıxış yolunun qalmadığını anlatmağa çalışır.
Ancaq burada əsas məqam ondan ibarətdir ki, Kreml bir tərəfdən Azərbaycanın artıq öz hədəflərinə çatdığını qabardır. Qarabağın Ermənistan üçün həmişəlik itiriləcəyini rəsmən elan edir. Digər tərəfdən isə Ermənistan cəmiyyətinə əsas günahkarın da məhz Paşinyan hakimiyyəti olduğu barədə birbaşa mesaj ötürür. Və Kreml sahibinin belə paralel geopolitik oyunu indiki situasiyada rəsmi İrəvan üçün ölkədaxili etiraz dalğasını stimullaşdıra biləcək bir gedişdir.
Təbii ki, Rusiya Ermənistanı cəzalandırmaqda davam edəcək. Böyük ehtimalla Kreml yaxın vaxtlarda Rusiya sülhməramlı qüvvələrini Azərbaycan ərazilərindən çıxartmaq məcburiyyətində qalacağını tam dəqiqliyi ilə anlayır. Üstəlik, bu barədə müzakirələrə açıq olduğunu sezdirməklə, hazırlıq prosesinə başladığını da biruzə verir. Əsas hədəf kimi isə Kreml rus sülhməramlıların Azərbaycan ərazisindən çıxarılmasına görə bütün məsuliyyəti məhz Paşinyan hakimiyyətinin üzərinə qoymaq niyyətindədir. Yəni, Kreml İrəvanı əslində, rus sülhməramlılar üzərindən "vurmağa" hazırlaşır. (Yeni Müsavat)
“Bako Saakyan, Arkadi Qukasyan, David İşxanyan və Araik Artunyunyanın həbs olunması ilə haqq-ədalət yerini tapdı. Belə də olmalı idi”. Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Cebhe.info-ya açıqlamasında bildirib. O qeyd edib ki, proses çox çətin idi:
“Hətta hələ də beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər müqavimət göstərirlər. Amma Azərbaycan illərdir qurduğu işlərin nəticəsini görür və heç kimin danışmağa sözü yoxdur. Nə ABŞ, nə Rusiya, nə də Avropa Azərbaycana qarşı iradə ortaya qoya bilir. Onlar ölkəmizə qarşı mənfi rəy formalaşdırmağa çalışsalar da, buna nail ola bilmədilər.
Ancaq ölkəmiz məntiqlə və tam olaraq hüquqa uyğun hərəkət etdi. Azərbaycan istər siyasi, istər hüquqi, istərsə də hərbi cəhətdən üstün olduğunu göstərdi. Ona görə də qarşı tərəf hazırda çabalayır və vəziyyətdən çıxa bilmir. Yəqin ki, həbs etdiyimiz separatçılar da başa düşürlər ki, heç kim onlara kömək edə bilməz. Düşünürəm ki, çox uğurlu proses gedir və cinayətkarlar öz cəzalarını alırlar”.
Partiya sədri bildirib ki, saxlanılan cinayətkarlara ən ağır cəzalar verilməlidir:
“Hesab edirəm ki, onların hər biri ömürlük həbs cəzası almalıdır. Hazırda ölkəmizdə ictimai rəydə onlarla bağlı ölüm cəzasının bərpa olunması ilə bağlı fikir də var. Çünki onlar üçün ölümdən başqa cəza yoxdur. Hətta istisna hal kimi də onlara ölüm cəzası tətbiq oluna bilər. Nəzərə almaq lazımdır ki, onlar Azərbaycan xalqına qarşı kütləvi qırğınlar və cinayətlər törədiblər.
Həmin cinayətkarlar qanunsuz silahlı dəstələr yaradıb, Azərbaycana qarşı təbliğat aparıblar, diversiya işləri görüblər, dinc əhaliyə və hərbçilərə qarşı olmazın cinayətlərini törədiblər. Ona görə də onlara ən ağır cəzalar verilməlidir. Azərbaycan heç nədən çəkinmədən bütün cinayətkarların cəzasını verməlidir. Məsələn, Arkadi Qukasyan elə bir dövrdə (1997-2007) hakimiyyətdə oldu ki, Azərbaycana qarşı ən qəddar hərəkətlər törətdi. 2007-ci ildən 2020-ci ilə qədər ən iddialı çıxışlar zamanı isə Bako Saakyan Azərbaycana qarşı az qala özünü “imperator” elan edirdi. Hətta ölkəmizə qarşı çox böyük cinayətlərdə iştirak edirdi. 2020-ci ildə Araik gəldikdən sonra isə elə bildi ki, hər şey həll olundu. Elə ona görə də Araik öz sözündən tələyə düşdü.
O, Gəncəyə atılan raketlərin atılması əmrini “fəxrlə” etiraf edirdi. İndi də buna görə cavab verməlidir. Bəzi cinayət halları var ki, onları artıq özləri etiraf ediblər. Hətta Sarkisyan və Köçəryanın da bənzər etirafları olub. Bu səbəbdən də onlar da həbs edilməlidir. Düşünürəm ki, onların zamanında etdiyi etiraflardan da istifadə ediləcək. Həmçinin, sənədlərlə, faktlarla, şahidlərlə sübut olunan cinayətlər onların qarşısına qoyulmalıdır”.
Akif Nağı növbəti həbs olunacaq separatçıların kim olacağı barədə də təxminlər irəli sürüb:
“Xocalı soyqırımına birbaşa cavabdeh olan şəxslərdən olan Samvel Babayan da hara getməsindən asılı olmayaraq, Bakıya gətirilməlidir. Həmçinin, Vitali Balasanyan da heç yerə qaça bilməz. Onun Azərbaycana qarşı çox cinayətləri var. Eyni zamanda, Balasanyan Namiq Qasımovun xüsusi işgəncələrlə öldürülməsində iştirak edib. Buna görə də cavab verməlidir. Habelə Seyran Ohanyan da saxlanılaraq, Bakıya gətirilməlidir. O da Qarabağdakı qondarma hərbi birləşmələrə rəhbərlik edib. Onlarla yanaşı, Serj Sarkisyan və Robert Köçəryan da mütləq şəkildə Azərbaycana gətirilərək, həbs olunmalıdırlar”.
Rusiya Müdafiə Nazirliyinin (MN) nümayəndə heyəti Rusiya sülhməramlı kontingentinin Qarabağdan getməsinin konkret vaxtı müzakirə etmək üçün bu gün İrəvana səfər edəcək.
Bu barədə TASS məlumat yayıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan Rusiya nümayəndə heyətinin İrəvana səfəri ilə bağlı məlumatı təkzib edib.
“Ermənistan Müdafiə Nazirliyində bu yaxınlarda mətbuatın yazdığı Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin səfəri ilə bağlı hər hansı məlumat yoxdur və Müdafiə Nazirliyində belə bir görüşün keçirilməsi nəzərdə tutulmur”.
Avropa İttifaqı daha çox Bakıdan asılıdır və “Makron və rəzil Ermənistan naminə” Bakıya qarşı sanksiyalardan söhbət gedə bilməz.
Bu sözləri politoloq Zərdüşt Əlizadə deyib.
“Biz Aİ-dən nə dərəcədə asılıyıq? Bizə pul verirlər? Onlar bizdən asılıdır, biz onlardan yox. Hakimiyyətlərimiz Avropada bizim haqqımızda nə düşündükləri ilə maraqlanmır. Hansı sanksiyalar? Bizdən neft almayacaqlar? Başqalarına satarıq. Rusiya satmır? Biz də satacağıq. Biz nefti daha çox İsrailə satırıq. O, Avropanın sanksiyaları ilə maraqlanmır. Biz qazımızı əsasən İtaliyaya, Yunanıstana, Macarıstana, Bolqarıstana satırıq, bu ölkələr Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini müdafiə edəcəklərmi? Bu Makronun onların planlarına mane olmasına razılaşacaqlarmı? İtaliyanın baş naziri Giorgio Meloni Makron haqqında nə dediyini görmüsünüzmü? Makronun onun yanında yarım qəpiklik hörməti yoxdur”, - o rusdilli minval. az-a açıqlamasında bildirib.
Politoloq söyləyib ki, Aİ-də sanksiyalarla bağlı qərarlar konsensus əsasında qəbul edilir: “Macarıstan, İtaliya və başqaları Azərbaycana qarşı sanksiyalara icazə verəcəkmi? Aİ-nin yarısının Azərbaycanla strateji sazişləri var. Azərbaycana qarşı sanksiyaların tətbiqinə icazə verəcəklərmi? Nə üçün? Makron və mənfur Ermənistan naminə? Xeyr, bu, qeyri-realdır. Əgər biz kreditlərdə Aİ-dən asılı olsaydıq, onda onların bizə təzyiq etmək üçün çoxlu səbəbləri olardı, lakin onların kreditlərinə ehtiyacımız yoxdur”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.