|
Çinin Hərbi Dəniz Qüvvələrini modernləşdirmək səyləri öz bəhrəsini verib.
Pekin artıq Sakit okeanda ABŞ-a bərabər rəqibdir.
Axar.az xəbər verir ki, bu iddia ilə “Nyu York Tayms” qəzeti çıxış edib.
“Hərbi Dəniz Qüvvələrini və raket sistemini modernləşdirməyə yönələn proqramlar Sakit okeanda qüvvələr balansını dəyişib. ABŞ və onun müttəfiqləri bunu yeni-yeni dərk etməyə başlayırlar. Çin müəyyən silahların dizaynında bir qədər geri qalsa da, ABŞ-a Cənubi-Çin dənizində tam meydan oxumaq gücünə sahibdir. Bu o deməkdir ki, İkinci Dünya müharibəsindən bu yana ABŞ-ın sahiblik etdiyi Sakit okeanın bu hövzəsi yeni mübahisəli ərazi olacaq.
Bu bölgədə üstünlük qazanmaq üçün Pekinə ABŞ-a qalib gələcək əsgərlər gərək deyil. Çin sadəcə olaraq bu regiona ABŞ hərbçilərinin gəlişini daha bahalı edəcək. Əksər ekspertlər Pekinin bu hədəfinə artıq çatdığını iddia edirlər.
Pekin bunun üçün A2/AD konsepsiyası hazırlayıb. Üstəlik, yeni radarlar, peyklər və raketlərdən istifadə etməklə onlar ABŞ təyyarədaşıyan gəmilərinin üstünlüyünü neytrallaşdırmaq istəyirlər. Çin sürətlə Hərbi Dəniz Qüvvələrini genişləndirir ki, xarici sularda öz maraqlarını qoruya bilsin”, – deyə qəzet iddia edib.
“Nyu York Tayms”a açıqlama verən amerikalı admiral Filip Devidson Çinin artıq ABŞ-a bərabər rəqib olduğunu deyib:
“Çin Vaşinqtona gəmi əleyhinə raketlər yaratmaq və sualtı müharibələr aparmaqla müqavimət göstərir. Heç kim zəmanət verə bilməz ki, ABŞ Çinlə gələcək konfliktdən qalib çıxacaq”.